Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Təzadlar” qəzetinin 16.09.2025-ci il tarixli sayında dərc olunmuş “Hövsan yolunda tikinti müəmması: Park, yoxsa yaşayış binaları?” adlı məqalə ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən redaksiyamıza rəsmi cavab məktubu daxil olub. Məktubun mətnini olduğu kimi təqdim edirik:
Sizin “Təzadlar” qəzetinin 16.09.2025-ci il tarixli sayında dərc olunmuş “Hövsan yolunda tikinti müəmması: Park, yoxsa yaşayış binaları?” adlı yazı ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ünvanlanmış 3-53/1-5711/2025 nömrəli müraciətinizə aidiyyəti üzrə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsində (daxil olma 22.09.2025-ci il tarixli 3-53-3/1-16780/2025) baxılmışdır.
Məlumat üçün bildiririk ki, illər ərzində ətraf ərazidən axıdılan çirkab suları və neft tullantıları ilə çirklənmiş Zığ gölünün təmizlənməsi və abadlaşdırılması işlərinə başlanılmışdır. Gölün ekoloji bərpası, tullantı sularının gölə axıdılmasının qarşısının alınması və sistemli şəkildə kənarlaşdırılması məqsədi ilə ilkin mərhələdə yeraltı nasos stansiyası inşa edilməkdədir. Hazırda qeyd olunan məqsədlərlə sözügedən ərazidə inşa edilən yeraltı nasos stansiyası tullantı sularının Hövsan qəsəbəsindən Zığ gölü istiqamətində tikiləcək kanalizasiya kollektoruna ötürülməsi üçün nəzərdə tutulur. Bu istiqamətdə tikinti-quraşdırma işləri davamlı olaraq plan üzrə aparılır.
Məqalədə qeyd olunan digər məsələlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xidmət sahəsinə aid deyil.
Məlumatı nəzərə almağınız xahiş olunur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
İdarə Heyətinin sədr müavini: Cabbar Cabbarlı
Təqdim etdi: Elşad FƏRMANOĞLU