28 Fevral 2025 / 11:13

Azərbaycan dövlətinin adından qərar qəbul edən 628 hakim!- ONLAR KİMLƏRDİR?

Azərbaycanda hər il hakimlərin sayı artırılır… Amma bununla yanaşı, məhkəmələrdə baxılan işlərin də sayı durmadan artır. Ona görə də hakimlər bəzən işi oxumadan iclasa gəlirlər. “Təzadlar”ın baş redaktoru Asif Mərzili bu barədə danışdı: “…Tənqidi jurnalistikanın yolu bəzən məhkəmələrdən düşür deyə, bunun şahidiyik ki, hakimlər bəzi hallarda iş ilə məhkəmə zalında tanış olub iddiaçı və ya şikayətçidən bəzi detalları soruşurlar. Məsələn, bu yaxınlarda Bakı İnzibati Məhkəmədə “Təzadlar”ın Dövlət İmtahan Mərkəzinə qarşı sorğunun cavablandırılmamasına görə şikayətinə baxılırdı. Hakim iş il tanış deyildi, ona görə də məhkəmə zalında məndən, sonra cavabdehin nümayəndəsindən bəzi detallara aydınlıq gətirirdi… Elə buna görə də iş materialları ilə yaxından tanış olmayan hakim Orxan Həsənov hazırlıq iclasında iddianın mümkünsüzlüyü barədə qərardad qəbul etdi… Hakim, sadəcə, elektron məhkəmə informasiya bazasına təqdim etdiyim, iş üçün vacib əhəmiyyət daşıyan mötəbər sübutlardan xəbərsiz idi…”.

Asif Mərzili bildirdi ki, hakimlərin sayının artırılmasına zərurət isə məhkəmələrə edilən şikayətlərin sayının çoxluğu ilə bağlıdır. Məsələn, sadə bir məntiq var ki, əgər məhkəmələrə edilən şikayətlər hər il çoxalırsa, bu o deməkdir ölkəmizdə fiziki və ya hüquqi şəxslərin qanunla qorunmalı olan hüquqlarının pozulması halları hər il çoxalmaqdadır. “…Aidiyyəti dövlət qrumları bu pozuntuların qarşısını almağa səfərbər olarsa, heç hakimlərimizin sayının bu qədər artırılmasına da ehtiyac qalmaz… Bilirsiz ki, dövlət büdcəsindən hakimlərə ən yüksək maaş, digər status və imtiyazlar verilir, bu da Dövlətə əlavə-izafi yükdür…”.

***

Xatırladaq ki, Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir. Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda bu barədə deyib. Təkcə ötən qısa bir vaxtda 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb. Sitat: “Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə – 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir”.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!