Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, qlobal təhlükəsizlik məsələlərindən danışarkən ilk növbədə qonşu ölkələrlə münasibətlərin gücləndirilməsi əsas prioritet olmalıdır. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Nazir bu fikirləri “Gürcüstanın Birinci Kanalı”nda səsləndirib. Sitat: “Qonşularla münasibətlər bizim üçün əsas prioritetdir. Gürcüstanın Azərbaycan, Ermənistan və Türkiyə ilə strateji tərəfdaşlığı mövcuddur və bu ölkələrlə münasibətlər bizim üçün çox dəyərlidir”.
Nazirin sözlərinə görə, Tbilisi Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlikləri arasında ilk üçtərəfli görüşə ev sahibliyi edib. Nazir bildirib ki, bu formatda və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi üçün Gürcüstan hazırdır: “Biz regionun təhlükəsizliyi üçün vacib məsələləri müzakirə etməyə davam edirik və bu prosesdə fəal iştirak edirik. Türkiyə ilə münasibətlər də bizim üçün böyük əhəmiyyət daşıyır. Türkiyə regionun əsas oyunçularından biridir və Gürcüstan üçün vacib tərəfdaşdır,” – deyə Boçorişvili əlavə edib. Nazir qeyd edib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirib. Bu, dostluq və xoş qonşuluq münasibətlərinin yalnız iştirakçı ölkələr üçün deyil, daha geniş region üçün də faydalı olduğunu göstərir.
Boçorişvili deyib ki, bu daha geniş regiona Mərkəzi Asiya və Avropa ölkələri də daxildir və Gürcüstan bu istiqamətdə əlaqələri gücləndirməyə davam edəcək. Bu il ərzində Mərkəzi Asiya ölkələrinə bir neçə səfər həyata keçirilib: “Tezliklə Tbilisi İpək Yolu Forumuna ev sahibliyi edəcək. Bu beynəlxalq konfransda Gürcüstanın regiondakı rolu və beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar bir daha müzakirə olunacaq”.