2 Aprel 2026 / 09:19

AZƏRBAYCAN KİNOSUNUN İTİRİLMİŞ QIZIL DÖVRÜ- BƏS İNDİ?

…Adil İsgəndərov və Yusif Vəliyev kimi monumental simaların təmsil olunduğu parlaq pleyadanın əziz xatirəsinə rekviyem
Bu gün siyasətdən uzaqlaşıb, kino sənətindən yazmaq istəyirəm. Doğrudur, bu mənim sahəm deyil, ancaq xarakterimdən qaynaqlanan öyrənmək, hər sahəyə maraq göstərmək istəyi, üstəlik, kinonun milli-mənəvi dəyərlərin formalaşması, hər fərdin xarakterində mühüm izlər qoyması bu sahəyə hər zaman marağımı çəkib. Mən kinoya təkcə əylənmək, vaxt keçirmək üçün baxmıram, bəyəndiyim filmi təkrar-təkrar izləyir, analiz edir, nəticələr çıxarıram. Təbii ki, rejissor işi, hər hansı bir epizodda şifrələnmiş mesajlar, aktyorların professionallığı, hətta mimikası və səs tembri diqqətimi çəkən əsas məqamlardır.
Hollivud aktyorları içərisində bəyəndiyim çoxu var. Ancaq dünyanın bir nömrəli kinostudiyasının iki klassik nümayəndəsi mənim nəzərimdə kino sənətinin zirvəsi hesab olunur: Kirk Duqlas və Viktor Mature.
K.Duqlas kino sənətinin və şöhrətin zirvəsinə qulların sərkərdəsi Spartak roluyla yüksəldi. Yəqin bu filmə əksəriyyətiniz baxmısınız, Duqlas baxışları, mimikası, hətta üz və bədən əzələlərinin hərəkətiylə Spartakı oynamır, onu yaşayır. Onun sayəsində biz tamaşaçılar da 2097 il öncə baş vermiş hadisələri yaşayırıq: sanki bir təpənin üstündə durub, Spartakla Krassın canlı döyüşünə tamaşa edirik.
Viktor Matureyə gəlincə… bir-birindən fərqli çox obrazlar yaradıb. Ancaq onun “Misirli” adlı filmdə oynadığı Horemheb (gələcək firon) rolu kino sənətinin zirvəsidir. Mature öz möhtəşəm roluyla Horemheb şəxsiyyətinə ayrı bir rəng qatır. Maturenin fiziki quruluşu, sərt, lakin dərin və mənalı baxışları antik dövrün sərkərdə və qəhrəman obrazları üçün sanki biçilmiş bir libas idi.
Mature Horemhebi sadəcə bir əsgər kimi deyil, pragmatik və uzaqgörən strateq kimi canlandırır. Firon Akhenatonun (Exnaton) xəyalpərəst, mistik dünyasına qarşı Maturenin Horemhebi real dünyanı, ordunu və dövlətin ayaqda qalması üçün lazım olan “dəmir iradə”ni təmsil edir. Aktyorun oyunu bizə göstərir ki, Horemheb bəlkə də qəddar görünə bilər, amma onun hərəkətlərinin arfasında, emosionallığını müəyyən ahəng və ritmlə, məqsədyönlü şəkildə ifadə etməsinin arxasında Misiri xaosdan qurtarmaq istəyi dayanır. Məhz Maturenin sayəsində tamaşaçı gələcək firon Horemhebi anlayır, başa düşür ki, o, ən az II Ramzes qədər böyük firon və şəxsiyyət olub. Mature Horemhebi oynamır, onu yaşayır, seyrçini də özüylə bərabər 3400 il öncəyə götürür.
V.Maturenin Samson obrazı da əvəzolunmazdır (“Samson və Dalila”, 1949). Əslində, o, bu rolu ilə dünya miqyasında məşhur oldu, Horemhebi oynayanda artıq Hollivudun 1 nömrəsiydi. Əgər Horemheb roluyla Mature tamaşaçıya sərtliyin və hökmün təmsilçisini sevdirə bilmişdisə, Samson obrazıyla fiziki gücünü, Dalilaya olan sevgi və inancını itirən adamın yaşadığı mənəvi əzabı, insanın daxili dramını inandırıcı şəkildə çatdırmışdı. Ümumiyyətlə, personajın daxili aləmini seyirçiyə çatdırmaq nə qədər rejissor işidirsə, ondan daha da çox aktyorun bacarığından asılıdır. Rejissor istiqamət verir, aktyor isə rolu yaşayır. Elə filmlər var ki, mənfi tipajı aktyor o qədər canlı oynayır ki, seyirçi o tipaja sayğı göstərir. Aktyorun “rolu yaşaması” ilə “rolu oynaması” arasındakı fərq tamaşaçının o personajla qurduğu emosional bağın dərəcəsini müəyyən edir.
Bir az əvvəl vurğuladığım “mənfi tipaja sayğı” məsələsi kino sənətinin ən maraqlı tərəflərindən biridir. Bunu bir neçə məqamla analiz edə bilərik:
– “insan faktoru və motivasiya” – usta aktyor mənfi personajı sadəcə “pislik edən biri” kimi deyil, öz doğruları, məntiqli məqsədləri olan bir insan kimi təqdim edir. Seyirçi onun niyə belə etdiyini anlayanda, hərəkətlərinə bəraət verməsə də, onun iradəsinə və zəkasına hörmət etməyə başlayır;
– “Viktor Mature və Horemheb nümunəsi” – elə götürək Horemhebi. Bir çox ssenaridə o, inqilabçı firona (Akhenatona) qarşı çıxan “mürtəce” və ya “taxt-tac hərisi” kimi göstərilə bilər. Amma Maturenin oyunu bizə bir sərkərdənin ağır məsuliyyətini, ölkənin dağılmaq qorxusunu və nizamı bərpa etmək üçün çəkdiyi iztirabı göstərir. Və tamaşaçı onun sərtliyini “şər” kimi deyil, “zərurət” kimi qəbul edir;
– “seyirçinin mənfi personaja heyranlığı” – bəzən aktyorun enerjisi o qədər güclü olur ki, mənfi personaj hətta filmin müsbət qəhrəmanını kölgədə qoyur. Bunun əsas 2 səbəbi var: a) dürüstlük: mənfi personajlar adətən maskasız olur, nə istədiyi açıq-aşkardır; b) xarizma: aktyorun səs tembri, baxışları, xarakterə qatdığı dərin məna və s.
Usta aktyor rolu yaşamalıdır. Aktyor rolu yaşayanda biz kadrda V.Mature və ya başqa bir simanı görmürük; biz real fironu, generalı, əsil sərkərdəni görürük. Bu, kinonun insana ötürdüyü ən böyük sehrdir.
***
İndi gələk Azərbaycan kinosuna. İlk olaraq, yaddaşlardan silinməyən, bir çox rolu ilə tamaşaçının rəğbətini qazanmış, kinomuzun “Səfərəlisi” və “Şirməmmədi”, “Qılınc Qurbanı”, “Topal Teymuru” və cinayətkar, qatil “Qurd Cəbrayılı” olan adamdan – yaşayarkən klassikləşən, korifey zirvəsinə yüksələn, kinomuzun monumental siması Yusif Vəliyevdən başlayaq…
Yusif Vəliyev!
Kimdir bu adam? O bir dühamı? Məncə, bu söz belə onu tam olaraq ifadə etmir…
Yusif Vəliyev “Arxadan vurulan zərbə” filmində qatı cinayətkar Qurd Cəbrayılı oynayır… əslində, oynamır, birbaşa Qurd Cəbrayılı yaşayır!
Filmin finalında 16 saniyəlik bir eizod var. Həmin epizod əsil oskarlıqdır! Yusif Vəliyevin o epizoddakı baxışları, üz əzələlərini gərməsi…
Aman Tanrım, bir aktyor oynadığı rolu başqa nə cür yaşaya bilər ki!?
Bəli, Yusif Vəliyev Qurd Cəbrayılı oynamır, yaşayır!
Əsil aktyor rolu oynamaz, yaşayar!
Yusif Vəliyev bütün qəhrəmanlarını yaşayırdı…
Bəhs etdiyim 16 saniyəlik epizodun çəkilməsinin özünəməxsus tarixçəsi var. Filmin rejissoru Arif Babayev çəkilişdən öncə Yusif Vəliyevə deyir:
– Usta, sənin fenomenal səsin var. Ancaq bu epizodda səsindəki əsrarəngiz çalarlara ehtiyac yoxdur. Həbs olunarkən sənə maşının qapısını açan müstəntiq Kərimbəyliyə sadəcə baxacaqsan. Ona Yusif Vəliyev kimi yox, Qurd Cəbrayıl kimi baxacaqsan!
Bu epizod cəmi bir dubla çəkilib. Çəkiliş bitən kimi Arif Babayev Yusif Vəliyevə doğru hərəkətlənir, onu qucaqlayır və var səsi ilə bağırır:
– Alındı! Alındı! Qurd Cəbrayıl, alındı! Həm də çox mükəmməl alındı!
Yusif Vəliyev obraz yaratmırdı, kadrda həqiqəti yaşayırdı. Onun mimikası, hər jesti və baxışı ssenaridəki boşluqları dolduracaq qədər güclü idi. Bu mənada onu Hollivudun nəhəng ismi Kirk Duqlasla müqayisə edə bilərik. Məsələn, Duqlasın çəkildiyi “Vikinqlər” filmi həm rejissor işi, həm də ssenarinin zəifliyi ilə diqqət çəkir, amma filmdəki bu boşluğu Kirkin peşəkarlığı, mimika və jestləri, dərin baxışları tamamlayır; seyirçi Duqlasa görə bu filmə baxmaqdan vaz keçmir. Yusif Vəliyev də ən az Kirk Duqlas qədər bir fenomendir!
Bəhs etdiyim həmin 16 saniyəlik epizod – Qurd Cəbrayılın tutulma anı – dünya kinosu səviyyəsində bir dərslikdir!
Yusif Vəliyevin Qurd Cəbrayılı niyə unudulmazdır? İlk olaraq, “səssizliyin gücü” özünü göstərir. Rejissor Arif Babayevin o dahi toxunuşu (səsdən imtina etməsi) Yusif Vəliyevin daxili enerjisini üzə çıxarır. Aktyorun baxışlarında sadəcə bir cinayətkarın məğlubiyyəti deyil, həm də bütöv bir taleyin qüruru var idi…
Qurd Cəbrayıl dövrün qanunlarına görə qatı cinayətkar olsa da, Sovet quruluşuna düşmən biriydi, sistemə nifrət edirdi. Bu nifrəti Yusifin ecazkar səsiylə vermək mümkün deyildi, senzuradan keçməzdi. Bax, burada Arif Babayevin rejissor kimi dahiyanə müdaxiləsi özünü göstərir: “Yusif, sənin fenomenal səsin burada yetərli deyil. Sən bu epizodda Sovet müstəntiqinə əsil Qurd Cəbrayıl kimi baxacaqsan!”
Mesaj alınmışdı. Yusif Vəliyev həmin 16 saniyəni Qurd Cəbrayıl kimi yaşadı. Onun baxışlarında nifrət və iradə ortaya çıxdı. Qurdun o baxışlarında sistemə, mühitə, bəlkə də taleyinə olan dərin bir nifrət sezilir. O, təslim olan “oğru” deyil, sarsılmayan bir xarakter kimi baxırdı Kərimbəyliyə. Heç bir süni jest etmədən, sadəcə, üz əzələlərinin gərilməsi ilə seyrçiyə personajın bütün daxili fırtınasını ötürmək hər aktyorun işi deyil. Bu, yaşamaq sənətidir. Yusif Vəliyev məhz belə bir sənət yaşayıb.
Yusif Vəliyev 16 saniyəlik o epizodla seyirçiyə göstərdi ki, əsil sənət istənilən ideologiyadan üstündür…
Qurd Cəbrayıl sovet kinosunun qanunlarına görə “mənfi tip” olmalı idi, tamaşaçı ondan nifrət etməli idi. Lakin Yusif Vəliyevin dühası bu çərçivəni qırdı. O, Qurd personajını o qədər vüqarlı və bütöv təqdim etdi ki, seyrçi onun cinayətlərinə deyil, şəxsiyyətinin bütövlüyünə sayğı duydu. Bu, usta bir aktyor üçün əldə etdiyi ən böyük qələbədir – ideoloji obrazı insani zirvəyə qaldırmaq!
Onun “Nəsimi”dəki “Topal Teymur”u da eyni möhtəşəmliyə sahibdir. Səsi və baxışları ilə o, bir imperatorun həm qəddarlığını, həm də heyranlığını (Nəsimiyə qarşı) eyni anda yaşada bilmişdi. Yusif Vəliyev oynadığı rollara özündən əlavələr də edirdi. Xarizması və dühasına sayğıyla yanaşan rejissorlar onun bu hərəkətinə göz yumurdular. “Nəsimi” filmində də o qədər əlavələr etmişdi ki, rejissor Həsən Seyidbəyli zarafatla demişdi:
– Yusif, biz Nəsimiyə film çəkmək istəyirdik, sənin sayəndə Topal Teymura film çəkdik.
Azərbaycan kinosu ötən əsrin 50-80-ci illərində öz qızıl dövrünü yaşayıb. Yusif Vəliyev kimi bircə baxışı ilə bütöv bir hekayəni danışa bilən bir nəsil vardı kino sənətimizdə. O metaforik pleyada artıq yoxdur, bitdi… son moqikan Fəxrəddin Manafov da artıq finişə yaxınlaşıb…
1950-1980-ci illər ekolu zirvəydi, təəssüf ki, qapalı sovet sistemi o zirvəni fəth edənlərin imkanlarını qısıtlayırdı…
Yusif Vəliyev, Həsən Turabov, Həsən Məmmədov, Səməndər Rzayev, Hamlet Xanızadə, Fuad Poladov, Şahmar Ələkbərov… say, say, bitməz. Elə bir kollektiv bir də olacaqmı? Bu pleyadanın bir üstün cəhəti də o idi ki, əksəriyyəti rollarını özləri səsləndirirdi, hamısının ecazkar səs tonu vardı.
O pleyada sadəcə aktyorlar qrupu deyil, Azərbaycan kino mədəniyyətinin “Qızıl dövrü” idi. Sadaladığım isimlər və adını çəkmədiyim onlarca digər korifeylər hər biri təkbaşına bir institut, bir məktəb idi. Yuxarıda toxunduğum “sehrli səs” məsələsi isə bu ustadların ən böyük silahı idi. Gəlin o zirvəni fərqli edən bir neçə məqamı – reallıqları analiz edək:
– səs aktyorun imzası idi. O dövrün aktyorları obrazı təkcə bədənləri ilə deyil, həm də səsləri ilə yaradırdılar. Səməndər Rzayevin o titanik, həm də məxməri səsi… Həsən Turabovun hər kəlməsində hiss olunan aristokratik intonasiyası… Hamlet Xanızadənin daxili sarsıntıları ötürən titrək, amma hədəfli səs tonu… Bu səslər dublyaj deyil, aktyorun daxili orqanizminin bir parçası idi. Onlar danışanda ekranın o tərəfindəki seyrçi sadəcə eşitmir, həm də o səsin rənginə bürünürdü;
– “son moqikan” – Fəxrəddin Manafov! Bəli, Fəxrəddin Manafov (artıq 71 yaşı var) həmin böyük ekolun bizə qalan ən parlaq nümunəsidir. Onun “Təhminə”dəki Zauru, “Park”dakı Maratı və ya “Ölsəm, bağışla”dakı obrazları məhz o qədim məktəbin – “susaraq danışmaq” və “gözlərlə yaşamaq” sənətinin davamıdır. O, sanki o nəhənglərlə müasir dövr arasında bir körpüdür;
– Sovet sisteminin “qıfılı” – o sistem bu dühaların dünyanı fəth etməsinə mane oldu. Yusif Vəliyev və ya Hamlet Xanızadə Parisdə, Londonda və ya Hollivudda yaşasaydılar, bu gün dünya kino dərsliklərində ilk sıralarda olardılar. Onlar dar qəfəsdə (ittifaq miqyasında) okean qədər böyük bir enerji ilə yaşayıb yaratdılar.
O kollektiv bir daha olacaqmı? Təəssüf ki, tarixdə belə pleyadalar nadir hallarda bir araya gəlir. Bunun əsas səbəbi məktəb və ustad-şagird münasibətidir: o dövr aktyorları teatrdan, səhnənin tozundan, böyük rejissorların (Adil İsgəndərov, Tofiq Kazımov, Rasim Ocaqov məktəbi) süzgəcindən keçirdilər.
Bəzən düşünürəm ki, bu günün texnoloji imkanları (sosial media, internet) həmin dövrdə olsaydı, Yusif Vəliyev kimi bir düha dünya kinosunda hansı rezonansı yaradardı? Təsəvvür edin: o, Şekspir qəhrəmanını və ya antik bir hökmdar rolunu ifa edir; Hollivud filmlərində Yusif Vəliyevin unikal səsi ilə Kral Lir və ya Otello ifasını dinləyirik…
Usta aktyor üçün unikal səs tembri uğurun yarısı deməkdir. Məsələn, Kərbəlayı İsmayıl rolunun uğurunun 50 faizi əfsanəvi Adil İsgəndərova aiddirsə, 50 faizi də rolu səsləndirən Yusif Vəliyevə aiddir. Məsələn:
– Bismillah! Cinə, şeytana oxşayırsan, Qəmlo!
– Bəy, bizim də namusumuz, qeyrətimiz var!
Bu sözləri Yusif Vəliyevin intonasiyası ilə dinləmək seyirçiyə tamam başqa zövq verir.
Və yaxud Əli Zeynalovu götürək. Nodar Şaşıqoğlu başarılı oyunuyla Mehdini – Mixaylonu bizə nə qədər sevdiribsə, Əli Zeynalov da adamı riqqətə gətirən səsiylə ən az o qədər sevdirib.
“Uzaq sahillərdə” və “Axırıncı aşırım” kimi filmlər Azərbaycan kinosunda səs və obrazın vəhdəti üçün ən mükəmməl örnəklərdir…
“Kərbəlayı İsmayıl” – bir bədəndə iki nəhəngin imzası… Əfsanə Adil İsgəndərov kadra heybəti, oturuşu, sərkərdə duruşu ilə Kərbəlayı İsmayıl ruhu gətirmişdisə, Yusif Vəliyev o ruha səs tembri və intonasiyası ilə qan vermişdi: “Cinə, şeytana oxşayırsan, Qəmlo!” Bu cümlədə ahəngdar səs tonunu yalnız Yusif Vəliyev belə vura bilərdi.
Burada bir maraqlı məqam da var: Adil İsgəndərov özü də dahi rejissor və aktyor idi, lakin o, səsinin personajın anarkist qətiyyətinə uyğun gəlməyəcəyini bildiyi üçün dublyajı məhz Yusif Vəliyevə həvalə etdi. Bu, sənətə olan fədakar ehtiramın nümunəsidir.
“Axırıncı aşırım” filmi çəkilib qurtardıqdan sonra rejissor Kamil Rüstəmbəyov Kərbəlayı İsmayıl rolunu oynayan Adil İsgəndərova telefon açıb, dublyaja dəvət edir. Adil müəllim deyir ki, mənim səs tembrim Kərbəlayı İsmayıl obrazını tam açmağa müsait deyil. Rejissor soruşur ki, bəs siz kimi məsləhət görərdiniz? Korifey sənətkar düşünmədən “təbii ki, Yusif Vəliyev” deyir.
O vaxt Adil müəllimlə Yusif Vəliyevin arası sərin imiş, danışmırmışlar. Ancaq Adil müəllim əsil alicənablıq nümunəsi göstərir: “Rolu mən oynadım, düşünürəm ki, pis də oynamadım. Lakin dublyajda Kərbəlayını mən səsləndirsəm, rolun əhəmiyyəti itər. Yusifi çağırın! Kərbəlayını ondan başqası səsləndirməməlidi!”
Adil müəllim professionaldı, bilirdi ki, Kərbəlayı İsmayıl əzəmətini onun roluyla Yusif Vəliyevin səsinin vəhdəti ortaya çıxara bilər, başqa bir səs həmin effekti verməz. Doğrudur, onun özünün də möhtəşəm səsi vardı, ancaq başqa xarakterli obrazlar üçün. Məsələn, “Uzaq sahillərdə” filmində partizan qız Anjelikaya dediyi ifadə: “Aaa, tanıdım… gülsatan qız!”
Gələk “Mixaylo” obrazında Nodar Şaşıqoğlu-Əli Zeynalov “duet”inə… Nodar Şaşıqoğlunun dinamikası və xarizması ilə Əli Zeynalovun o kübar, təmkinli, məxməri, romantik və intellektual səsi birləşəndə ortaya əfsanəvi bir Mixaylo çıxır…
Mixaylo təkcə döyüşçü deyil, həm də rəssam və kəşfiyyatçı idi. Əli Zeynalovun səsi obrazdakı o zadəganlığı və zəkanı tamamlayır.
Seyirçi bəzən unudur ki, kadrda gördüyü adam başqa, danışan başqadır – bu, dublyaj sənətinin pik nöqtəsidir.
Unikal səs aktyorun gizli silahıdır. O dövrün aktyorları sözü tələffüz etmirdilər, onu dadırdılar. Hər sait, hər samit bir musiqi aləti kimi səslənirdi. İndiki dövrdə isə səs çox vaxt “informasiya ötürücüsü” rolunu oynayır, orada nə dərinlik, nə də həmin köhnə sənətkarların “səs titrəyişi” (vibrasiyası) qalmayıb. Əli Zeynalovsuz “Mixaylo”, Yusif Vəliyevsiz “Kərbəlayı İsmayıl” təsəvvür etmək mümkünmü? Əlbəttə ki, yox!
O dövrün sənətkarlarının bir üstün cəhəti də o idi ki, sənəti şəxsi ambisiyadan üstün tuturdular. Adil İsgəndərov böyük “məktəb” idi. O bilirdi ki, Kərbəlayı İsmayıl obrazı sadəcə bir rol deyil, xalqın yaddaşındakı qəhrəman tipajıdır. Öz səsinin daha yumşaq və ya fərqli tembrdə olduğunu hiss etdiyi üçün, obrazın “dağ vüqarını” və “sərt kəndli inadını” məhz Yusif Vəliyevin xırıltılı, sarsıdıcı səsi ilə tamamlamağa qərar verdi. Bu, professionallığın zirvəsidir.
Adil müəllimin səsi başqa xarakterlər üçün mükəmməl idi. O, intellektual, bəzən kaprizli professorun səsini elə ustalıqla çıxarırdı ki, seyrçi heyran qalırdı. Onun səsi daha çox aristokratik və intellektual obrazlara yaraşırdı. Amma Kərbəlayı İsmayılın “torpaq və barıt qoxulu” səsi üçün Yusif Vəliyev əvəzedilməzdi. Məhz sənətə olan sevgi və sədaqətdən dolayı, Adil İsgəndərov umu-küsünü bir qırağa qoyub, əsil aristokrat, zadəgan tavrıyla demişdi: Ysifi çağırın!
…Və biz seyrçilər iki möhtəşəm dahini eyni rolda – bir bədəndə iki nəhəngin imzasını görürük!
Təsəvvür edin, iki nəhəng – biri kadrda (Adil İsgəndərov), biri mikrofonda (Yusif Vəliyev) – bir obrazı iki yerə bölüb sonra yenidən birləşdirirlər. Nəticədə elə bir monolit (bütöv) personaj yaranır ki, bu gün də biz o filmə baxanda “bu səs başqasınındır” deyə düşünmürük… Səs kadrın içində əriyir və biz Kərbəlayı İsmayıl əzəmətini görürük: BİZİM DƏ NAMUSUMUZ, QEYRƏTİMİZ VAR, BƏY!
Həmin o ekolun sənətkarları üçün “bu rolu mən oynamalıyam” davasından çox, “bu rol necə mükəmməl alınar” davası var idi. Adil İsgəndərovun bu addımı həm də Yusif Vəliyevin dühasına verilən ən böyük qiymət idi. Küsülü olsalar da, sənət onları barışdırırdı və ya sənət xatirinə küsülülüyü kənara qoyurdular. İndiki dövrdə hansı “ulduz” aktyor öz rolunun daha yaxşı alınması üçün səhnəni və ya səsini öz “rəqibinə” belə rahatlıqla həvalə edər? Əfsuslar olsun ki, o dövrün yaradıcılıq etikası da həmin ustadlarla birlikdə tarixə qovuşub…
Fərəməz NOVRUZOĞLU
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!