9 İyul 2025 / 13:47

«Azərbaycan» nəşriyyatının qarşısında jurnalistlər cərimələrlə sınağa çəkilir!

…Yenidən bu mövzuya qayıtmalı oldum. Məsələ ondadır ki, Mətbuat prospektində -«Azərbaycan» nəşriyyatının qarşısında az qala hər gün jurnalistlər cərimə cəzası ilə sınağa çəkilir. Səbəb ondadır ki, Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsində yol nişanının uyğunsuzluğu, daha dəqiq desəm, çaşdırıcılığı və məntiqsizliyi buna gətirib çıxarır. Belə ki, iş yerindən çıxan jurnalistlər Mətbuat prospektində daim tıxac olduğundan, çətinliklə də olsa, sağa-məşhur Yasamal qəbristanlığına tərəf istiqamətlənirlər. Qarşıda hamını işıqfor qarşılayır. Yol tıxacdır. Diqqət edin: Şərifzadədən (ATV tərəfdən) gələn avtomobillərin hamısı işıqforun qırmızı işığında dayanır, bu zaman işıqfor 3 zolaqlı yolun hərəkət istiqamətini göstərir: sağdan 1-ci zolaqdakılar sağa (Şərifzadə küçəsinə-ATV-yə tərəf) və düzünə gedə bilər, ortadakı 2-ci zolaqdakılar düzünə gedə bilər, soldakı 3-cü zolaqdakılar isə yalnız sola getməlidir!

Bax, tələ də burdadır. Belə ki, 3 zolaqlı və daim tıxaclı bu yolla hərəkət edənlər (20 yanvar dairəsindən və Ziya Bünyadov istiqamətindən gələn avtomobillər kalonla gəlir, burun-buruna olur) Badamdar istiqamətinə və rayonlara buradan gedirlər. Ona görə də daim tıxaclı olan bu yolda köməkçi yollardan çıxanlar çətinliklə əsas yola düzəlirlər. Amma məlum qurumların başbilənləri soldakı 3-cü zolağı yalnız sola getmə ilə nişangahlayıb. Niyə? Axı, Şərifzadədən gələnlər üçün qırmızı işıqdır, hamı dayanıb, heç bir hərəkət iştirakçısına (nə piyadaya, nə də avtomobillərə) maneçilik yoxdur. Niyə bu zolaqda olanlar həm də düz hərəkət etməsinlər? Axı müşahidə aparılsa, məlum olar ki, bu zolaqla sola-Apellyasiya Məhkəməsi istiqamətinə tək-tük maşın gedir, bəzən isə bu zolaq bomboş olur. Çünki solda onları 3 əolaqlı yolu daraltmış AYNA-nın süni tıxacı gözləyir. Ona görə də bu istiqamətə gedən olmur, hamı özünü sağdakı 2-ci zolağa pərçimləyir, bəziləri isə yol nişanının məntiqsizliyini görüb (Şərifzadədən gələnlərə qırmızı işıq olsa da) yolu düzünə getməyə məcbur olur. Nəticədə, dərhal 40 manat cərimə başının üstündədir!

Patamdarda və Lökbatanda yaşayan jurnalistlər isə daim bu risqi yaşayırlar.

***

Bu gün paytaxtın bəzi küsələrində monitorinq apardım. Məsələn, birtərəfli 28 may küçəsində (Dəmiryol İdarəsinin qarşısında) soldakı zolaqda həm sola, həm də düzünə hərəkətə icazə var.

Yenə də 28 may küçəsi ilə Azadlıq prospektinin kəsişməsində həm sola, həm də düzünə hərəkətə icazə verilir.

Başqa bir nümunə: Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində (sağda-«Sahil» metrostansiyası istiqamətindən gələnlər üçün qırmızı işıq yanır) həm sola, həm də düzünə hərəkətə icazə var (neçə il əvvəl burda, ancaq sola hərəkətə icazə verilirdi, düzünə gedərək Z.Əliyevanın barelyefinə gül qoymaq istəyənləri isə 027 motoskletin inspektoru cərimə yazırdı, mən şikayət verdim, ləğv etdirdim).

Daha bir nümunə: Z.Əliyeva küçəsi ilə Rəşid Behbudov küçəsinində (mərkəz istiqamətində) sağa-R.Behbudov küşəsinə hərəkət zamanı həm sağa, həm də düzünə hərəkətə icazə vardır… Çünki solda işıqforun hərəkəti qadağan edən qırmızı işığı yanır, R.Behbudov istiqamətinə gedənlər dayanmış vəziyyətdədir!

***

Belə misallar çoxdur. Amma belə başa düşürəm ki, bəzi cavabdehlər o yollara belə nişan məntiqsizliyini tətbiq edirlər ki, orada güclü tıxac olur, sürücülərin çaşması, yaxud məcburiyyəti   labüd olur və cərimələmə üçün münbit şərait yaranır.

Ötən dəfə bu mövzuya toxunmuşdum. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevdən xahiş etmişdim ki, tədbir görülsün, Mətbuat prospektindəki bu yol nişanı uyğunsuzluğu aradan qaldırılsın. Tədbir görülməyib. Məcburam bu dəfə Baş DYP İdarəsinin rəisi cənab Ramiz Zeynalova müraciət göndərim.

İnanaq ki, Azərbaycan vətəndaşı olan, Bakıda tıxacla imtahana çəkilən sürücülər və jurnalistlər süni cərimələrlə sınağa çəkilməyəcəklər…

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!