Məncə, normadan artıq yağan (?) yağışların təsirindən deyil ki, ölkəmizdə Elektron Məhkəmə Sistemində problemlər yaşanır. Əmlak üzrə ekspert, vəkil Əkrəm Həsənov sosial media hesabında bu məsəıəyə ciddi reaksiya verərək yazır: “Bir həftədir ki, çökmüş Elektron Məhkəmə Sistemi vasitəsilə kassasiya şikayətini göndərə bilmirəm. Müddəti də ötürmüşəm, nəticədə, Məhkəmə-Hüquq Şurasına yazılı müraciətim də cavabsız qalıb. Deməli, 3 gün ərzində şikayəti sistemə yükləyə bilmirdim: sistem məni vəkil kimi qəbul etmirdi. Sonra nəhayət, şikayəti yüklədim, amma göndərə bilmirdim: sistem deyirdi ki, sorğum icra olunmadı. Bu gündən isə nə Asan imza, nə də SİMA ilə sistemə heç daxil ola bilmirəm. Məhkəmə-Hüquq Şurasının qaynar xəttinə zəng etmişəm dəfələrlə. Dedilər ki, guya sistem artıq işləyir (necə işləyir ki, heç bildirişlər gəlmir sistemdən? Distant giriş imkanı verdim, özləri gördü ki, heç daxil ola bilmirəm. İndi düşünürəm ki, ya Məhkəmə-Hüquq Şurasının öz sistemindən xəbəri yoxdur, ya da məni sistemdən kənar qoyublar. Hər bir halda yəqin ki, sistem işləyən kimi keçirdiyim iztirablar və vaxt itkisi nəticəsində mənə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldıracağam! Bəli, bəli, səndən yar, sənə yar, şikayətim var…
P.S. İndidən deyirəm: normadan artıq yağışın yağmasına istinad edə bilməyəcəklər, çünki yağış daha əvvəl olmuşdu. Trampın İranın enerji sistemini bombalamasına da istinad edə bilməyəcəklər, çünki birisigün bombalayacaq. Odur ki, fors-major zad yoxdur…”.
Doğrudan, Elektron Məhkəmə Sistemində nə baş verir? Problem nə vaxt aradan qaldırılacaq?
“Təzadlar”