Qərb mənbələri yazır ki, Səudiyyə Ərəbistanı Vəhhabi və Sələfi inancının yayılması üçün son 50 ildə on milyardlarla dollar xərcləyib. İndi isə hər il bu xərclər ciddi şəkildə artır. Son bir neçə ildə bu xərclər 6 milyard dolları aşıb. Özü də yerli iş adamları da özfəaliyyət formasında bu işə ciddi paralar xərcləyirlər…
Belə bir məşhur deyim də var ki, hər bir sələfi vəhhabidir, ancaq hər vəhhabi sələfi deyil. Mahiyyətdə vəhhabilik sələfiliyin ən radikal formasıdır…
Bəs nədən son 50 ildə Səudiyyə Ərəbistanı bu işləri görür? Çünki 50 il əvvələ kimi Səudiyyə dünyanın ən kasıb ölkələrindən biri idi.
Məsələn, dünyaca məşhur “
time.com” saytında gedən məqalələrin birində belə deyilir:
“Müstəqim Əzmi 1953-cü ildə ilk dəfə həcc ziyarətinə görə dəniz üzərindən Hindistandan Ciddəyə yorucu səyahət etmişdi. Şəhərə daxil olanda o, özünü kasıb bir ölkəyə enən varlı adam kimi hiss etmişdi. Bədəvilər ziyarətə gələn müsəlman qardaşlarını qarşılamaq və sərnişinlərin onlar üçün saxladıqları bayat çörəyi havada tutmaq üçün limanlara axışırdılar. “Onlar çox ac idilər” deyə Əzmi xatırlayır. Lakin OPEK-in yaradılması və 1973-cü il Ərəb-İsrail müharibəsindən sonra neft qiymətlərinin qalxması ilə Səudiyyə Ərəbistanı dünyanın ən varlı ölkələrindən birinə çevrildi. İndi ÜmumHindistan Ulama Şurasının baş katibi olan Azmi deyir: “Bu gün biz yoxsullarıq”. “Səudiyyə Ərəbistanının köməyinə ehtiyacı olan bizik”…
Mətləbə keçmək üçün bir az uzaqdan başlamalı oldum. Mustafası budur ki, Səudiyyə Ərəbistanının Vəhhabiliyin yayılması üçün səpələdiyi pullar Azərbaycanda da öz işini görüb. Artıq Azərbaycanda ciddi qüvvəyə çevrilmiş vəhhabi camaatı var. Hər ötən il onların sayı və sanbalı artır.
Düşünün ki, dədə-babadan şiə olanlar Səudiyyənin səpələdiyi pullardan pay almaq üçün şiəliyə arxa çevirirlər. Belə bir aqibət yaşayanlar arasında Azərbaycanın siyasi elitasının ən təpəsində olan oğru məmurların övladları da yer alır. Məsələn, Bakı Şəhəri İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov oğlu Azərbaycanda bərkgedən vəhhabilərdən biri kimi tanınırdı. İş o yerə çatmışdı ki, İsrafil Abutalıbov adını dəyişərək Abu Bəkr Abutalıbov olmuşdu. Özü də atası Bakının meri olanda bunu etmişdi. Üstəlik, atası da daxil olmaqla bütün yaxınlarından tələb edirdi ki, onlar da Allah yoluna gəlsin, yəni vəhhabi olsun. Bakıda bir yəhudi iş adamı vardı, hətta onu da vəhhabi etməyə çalışırdı…
Vəhhabiliyin Azərbaycanda geniş yayılması məsələsi Cabir İmanovun vəfatından sonra yenidən gündəmə gəldi. Bir daha bəlli oldu ki, o da vəhhabidir və elə vəhhabi qaydası ilə də dəfn olundu. Bir düşünün, uzun müddət Daxili İşlər Nazirliyində və Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən adam vəhhabiymiş. Məncə, bu son dərəcə yanlış bir şeydir. Bir gün gözümüzü açıb görəçəyik ki, Azərbaycanda strateji xarakterli vəzifələrdə vəhhabilər lövbər salıb. Bu məsələ dövlətin təhlükəsizliyi məsələsi ilə birbaşa bağlıdır. Nədənsə bizim başbilənlər belə önəmli məsələyə məhəl qoymayıblar…
Mən Azərbaycanda mövcud olan dini tolerantlığı yüksək dəyərləndirirəm. Azərbaycanın fəxr edə biləcəyi dəyərlərdən biri məhz budur. Şiələrlə sünnilərin eyni məscidə namaz qılması da, anlaşma içərisində-qarşılıqlı hörmət əsasında yaşaması da möhtəşəmdir. Təəssüf ki, hələ də İslam Dünyasının bəzi yerlərində müsəlmanı müsəlman sünni və ya şiə olduğuna görə sorğu-sualsız öldürür. Belə bir fonda Azərbaycan ortaya islama başucalığı gətirən nümunə qoyur…
Mövzudan kənar olsa da deyim ki, bu məsələ ilə bağlı bəzi materiallar baxanda məlum oldu ki, 2015-ci ildə verdiyi müsahibədə cənab İmanov polisin “çox maraqlı bir iş olduğunu”, eyni zamanda “bəzən tamamilə günahsız insanların həbsxanaya düşdüyünü” etiraf etmişdi…
Elbəyi HƏSƏNLİ