Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyun 2025 / 10:08

Həyatımdan keçən qatarlar…

…Hacıqabul stansiyasından gəlib-gedən – evimizin yanından, məktəbimizin bir addımlığından keçən bu qatarlar həm də mənim həyatımdan keçib…

***

…Tarixi eramızdan əvvələ dayanan məşhur ticarət yolu Çin və Hindistandan, Orta Asiya ərazisindəki Uzbay çayı ilə Xəzər dənizindən və sonra Azərbaycandan keçirdi. Burada o iki qola ayrılardı: biri Kür çayı ilə yuxarı axarla Kolxidaya və İberiyaya doğru, digəri dönüb Dərbənd və Qafqaz çölləri vasitəsilə Xəzər dənizinin qərb sahili ilə davam edirdi. Azərbaycan zamanında da həmin marşrutun ən təhlükəsiz və etibarlı hissəsi idi.

Beləliklə, ən əlverişli coğrafi mövqedə yerləşən ölkəmiz başlanğıcını uzaq Çinin qədim paytaxtı Çanqan şəhərindən (indiki Sian) götürən  və Avropanın ən qərb nöqtəsi Valensiyayadək uzanan böyük bir ərazi arasında əlverişli “qapı” olub, hansı ki, bu yol “Böyük İpək Yolu” adlandırılıb. Bu yollar müasir dövrümüzün 40 dövlətinin ərazisindən keçmişdir. Eyni zamanda, bu yol, vaxtilə bu  marşrutu xatırladan coğrafiyaşünasın şərəfinə “Strabon yolu” adlandırılmışdı.
…XIV-XVIII əsrlərdə İpək Yolu üzərində yerləşən Azərbaycan şəhərlərinin strateji rolu daha da artmağa başlayır… Bu dövrdə Şamaxı, Dərbənd, Bakı, Ərdəbil, Təbriz, Marağa, Gəncə, Naxçıvan kimi şəhərlər Şərqdən və Avropadan gətirilən malların toplanıldığı nəqliyyat mərkəzlərinə çevrilir. Buraya Rusiya, Avropa, Türkiyə, Orta Asiya və Uzaq Şərqdən tacirlər toplaşardı.

Zaman keçdi, dövran dəyişdi, dəvə karvanları keçmişdə qaldı, lakin Azərbaycandan keçən yollar  etibarlılığını itirmədi. Bu etibarlı “qapı”ya dünyanın dörd bir tərəfinin ehtiyacı  azalmadı, əksinə, günbəgün artdı…

***

Dünyanın ilk ictimai lokomotiv (buxar) dəmir yolu 1825-ci ildə İngiltərədə Corc Stivenson tərəfindən – Stokton və Darlinqton arasında tikilib və uzunluğu 40 kilometr olub. Bu tarixi hadisədən 55 il sonra -1880-ci ildə Azərbaycanın ilk dəmir yolu xətti istifadəyə verildi – uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmir yolu. Sonralar həm ölkə ərazisində, həm də yollarımızı Rusiya ilə birləşdirən dəmir yolları çəkildi. Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu 1926-cı il iyulun 6-da işə başladı. O zaman bu tip dəmir yoluna keçmiş SSRİ-nin heç bir respublikası sahib deyildi. Məhz Azərbaycanda bu ilkə imza atılmışdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövrdə və onun təşəbbüsü ilə 1979-cu ildə Ağdam–Xankəndi, daha sonra Bakı–Yevlax–Xankəndi  dəmir yolu istifadəyə verildi. Bu, Qarabağın inkişafına böyük stimul vermiş oldu.

***
Azərbaycanın tarixən ikinci dəfə müstəqilliyə qovuşduğu ilk illərdə Ermənistan çoxdan planlaşdırdığı mənfur və məkrli siyasəti ilə Qarabağı, Şərqi Zəngəzuru işğal etdi. 20%-dən çox ərazisinin uzunmüddətli işğalına, 1 milyonadək köçkün və qaçqının problemlərini çözmək kimi ağır bir yükə baxmayaraq, ölkəmiz bu illər ərzində həm siyasi arenada öz sözünü deyə bilən qüdrətli dövlətə çevrildi, həm də iqtisadi gücünə güc qatan nəqliyyat və logistika sektorunun inkişafı üçün səmərəli işlər gördü. Hələ 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası məsələsi gündəmə gəldi və Bakıda 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndəsinin qatıldığı konfrans keçirildi. Aİ-nin TRASEKA proqramı əsasında “Avropa−Qafqaz−Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı, Bakı Bəyannaməsi qəbul edildi.

Heydər Əliyev dəmir yollarına, onun inkişafına böyük önəm verirdi,  eyni zamanda dəmiryolçu peşəsini də yüksək dəyərləndirirdi. Çünkü o, dəmiryolçu ailəsində böyümüşdü və dəmiryolçu zəhmətinin nə olduğunu çox gözəl bilirdi. SİTAT: “Mənim atam da dəmiryolçu olub. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Dəmir yollarını biz Azərbaycanda on illərlə yaratmışıq, onun maddi-texniki bazasını qurmuşuq”.

***

Qısa haşiyə: Mən də 145 illik tarixə malik dəmir yoluna bütün həyatını bağlamış dəmiryolçu ailəsində doğulmuşam. Atam da, qardaşım da ömürlərinin sonunadək bu sahədə çalışıblar. Əmək kitabçalarına ilk möhür də bu qurum tərəfindən vurulub.

Mənə dəmir yolları, hətta isti yay günlərində relslərdən qalxan qoxu belə çox doğmadır.  Mən, dəmiryolçu ailəsində – dəmiryolçu zəhməti və çörəyi ilə böyümüşəm. Elə yediyimiz çörək də sözün həqiqi mənasında “dəmiryolçu çörəyi” idi. O çörəyin öz bişirilmə üsulu, tərkibi, görünüşü və dadı vardı. O çörəyi yeyənlər heç zaman bu dadı unuda bilməz…

Həyatımın 16 ilini  tarixi bina kimi qeydə alınmış (1883-cü ildə istifadəyə verilmiş) Hacıqabul dəmir yolu vağzalının yaxınlğında yaşamışam. Hansı ki, bir vaxtlar Bakı quberniyasının Şamaxı qəzasının tərkibində olub. Hər gün eşitdiyimiz qatar təkərlərinin taqqıltısı bizi narahat etməzdi, əksinə, onun ağırlığından ev tərpəndikcə, sanki nənni kimi bizi yırğalayar, uyudardı. Səhərlər vağzala yaxınlaşmaqda olan qatarın fit səsləri bizi məktəbə getmək üçün yuxudan oyadardı, o, sanki zəngli saat idi. Əlbəttə, daha amiranə səslənişiylə… Bütün qatarların istiqamətlərini – marşrutlarını, ötüb keçmə saatlarını, hətta qatarların fit səsindən, taqqıltısından onun sərnişin, yaxud yük qatarı olduğunu belə əzbər bilərdik.
Hər gün qatar relslərinin üzərindən hoppana-hoppana, şpalları saya-saya, eyni zamanda, təhlükəli olduğu üçün yol dəyişmə hissələrinə ayaq qoymamağa çalışaraq yolun əks istiqamətində olan məktəbimizə yollanardıq. Bəzən uzun yük qatarları saatlarla yerindən tərpənməzdi – yolu keçilməz edərdi və biz qatarların orta hissəsində yerləşən ən hündür altlığı olan vaqonların altından əyilib keçərdik… Əməllicə peşəkardıq – qatarın hərəkət etməyəcəyini bildiyimiz üçün arxayın idik, həm də ağır yük qatarları yola düşməzdən əvvəl ağır “nəfəs alar”, təkərlərini bir qədər geri itələyər və hündürdən xəbərdarlıq fiti verərdi…

***
Qəribəsi budur ki, təhsil aldığım məktəb də dəmir yolu məktəbi olub, hətta məktəbimizin yanındakı yeməkxana da dəmiryolçular üçün tikilmişdi. Həmin  yeməkxana dəmiryolçular üçün tikilmiş yataqxana tipli istirahət evinin nəzdində fəaliyyət göstərərdi. O məktəbin şagirdləri – biz, orada bişirilən dadlı noxudlu peraşkilərin tamını, ləzzətini  illər ötsə də damağımızda hiss edərik, unutmarıq… Məktəbimiz də dəmir yolunun yaxınlığında olduğu üçün orada da qatarlarla doğmalaşmışdıq. Qatar fitləri, səsgücləndiricilərlə dəmiryolçulara verilən tapşırıqlar, hətta hansısa işçinin stansiyaya- depoya getməli olduğu barədə çağırışlar belə pəncərələrdən süzülərək dərs otaqlarımıza dolardı. Bu, bizim diqqətimizi əsla dağıtmaz, çoxumuzun əla qiymətlərlə təhsil almağımıza mane olmazdı.

***

Mən dəmiryolunu doğma ocağı bilən zəhmətkeş bir ailədə, həm də zəhmətinə dəyər verilən xoşbəxt bir ailədə böyüdüm. Hər il yay tətili zamanı  pulsuz verilən qatar biletləri ilə ailəmizlə keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə, əsasən Rusiya və Ukraynaya səyahətə çıxardıq: Kislovodskidə, Yesentukidə, Truskavetsdə… dincələrdik. Məhz dəmir yolları – əmək veteranı olan atamın zəhməti sayəsində məni böyütdü, təhsil almağıma dayaq oldu, gələcək həyatımı belə çizdi… Və bu gün fəxrlə deyə bilirəm ki, mən dəmiryolçu övladıyam. Bu gün dəmiryolunun inkişafında xidmətləri olan bir ailənin övladı kimi onun yaranması, həmçinin uzun– həm ağır, həm də şərəfli bir yol keçməsi, bütün dünyanın diqqət mərkəzində olan yol qovşağına çevrilməsi ilə qürur duyuram. Çünki  Hacıqabul stansiyasından gəlib-gedən – evimizin yanından, məktəbimizin tinindən keçən bu qatarlar həm də mənim həyatımdan keçib…

***

Qeyd edim ki, qocaman yaşa sahib olan dəmir yollarımız 2009-cu ildən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti kimi fəliyyət göstərməyə başlayıb. Və 25 il ərzində ADY böyük bir inkişaf yolu keçərək bu gün ərazidən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında əvəzedilməz rola sahibdir, çoxunun təşəbbüskarıdır və onların inkişafında dominant mövqe sərgiləyir.

Hazırda böyük tələbata sahib olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Avrasiya nəqliyyat şəbəkəsinin əsas elementidir.  O, Avrasiya ərazisində beynəlxalq birbaşa daşımalar üçün istifadə olunan əksər enlikli nəqliyyat dəhlizləri ilə bağlıdır. Uzunluğu 7,2 min km olan beynəlxalq dəhliz dünyanın 11 ölkəsini əhatə edir.  Əsasən Hindistan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir. Azərbaycan bu layihəyə 2005-ci ildə qoşulub və o vaxtdan öz infrastrukturunu fəal şəkildə modernləşdirir. Mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq Şimal-Cənub BND- nin rolu xeyli artmışdır.

Dəhlizin əsas özəlliyi tranzit məsafənin iki-üç dəfə azalmasıdır. Bu marşrutla yükləri Helsinkə aparmaq üçün Fars körfəzi və Hind okeanını, Süveyş kanalını, Aralıq və Baltik dənizlərini təxminən 45 günə keçərək deyil, 20-25 günə daşımaq olur. Bu isə təkcə zaman itkisini azaltmaq deyil, xərclərin də azalması, eyni zamanda təhlükəsiz şəkildə ünvana çatdırılması deməkdir.
Onu da əlavə edək ki, beynəlxalq yüklərin 28,3 faizi bu yolun payına düşür. 2024-cü ildə isə bu dəhlizlə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 28 faiz çoxdur. Layihənin gələcəkdə də inkişafı həm tranzit daşımaların sayının artmasına təsir edəcək, həm də ölkəmizin xarici ticarətinin inkişaf göstəriciləri yüksələcək.

Xatırladaq ki, 2028-ci ilə qədər tamamlanması planlaşdırılan Rəşt–Astara dəmir yolunun tikintisi də davam etdirilir, hansı ki, bu layihə regionda logistika və ticarət əməliyyatlarının səmərəliliyini daha da artıracaq. Məhz onun sayəsində Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yollarının vahid şəkildə birləşəcəyi gözlənilir.

Şərq-Qərb Nəqliyyat Dəhlizi: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta Dəhliz az müddətdə Rusiyanın Şimal Dəhlizi ilə müqayisədə məsafələri təxminən 2500 kilometr qısaltmaqla, həm də Süveyş kanalından yan keçərək Qərbi Çin və Avropa arasında əsas ticarət əlaqəsinə çevrilir. Bu dəmir yolu daha qısa və səmərəli – Çindən Avropaya cəmi 10-12 günə çatacaq ticarət marşrutudur.  Rusiya-Ukrayna münaqişəsi fonunda onun əhəmiyyəti son dərəcə artıb və beynəlxalq ticarət üçün cəlbedici bir seçimə çevirilib. Dəhlizin inkişafı Azərbaycanın nəqliyyat infrastrukturunu daha da modernləşdirir, yeni iş yerləri açılır, iqtisadi dayanıqlıq gücləndirilir. Bu marşrut Avrasiya regionunun inteqrasiyasına da mühüm töhfə verir. Dəhlizin səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq üçün logistik mərkəzlər, gömrük koordinasiyası və ticarətin asanlaşdırılması təşəbbüsləri fəal şəkildə inkişaf etdirilir. Qazaxıstanın Almatı ətrafında dəmir yolu əlaqələrini gücləndirir, Azərbaycan isə daha yüksək yük həcmini qəbul etmək və səmərəliliyi artırmaq üçün qabaqcıl logistika texnologiyalarını inteqrasiya etmək üçün Bakı Limanını təkmilləşdirir. Qeyd edək ki, Orta Dəhlizi türk dövlətlərini birləşdirən dəhliz də adlandırmaq olar. Və onun gələcək potensialı yüksək dəyərləndirilir.

Əhəmiyyəti saymaqla bitməyən Orta Dəhliz bütövlükdə regiondakı geosiyasi mühitə müsbət təsir edir. Tranzit potensialının uğurlu inkişafı Azərbaycanın geosiyasi təhlükəsizliyi, iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.  Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilmiş Bakı–Tbilisi–Qars layihəsi Orta Dəhliz vasitəsilə yükdaşıma xərclərini minimuma endirərək tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir. Türkiyə də BTQ Dəmir Yolu və Marmaray Tuneli vasitəsilə şimala gedən ənənəvi ticarət yollarından yan keçərək Avropa bazarları ilə problemsiz əlaqə yaradır.  Çin isə Rusiyanın tranzit marşrutlarından asılılığı azaldır, Avropa bazarlarına çıxışını yaxşılaşdırır.

Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılması Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə mümkün olub. Bu dəhlizin əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma əməliyyatlarına hesablanıb.  Qeyd edək ki, 2024-cü ildə Şimal-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 5 milyon 984,9 min ton olub. Bu,  əvvəlki illə müqayisədə 86,3 min ton və ya 1,5% çoxdur.

Cənub-Qərb nəqliyyat dəhlizi  ADY-nin təşəbbüsü ilə yaradılıb. 2016-cı ildə  yaradılmış bu dəhlizin adı “Fars körfəzi–İran Astara və Xəzər dənizi–Qara Dəniz–Avropa” olaraq müəyyən edilib. Əsas üstünlüyü tranzit məsafəsini və zamanı təxminən üç dəfə azaltmasıdır. Belə ki, əgər Fars körfəzi və Hindistandan Avropaya dəniz yolu ilə daşıma təqribən 35-37 gün təşkil edirsə, Cənub-Qərb dəhlizi marşrutunda bu müddət 10-12 gün təşkil edir. Onun inkişaf perspektivi İranın xarici ticarət dövriyyəsinin artırılmasına da imkan yaradır.  Cənub-Qərb dəhlizinin potensialının tam istifadəsi üçün çatışmayan Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolu xətlərinin mümkün qədər tez bir zamanda inşası Hindistanın da daha əlverişli şərtlərlə cəlb edilməsində böyük rol oynayacaq.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33258,0 min ton, yük dövriyyəsi isə 13198,3 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 faiz və 2,5 faiz artım müşahidə olunmuşdur. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8322,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9896,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5984,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 394,2 min ton təşkil etmişdir. Yüklərin 15277,6 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı ilə daşınmışdır. 2024-cü ildə ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18840,1 min tonunu tranzit yüklər təşkil etmişdir.

***

…Dəmir yolları həm vidalaşdırandır, həm də qovuşduran… Düşünürəm ki, dünya miqyasında ən uğurlu yol layihələrini gerçəkləşdirən ADY-nın ən möhtəşəm yolu –  “dəmir atları” ilə  “Hörmətli sərnişinlər, qatar Xankəndiyə, Ağdama, Naxçıvana, Təbrizə… yola düşür” – deyə səsləndirilən perronlarda olacaq.  Bu yolların bəzisi gerçəkləşdirilməsi zaman məsələsi olan “Zəngəzur” və onun alternativi olan  “Araz” dəhlizlərindən keçir…

Əvvəl dedim, dünyanı dolaşan, gəlib Hacıqabul stansiyasında fit verib- “salamlaşan” və evimizin yanından, məktəbimizin bir addımlığından keçən bu qatarlar həm də mənim həyatımdan keçib… Və nə yaxşı ki, keçib!

Yasəmən MƏMMƏDLİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!