Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən İranla münasibətləri tarixən dostluq və hərtərəfli münasibətlər üzərində qurulub. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni münasibətlər də hər zaman yüksək səviyyədə olub. Qonşu ölkənin fevralın 28-dən apardığı müharibə günlərində də belə olub. Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərməklə yanaşı, öz ərazisindən üçüncü ölkə vətəndaşlarının, diplomatlarının maneəsiz keçidinə dəstək göstərdi. Fevralın 28-dən İranın ABŞ və İsraillə apardığı müharibənin aprelin 8-də dayanmasını nəzərdə tutan atəşkəs razılaşması ilə bağlı Tehran rəhbərliyini təbrik edən ilk ölkə də məhz Azərbaycan oldu. Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana zəng edərək İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırdı. Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi də aparılıb.
Aprelin 10-da isə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu çıxışında gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi həmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq, buna görə ölkəmizə minnətdarlığını bildirib. Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar bu gün Naxçıvanda da anım mərasimi keçirilib. Məlumat üçün bildirək ki, İranın ali dini lideri Əli Xamenei fevralın 28-də həlak olub. Prezident İlham Əliyev onun vəfatı ilə əlaqədar Bakıda İran səfirliyini ziyarət edərək, xatirə kitabına ürək sözlərini yazıb.
Bir məsələni xüsusi qeyd edək ki, Azərbaycanın son dövrlərdə İran ilə münasibətlərində nümayiş etdirdiyi mövqe regionda diqqət çəkən siyasi və diplomatik nümunələrdən biri kimi qiymətləndirilə bilər. Xüsusilə çətin və həssas mərhələlərdə Bakının sərgilədiyi davranış iki ölkə arasında mövcud olan dostluq və qonşuluq münasibətlərinin real məzmununu bir daha ortaya qoydu. Əvvəla, qeyd etmək lazımdır ki, gərgin geosiyasi şəraitə baxmayaraq Azərbaycan-İran sərhədi İran üçün ən təhlükəsiz istiqamətlərdən biri olaraq qalıb. Müxtəlif iddialar və spekulyasiyalara rəğmən, Azərbaycanın öz ərazisindən İrana qarşı hər hansı təhlükəyə yol verməməsi rəsmi Bakının prinsipial mövqeyini açıq şəkildə göstərdi. Bu, həm də regionda sabitliyin qorunmasına verilən mühüm töhfə kimi qiymətləndirilə bilər. Diplomatik müstəvidə də Azərbaycan aktiv və dəstəkverici mövqe nümayiş etdirdi. Prezident İlham Əliyev tərəfindən İran Prezidenti ilə telefon danışığı aparılması və İranla ABŞ arasında əldə olunan iki həftəlik atəşkəslə bağlı təbriklərin çatdırılması bu münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu addım Azərbaycan tərəfinin regionda sülh təşəbbüslərini dəstəklədiyini bir daha sübut etdi.
Humanitar sahədə də Azərbaycan operativ və öncül addımlar atdı. Ölkəmiz digər dövlətlərdən əvvəl iki dəfə İrana humanitar yardım göndərməklə çətin vəziyyətdə olan qonşusuna real dəstək göstərdi. Bu, Azərbaycanın yalnız siyasi deyil, həm də humanitar baxımdan etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.
Sonuncu hal, Əli Xameneinin vəfatının 40 mərasiminin ilk dəfə məhz Azərbaycanda qeyd olunması xüsusi simvolik məna daşıyır. Bu addım Azərbaycan xalqının İran xalqına olan hörmətinin və ortaq dəyərlərin ifadəsi kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, Azərbaycanın bu dövrdə sərgilədiyi mövqe təkcə diplomatik jestlərdən ibarət deyil, həm də strateji düşüncə, humanitar yanaşma və səmimi qonşuluq münasibətlərinin təzahürüdür. Bütün bu addımlar Azərbaycanın çətin günlərdə dostluğunu əməli şəkildə sübut edən etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.