Bakı Dövlət Universitetinin professoru Aida Qasımovanın nüfuzlu xarici nəşrlərdə daha bir neçə məqaləsi çap olunub. Tezadlar.az xatırladır ki, bu barədə Professor öz sosial platformasında məlumat yayıb. Sitat: “‘The Fire Borrowed from Magus’: Sacred and Profane Fire Traditions in Pre-Islamic Arabia” (Ancient Near Eastern Studies, 2019, 329-345 SCOPUS, WoS. (“Məcusdan alınmış od”. İslamaqədərki Ərəbistanda odla bağlı sakral və profan ənənələr).
Zərdüştük sahəsində mütəxəssis olmadığımdan bu məqaləni öyrənə-öyrənə yazmışam. Əvvəl Zərdüştiliklə bağlı ədəbiyyatla tanış oldum ki, qədim Ərəbistandakı odla bağlı inancları düzgün qiymətləndirə bilim. Bu məqaləyə başlayarkən heç də xoş olmayan bir halla üzləşdim. Məlum oldu ki, Zərdüştlüyün vətəni kimi Xarəzm artıq Azərbaycanı sıradan çıxarmaqdadır, yəni zoroastrizm sahəsində bir çox tanınmış alimlər bu fikirdədir. ANES-dən əvvəl “İranian Studies” jurnalı məqaləni dərhal rədd etmişdir, rəyə belə göndərmədən.
Məqalənin əvvəlində fürsətdən istifadə edib yazıram: “İslamdan əvvəlki dövrdə Sasani İranı Yaxın Şərqdəki qonşu ölkələr, o cümlədən Ərəbistan yarımadası üzərində böyük təsirə malik idi. Ən erkən ərəb tarixçiləri (haqlı və ya haqsız olaraq) ərəblərin Zərdüştiliklə ilk tanışlığını İslamdan xeyli əvvəlki dövrə aid edirlər; daha dəqiq desək, bu tanışlığı Tubbaʿa sülaləsindən olan Abū Karib Əsʿad al-Kāmilin (b.e. IV əsr) Azərbaycan da daxil olmaqla şimal torpaqlarına etdiyi hərbi yürüşlərlə əlaqələndirirlər. Həmin ərazilərdə Zərdüştilərin əsas müqəddəs məbədgahları yerləşirdı.
İbn Cərir ət-Təbərinin (vəf. 923) verdiyi məlumata görə, Yəmən hökmdarı Əsʿad əl-Kamil Azərbaycana yürüş edərkən orada türklərlə qarşılaşmış və onlarla döyüşmüşdür. O, türkləri məğlub etmiş, onların uşaqlarını əsir alaraq Yəmənə aparmışdır. Zərdüştiliyin vətəni ilə bu cür tarixi təmaslar İslamdan əvvəlki ərəblərin inanc və dini təsəvvürlərinə təsir göstərmişdir. Bu cür rəvayətlər, əfsanəvi xarakter daşısalar belə, müxtəlif xalqlar arasındakı münasibətləri əks etdirir və Ərəbistan əhalisinin dini inanclarını işıqlandıran məqamları ortaya çıxarır.
Məqalənin ümumi məzmunu belədir:
Od nədir? Od iki cür olur:
1)Gündəlik həyatımızdakı adi od.
2) Mütləq Əqlin təcəssümü olan Zərdüşt odu.
Birinci nə qədər praktik, vacib və sadədirsə, ikinci o qədər mürəkkəb olub dua və and mərasimlərindən tutmuş inkvizisiya tonqallarınadək bir sıra məsələləri əhatə edir.
Qədim Ərəbistanda da odla bağlı adətlər, inanc və etiqadlar bu iki istiqamətdə araşdırılır. Məqalə İslamdan əvvəlki Ərəbistanda oda dair inancları, mövhumi təsəvvürləri və adətləri Cahiliyyət poeziyası və orta əsr müsəlman mənbələri əsasında təhlil edir. Əvvəlcə Zərdüştiliyin İslamdan əvvəlki ərəblərin ruhi-mənəvi həyatına təsiri araşdırılır; bu kontekstdə qədim ərəblərin Zərdüştilikdən mənimsədikləri ibadət formaları və xurafatlar (yağış duası olan nər al-istimtar, and mərasimində yandırılan nər al-tahaluf və s.) müzakirə olunur. Daha sonra qədim Ərəbistandakı od məbədi – Nər al-harrateyn – ilə bağlı bəzi qeydlər nəzərdən keçirilir. Zərdüşti ayinlər arasında Ərəbistanın cənubunda ərəblər tərəfindən tətbiq olunan odla sınağa çəkmə mərasimi də araşdırılır. Bu, bir növ İbrahim peyğəmbərin odla sınağını xatırladır.
Məqalənin ikinci hissəsi oda dair yerli ərəb ayin və ənənələrini tədqiq edir və odun səhra sakinlərinin həyatında həlledici rol oynadığı bildirilir. Məs. səhrada azmış ac-susuz yolçuları cəlb etmək üçün səxavətli ərəblər öz obalarında “qonaq odu” (nər əl-qıra) adlı tonqal yandırardılar. Və yaxud müharibə edərkən dost qəbilələri köməyə çağırmaq üçün müəyyən bir təpənin başında “nər əl-harb” (hərb odu) qalayırdılar və s.
Məqalədə Kəbənin qədim zamanlarda Günəş məbədgahı olması barədə fikirlər, zərdüştilərin bura ziyarətə gəlməsi, qədim Ərəbistanda fars yazısı ilə abidələrin (məs. hz. İsaya aid edilən bir qəbir) olması, hələ islamdan əvvəl Xalid ibn Sinanın Yəsrib yaxınlığındakı Nər əl-harrateyn adlanan atəşkədəni söndürməsi və s. məsələlər əks olunub…”.