9 Aprel 2026 / 18:41

Azərbaycan–Türkiyə–Şimali Kipr parlamentləri arasında əməkdaşlıq güclənir

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Şimali Kipr Türk Məclisinin sədri, Şimali Kipr-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdikləri nümayəndə heyəti iştirak edib.

Söhbət zamanı vurğulanıb ki, bu münasibətlər xalqların təmsilçiləri olaraq, parlamentlər səviyyəsində də uğurla davam etdirilir və qanunvericilik orqanlarımızın həm ikitərəfli əsasda, həm də üçtərəfli formatda əməkdaşlıq etdikləri qeyd olunub.

Bu mənada Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üçtərəfli formatının əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatı çərçivəsində keçirilən mütəmadi görüşlərin parlamentlərarası əməkdaşlığın inkişafına, ortaq maraqların müdafiəsinə və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova qeyd edib ki, üçtərəfli format çərçivəsində iki gün ərzində Bakıda aparılacaq müzakirələr ölkə parlamentləri arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.

Şimali Kipr Məclisinin sədri Ziya Öztürklər Azərbaycanın Şimali Kiprə göstərdiyi həmrəyliyə, dostluğa, qardaşlığa və dəstəyə görə təşəkkürlərini bildirərək, Azərbaycan Milli Məclisində Şimali Kipr ilə dostluq qrupunun yaradılmasını vacib addım kimi dəyərləndirib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş ölkələr arasında münasibətlərin parlament müstəvisində də davam etdirilməsinin vacibliyini bildirərək, üçtərəfli formatda əlaqələrin daha da genşləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!