Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Təxminən iki ay əvvəl mediada Hesablama Palatasının yoxlamaları ilə aşkarlanmış faktlar- Azərbaycan Dövlət Televiziyasında maliyyə pozuntuları(külli miqdarda vəsaitin qonorar kimi xərclənməsi, vergi öhdəsizliyi və s.) kimi nöqsanlar işıqlandırılmışdı. O vaxt bu məsələ ciddi müzakirə predmeti olmuşdu və AzTV rəhbərliyi haqqında ciddi tədbirlər görülməsi gündəmdə idi… Amma və lakin! Sonradan bu məsələ aidiyyəti qurumlar tərəfindən araşdırıldı və mediada qismən şişirdilmiş bu məsələ hüquqi təsdiqini tapmadı.
Bəli, sədr Rövşən Məmmədovu hansısa məsələyə görə istənilən qədər qınamaq olar, amma “insaf da dinin yarısıdır!” məntiqini unutmaq da insafsızlıq olardı… Gəlin əyri oturub düz danışaq: AzTV yeganə efir meydanıdır ki, ora hər yoldan keçən və hər əttökən musiqiçi, müğənni… ayaq basa bilmir. Səsindən əvvəl bədənini, sinəsini, pozalarını, nə bilim nəyini… göstərənlərin qapı aça bilmədiyi yeganə TV elə AzTV- dir! Təbii ki, bu da Rövşən Məmmədovun xidməti ilə bərqərar olub! Yoxsa, digər Tav- lərdə efirə- ekrana çıxıb “at oynatmağın” haqqının necə olduğunu kim bilmir ki?! Elə Rövşən Məmmədov da bu yolu gedib AzTV- nin studiyalarının divarlarını qızıla örtərdi!
Bu sətirləri oxuyan belə düşünməsin ki, məqsədimiz AzTV rəhbərini müdafiə etməkdir. Əsla! “Təzadlar”da yetərincə tənqidi yazılar var və bu belə də olacaq! Amma bu dəfə bəzi elektron mediada aşağıda bəhs edəcəyimiz məsələni görəndə, ədalətli yanaşma və mövqe çatışmazlığını hiss etdik… Hətta qərəzi də…
XXX
Beləliklə, bu bu dəfə isə ortaya AzTV- də peşəkar əməkdaşların- aparıcıların əmək hüquqlarının pozulması kimi məsələlər ortaya çıxıb. Sosial mediada yazılanlardan belə bəlli olur ki, AzTV sədri Rövşən Məmmədov başqa dövlət qurumlarında mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən bir sıra əməkdaşlara AzTV-də qalmağın yeganə şərti kimi ictimai əsaslarla işləməyi təklif edib. Bu isə başqa qurumlarda mətbuat katibi çalışan teleaparıcıların- Namiq Əliyevin, Ceyhun Səfərin, Nərmin Xəlilovanın istefası ilə nəticələnib… Sonda iki aparıcı isə pulsuz efir aparmaq təklifini qəbul edib.
Biz burda AzTV rəhbərliyini qınamalı bir məqam tapmadıq. Bəzi media qurumlarında bu məsələ fərqli təqdim edilsə də, reallıq budur ki, bəli, Azərbaycanın əmək qanunvericiliyində bir şəxsin iki iş yerində çalışmasına hər hansı qadağa yoxdur, amma AzTV kimi ciddi dövlət qurumunda “bir əldə iki qarpız” tutmaq da yolverilməzdir! Bir ayaq burda, bir ayaq o biri tərəfdə! Beləmi?! Niyə elə???
Tezadlar.az xatırladır ki, Azərbaycanda yüzlərlə rəsmi qurumlar var… Və belə çıxır ki, onların mətbuat xidmətlərinin rəhbərləri başqa ikinci iş yerində də özıərinə fəaliyyət tapa bilər. Yəni, bir nəfərin iki iş yerini tutması ilə özünə rahat qazanc yeri və karyera tapa bilməsi normal qıbul edilməlidir? O qədər istedadlı gənclər var ki, iş yeri tapa bilmirlər. Bəs onların qara gününü kim ağlamalıdır?!
Ən vacibi, başqa qurumların mətbuat xidmətlərinin rəhbərlərinin media ilə necə işlədiyini də hamı bilir. Bir çoxu olduqca yarıtmz! Tanış- biliş rəhbərin qılığına girib hər ay 2-3 min manat maaş almaq, sonra başqa bir yerdə də gün keçirmək… fərasətdən deyil! Bu başqa mövzudur, gəlin mətləbdən uzaqlaşmayaq!
Hesab edirik ki, AzTV rəhbərliyi bu məsələdə tamamilə haqlıdır! Çünki, təkrar edirik, belə bir ciddi yaradıcı və məsuliyyətli dövlət informasiya məkanında “bir əldə iki qarpız” tutmaq qəti doğru iş deyil!
SƏBUHİ