Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İki günlük yağış paytaxtın idarəetmə böhranını bir daha üzə çıxardı…

Bakı yenə yağış qarşısında aciz qaldı. Rəsmi TV kanallar, media da yazmalı və göstərməli oldu… Cəmi iki gün yağan yağış paytaxtın həyat ritmini pozmağa, küçələri gölə, yolları isə keçilməz əraziyə çevirməyə kifayət etdi. Bu artıq təsadüfi hadisə deyil – illərdir təkrarlanan, amma həllini tapmayan sistemli problemin növbəti göstəricisidir.
Bəli, cəmi iki gün yağan yağış yenə də şəhər həyatını iflic vəziyyətinə saldı. Bu artıq təkcə hava şəraiti ilə bağlı məsələ deyil, sistemli problemin açıq göstəricisidir. Ən narahatedici məqam isə odur ki, su basqınları təsadüfi deyil – eyni nöqtələrdə, eyni ssenari ilə, demək olar ki, hər il təkrarlanır. Bunlardan biri də ötən il faciə ilə yadda qalan Sabunçu körpüsüdür. Həmin hadisədən sonra verilən vədlər, səsləndirilən açıqlamalar cəmiyyətə ümid vermişdi. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəxsən hadisə yerinə gələrək bildirmişdi ki, bu problem aradan qaldırılacaq və bir daha belə hallar təkrarlanmayacaq. Bildirilmişdi ki, problem kökündən həll olunacaq, təhlükə aradan qaldırılacaq və eyni mənzərə bir daha yaşanmayacaq.

Amma bu gün reallıq tam əksini göstərir. Bu məsuliyyətsizlikdirmi?! Hanı o verilən vədlər? Niyə həmin açıqlamalar praktik nəticə ilə müşayiət olunmadı? Niyə eyni ərazilər yenidən su altında qalır? Üstəlik, hər dəfə eyni arqument səsləndirilir: “Yağıntı normadan artıq olub”. Bəs bu “norma” nədir? Nə qədər olmalıdır??? Onu kim müəyyənləşdirir? Əgər şəhərin infrastrukturu ilk ciddi yağıntıda iflic olursa, deməli, problem yağışda yox, həmin “norma”nı əsas götürərək qurulan paytaxtın idarəetmə sistemindədir.

Hazırda Bakının bir çox küçələrində, əsas yollarda, xüsusilə körpü altlarında vəziyyət kritik həddə çatıb. Yağış suları yolları keçilməz edib, nəqliyyatın hərəkəti iflic olub. Sürücülər faktiki olaraq suyun içində hərəkət etməyə məcbur qalır – bəzi yerlərdə isə avtomobillər sözün həqiqi mənasında üzür. Problem bununla da bitmir: su artıq yaşayış evlərinə daxil olur, ictimai nəqliyyatın, o cümlədən avtobusların salonuna dolur, hətta metro infrastrukturu belə təhlükə qarşısında qalır. Bu isə artıq təkcə narahatlıq yox, açıq təhlükə siqnalıdır.

Belə bir vəziyyətdə vətəndaş haqlı olaraq sual edir: kim məsuliyyət daşıyır? Kimə müraciət edilməlidir? Əgər aidiyyəti qurumlar iki gün davam edən yağışın nəticələrini idarə edə bilmirsə, bu, onların funksional qabiliyyəti ilə bağlı ciddi suallar doğurur. İllərdir təkrarlanan problemlərin hələ də həllini tapmaması idarəetmədə sistem boşluqlarının olduğunu göstərir.
Açıq şəkildə demək lazımdır ki, bu vəziyyət qəbuledilməzdir. Bu, nə müasir şəhər idarəçiliyinə, nə də vətəndaşın təhlükəsizlik və rifah gözləntilərinə uyğun gəlir. Mədəni ifadə ilə desək, mahiyyət dəyişmir: bu problemin öhdəsindən gələ bilməyənlər məsuliyyət daşımalı və lazım gəldikdə yerini daha effektiv idarəçilik nümayiş etdirə biləcək şəxslərə verməlidir. Çünki məsələ artıq sadəcə narahatlıq deyil, ictimai təhlükəsizlik məsələsinə çevrilib.

Bu gün isə vəziyyət o həddə çatıb ki, insanların əlində real çıxış yolu qalmır. Ümid yalnız təbiətin insafına və yağışın dayanmasına qalır. İnsanlar əllərini açıb Allaha dua edir ki, bu yağış dayansın. Çünki belə davam edərsə, su basqınlarının ölçüsü daha da genişlənəcək, nəticələri isə daha ağır olacaq.
Elşad FƏRMANOĞLU
P.S.Zənnimcə, problemin kökündə və mahiyyətində isə Bakıdakı 2-3 mərtəbəli evləri söküb yerində göydələnlər ucaldanların fəaliyyəti durur, çünki həmin o 2-3 mərtəbəli evlərin kanalizasiya xətləri ilə göydələnlərin çirkab su tutumu və ötürücülüyü barədə ciddi düşünən yoxdur…