5 Dekabr 2024 / 09:37

BAKI MƏKTƏBLƏRİNİN POLİS AKADEMİYASINDAKI “AÇIQ QAPI” TƏDBİRLƏRİNDƏ İŞTİRAKI DAVAM EDİR

Dekabrın 4-də Bakı şəhəri Nizami rayonu 229 nömrəli tam orta məktəbin şagirdləri DİN-in Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirində iştirak etmişdir. 

Tezadlar.az xəbər verir ki, məktəblilər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, kursant yeməkxanası, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olmuşlar.

Şagirdlərə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilmiş, həmçinin, rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılmışdır.

Qonaqlara Polis Akademiyası barədə ətraflı məlumatlar yerləşdirilmiş lifletlər paylanılmış, xatirə şəkli çəkilmişdir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!