18 İyul 2025 / 18:40

Bakı meriyasının kimsəsiz itlərə qayğısı Parisə nümunə ola bilər…

Bakı şəhərində itlər adam dişləyir… Səbəb onların ac olmasıdır. Yəni, itlər demək istəyir ki, özünüz hər gün yeyib-içirsiniz, amma biz sədaqətli dostlarınız niyə ac qalmalıdır???
Beləliklə, Bakı meriyası sahibsiz-kimsəsiz itlərin də dilini tapdı. Belə ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi bu işlərə əncam çəkəcək. Tenderin qalibi isə kim olsa yaxşıdır, “Fəza-F” MMC. Bu MMC itlər üçün 150 ton quru yem alacaq və bunun üçün 425 min 685 manat vəsait ödəniləcək. Tender müsabiqəsinin qalibi olan “Fəza-F” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, 2022 və 2024-cü illərdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin keçirdiyi 5 tender müsabiqəsində qalib olub. İt yemindən əvvəl “Fəza-F” MMC Departamentə xam duz, avtomobillər üçün ehtiyat hissələri və sürtkü yağları satıb.
 Sonra da bəzi adamlar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən narazılıq edirlər. Görürsünüzmü, Departamentin rəhbərliyi, hətta sahibsiz itləri də unutmur, onların qayğısına qalır… Yəqin bir gün növbə həm də kimsəsiz adamlara da çatar. Çünki Bakıda yol kənarlarında, tunellərdə, bazar-dükanda öyrəncəli dilənçilər də var, onları da yığıb elə bu itlərin gözünə qatan olsa, problem biryolluq həllini tapar. İtin dilini tapırıqsa, bu dilənçiləri ram edib adam yoluna qaytarmağa nə var?!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!