Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu il mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
Bu barədə Tezadlar.az”a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə saat 01:30-03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.
Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Əməliyyat Şirkəti sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş edir.
Nəzərə çatdırılıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi istiqamətlərində hərəkət edən ekspress avtobus marşrutu fəaliyyətinə normal qaydada, maneəsiz davam edəcək.
Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.