Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Şəkildə gördüyünüz avtoparkdakı dəhşətli yanğın 10 gün əvvəl Bakı- Şamaxı yolunun 12- ci km-dədir. Paytaxtda ən böyük avtoparklardan biri olan bu ərazinin indiki görkəmi onu deməyə əsas verir ki, yanğın o dərəcədə güclü olub ki, onu ya söndürmək mümkün olmayıb, ya da yanıb kül olması kimlərəsə lazım olub.
Ərazidəki sexlərdə çalışan fəhlələrdən birinin “Təzadlar”a verdiyi məlumata görə, yanğın gecə saatlarında baş verib: “Maraqlıdır ki, yanğınsöndürənlər əraziyə dərhal çağrılmayıb, yanğın hər tərəfi bürüyəndən sonra gəldilər, onda da artıq söndürməyə dəmir karkaslardan başqa heç nə qalmamışdı… Təxminən 10 hektarlıq ərazini əhatə edən avtoparkda yanğın təhlükəli nəsə olmayıb, amma alov dəmiri də əridib yerə sallamışdır…”.
Bu gün həmin ərazidə olduq. Gördüklərimiz yanğının qeyri- adiliyindən, həmçinin dəhşətli olmasından xəbər verirdi. Və maraqlıdır ki, bu tip yanğınlar həmişə hamı yatandan sonra baş verir…
Yanğınla bağlı ölkə mediasında axtarış etdik, təəssüflər olsun, heç bir məlumat yox idi. Sonra FHN- nin rəsmi saytında və ənənəvi olaraq yanğınla bağlı açıqlamalarını axtardıq, yenə də hansısa bir məlumata rast gəlinmədi.
Əlavə məlumat öyrənmək üçün bu gün yanğın baş vermiş avtoparkın girişinə yaxınlaşıb mühafizəçilərlə eksklüziv söhbət etdik… Onların sözlərindən belə məlum oldu ki, yanğın gecə saatlarında baş verib:
– Burada yanğın təhlükəli nə var idi ki?!
– Deyilənə görə, elə bir nəsə olmayıb…
– Bəs bu dəhşətli yanğının qarşısını almaq mümkün olmayıb?
– Deyilənə görə yox…
-Bəs yanğın nədən baş verib?
– Deyilənə görə, elektrik xətlərindəki qısa qapanmadan olub…
– Burada yəqinki mühafizəçi olub, bu cür böyük əraziyə yayılma ehtimalı az olan yanğın barədə niyə vaxtında FHN- ə məlumat verilməyib?
– Bilmirik…
***
Bəli, bu tip yanğınların baiskarı nədənsə, həmişə elektrik xətlərindəki qısa qapanma olur, özü də gecə saatlarında baş verir… Bu isə ərazidə yüksək yanğın təhlükəli materialların olmadığı avtoparkdakı yanğının qəsdən törədilməsi ehtimalını ortaya qoyur…
Bəs avtoparkdakı yanğın niyə və hansı səbəbdən qəsdən törədilməli olub ki?!
MÖVZUYA QAYIDACAĞIQ?
“Təzadlar”


