Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tezadlar.az saytınını 24.09.2025-ci tarixli sayında jurnalist Asif Məzrzilinin “Azərbaycan Yerüstü NəqliyyatAgentliyindən unikal yenilik: Avtobuslarda sərnişinlərə çay, kofe və quru yeməklər təklif ediləcək!” başlıqlı sarkazım dolu yazısı dərc olunmuşdu. Yazıda Bakı şəhərinin insanların tıxaclarında saatlarla qalması çox ironik şəkildə təqdim edilmişdi. A.Mərzili bu yazıda məntiqə uyğun olaraq təklif edir ki, sərnişinlər saatlarla tıxacda qaldığından onlara çay, kofe və quru yeməklər verilməli, başqa xidmətlər təklif olunmalıdır və s.
Buna gülmək lazım deyil. Nəzərə alsaq ki, sərnişinlər arasında xəstə, qoca, uşaq, hamilə və s. insanlar var, onda verilən təklifi alqışlamaq lazımdır. Həmin ironiyalı maraqlı təklifi bir daha sizə təqdim edirik: Anar Rzayevin dedikləri: “Hamı bilir ki, Bakıda tıxaclara təsir edən bir neçə vacib amil var və onların həlli istiqamətində işlər aparılmalıdır. Amma hesablamalarımıza görə, avtobusların xüsusi zolaqlarının olmasına baxmayaraq, Bakıda tıxacda qalmanın orta müddəti normadan 8-10 dəfə çoxdur. Sərnişinlərdən çoxsaylı şikayətlər və təkliflər alırıq. Buna görə də, qərara gəlinib ki, tıxacda qalmanın 1 saat, 1 saat yarım, bəzən hətta 2 saata qədər uzandığını nəzərə alaraq, avtobuslarda sərnişinlərə sərinləşdirici içkilər, çay, kofe və quru yeməklər təklif olunsun. Çünki işdən çıxıb evinə gedən sərnişinlər arasında xəstələr də var və onların qidalanması çox vacibdir. Məktəblilər üçün də bu olduqca əhəmiyyətlidir”.

Bundan əlavə İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, tıxacda əziyyət çəkən sərnişinlərin sağlamlığı da diqqətdə saxlanılır. Qaynar xəttə edilən müraciətlərdən görünür ki, avtobusların saatlarla tıxacda qalması səbəbindən halı pisləşən, hətta huşunu itirənlər olur. Buna görə də, dünyada ilk dəfə avtobuslarda həkim məntəqəsi təşkil etmək qərarı verilib.
Amma ciddi desək, tıxac probleminə ciddi yanaşmaq lazımdır. Doğrudan da, həll edilməli əsas problemlər çoxdur. Misal üçün, lazımsız velosiped zolaqları, daraldılmış yollar, keyfiyyətsiz çəkilən yeni asfalt, eləcə də bəzi küçələrdə – məsələn, “Nargilə” kafesi yaxınlığında daraldılmış yol zolaqları səbəbindən bir çox sahibkarlar ciddi zərər çəkirlər. İnsanlar illərlə işlədikləri obyektlərə girişi itirib, müştəri axını kəsilib və nəticədə obyektlərini bağlamağa məcbur olublar. Bu isə təkcə sahibkarların şəxsi itkisi deyil, həm də insanların sosial həyatına zərbədir. Həmin ərazidə vəziyyət daha da gərgindir: sürücü ehtiyatsızlıqdan avtobus zolağına daxil olsa, 100 manat cərimə və əlavə 3 bal tətbiq edilir. Yəni, yolun daraldılması bir tərəfdən insanların işini əlindən alıb, digər tərəfdən sürücüləri daim gərginlik içində saxlayır ki, bu da nəticədə bir çox qəzalara səbəb olur.

Bir sözlə, “Nargilə” dairəsi “dizayn qurbanı”na çevrilib. İnsanların, demək olar ki, çox az istifadə etdikləri səkiləri genişləndirilib, amma maşınların ən çox hərəkət etdiyi yerlər daraldılıb. Nəticə göz qabağındadır: tıxac, əsəbiləşmiş sürücülər, vaxt itirən sərnişinlər.
Nəticə etibariylə, yolu görməyən, şəhərin gündəlik axınından xəbərsiz adamların “mütəxəssislərin”in qərarları nəticəsində küçələr bərbad vəziyyətə salınıb. Ən acınacaqlısı isə odur ki, bu səhvlərin cəzasını hər gün minlərlə vətəndaş ödəməli olur.

Yolun əvvəlki vəziyyəti Yolun indiki vəziyyəti
Digər tərəfdən, “Ukrayna” dairəsi (“Ukrayniskiy kruq”) orada da lazımsız səkilər salınıb, sanki piyadalar şəhər gəzintisinə çıxacaqlar. Yollar isə sırf “gözəllik xatirinə” düzəldilib. Bəzi yerlərdə əlavə olunmuş işıqforlar var ki, adamın ağlına belə sual gəlir: bunları tıxac yaratmaq üçün bilərəkdən qoyublar, ya doğrudan kiminsə qəsd-qərəzidir?
Təəssüf ki, bu vəziyyət təkcə “Ukrayna” dairəsi ilə məhdudlaşmır. 20 Yanvar-Sumqayıt yolunda da eyni vəziyyət yaşanır. Mən oradan, hətta araşdırma yazısı da hazırlamışdım. https://tezadlar.az/bakisumqayit-yolunda-curuyen-omurler/Aydın görünür ki, “Koroğlu” metrostansiyası üstündəki körpü kimi Sumqayıt yolunda da belə körpü tikilməsə, insanların həyat vaxtını içən tıxacların qarşısını almaq mümkün olmayacaq.

“Naxçıvaniski” hərbi məktəbin dairəsi deyilən ərazidə də eyni bu səki böyütmək, yol daraltma siyasəti hakimdir. Hələ bu siyahıya başqa ünvanları da əlavə etsək, yenə də bitib-tükənməz… Amma absurdluqlar bununla bitmir. Beton yolunda qoyulan sürəti 50 km qeydə alan radar, açığı “Naxçıvanskinin kruqu”ndan sonrakı 60 km sürət olan radarla yerini səhv salıb. Çünki beton yolunda həm piyada keçidi var, həm də işıqfor. Orada sürət həddini 50 km ediblər. Amma bu yol sürətli olduğu üçün sürücülərin çoxu radara fikir vermir, nəticədə cərimələr yağır. Açıq şəkildə desək, bu cərimə tələsidir. Halbuki “Naxçıvanskinin kruqu”ndan sonrakı ərazidə nə piyada keçidi var, nə də piyada işıqforu, amma sürət həddi 60 km göstərilib. Məntiqlə bu qaydalar tam əksinə olmalı idi: beton yolunda 60 km, o biri tərəfdə isə 50 km. Amma görünür, bizdə məntiq hələ də işıqfor lampaları kimi ya qırmızı yanır, ya da ümumiyyətlə sönüb qalır.

Yəni, Bakıda tıxacların əsas səbəblərini – daraldılmış yolları, lazımsız səkiləri, süni işıqforları, körpüsüz qalan magistral çıxışları, lazımsız velosiped yolları və s. problemləri aradan qaldırmaq lazımdır. Elə, ona görə də, dövlət səviyyəsində bu günlərdə tıxacların aradan qaldırılması üçün göstəriçlər verilib. Əgər bu göstərişlər tez bir zamanda həyata keçirilməsə, onda A.Mərzilinin yazdığı kimi, AYNA-nın rəhbəri Anar Rzayev öz günahını yumaq üçün zəhmət çəkib o zaman avtobuslara yalnız yemək deyil, duş kabinəsi, soyunub-geyinmə otaqları, hətta istirahət guşələri də yaratmalı oloacaq. Sərnişinlər tıxacda saatlarla qalanda avtobusda çimib, geyinib, yeməyini yeyib, rahatca yola davam edə biləcək…
Elşad FƏRMANOĞLU