Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

AZAL-ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlərini 1282 manata (1975 lari) qədər qaldırıldığı bildirilir. Tezadlar.az xəbər verir ki, bu barədə Xəzər televiziyası vətəndaşlara istinadən məlumat yayıb. Vətəndaşlar Tbilisidən Bakı istiqamətinə gediş-dönüş biletlərinin biznes sinfi üçün 1000 manatdan yuxarı olduğunu, eyni zamanda ekonom sinif biletlərinin tapılmadığını da bildirirlər.
Bəs Bakıdan Gürcüstan istiqamətinə ekonom sinif biletlərinin tapılmamasına səbəb nədir? Turizm eksperti Rəhman Quliyev bildirib ki, gün ərzində AZAL Gürcüstan istiqamətinə 4-5 reys həyata keçirir, bu isə həmin istiqamətə uçuş edən sərnişinlərin sıxlığı ilə əlaqədardır. Ekspert onu da bildirib ki, qeyri-turizm mövsümündə qiymətlərin enməsi gözlənilir. Məsələyə münasibət bildirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat Xidmətindən bildirilib ki, hazırda Tbilisi-Bakı marşrutu üzrə avqust ayının sonunadək olan bütün ekonom sinif biletləri satılıb və satışda yalnız biznes sinif yerləri qalıb.
Elə bu səbəbdən qiymətlərin kəskin artması təəssüratı yaranır. Qeyd olunub ki, AZAL hər gün Bakıdan Tbilisiyə beş reys həyata keçirsə də, yay mövsümündə artan tələbat səbəbi ilə biletlər, adətən, uçuşdan bir neçə həftə əvvəl tamamilə satılır. Əlavə edilib ki, sözügedən istiqamətdəki yüksək tələbatı nəzərə alaraq Azərbaycan Hava Yolları aviaşirkəti texniki imkanları çərçivəsində avqust ayında əlavə reyslər həyata keçirməyi planlaşdırır. Əlavə reyslərdə aviabiletlərin qiyməti minimal tarifdən başlayacaq.