Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

30-31 iyul 2025-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu (Bakı), “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı), İtaliyanın Beynəlxalq YOCOCU Assosiasiyası (Roma), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzinin (Skopye) birgə təşkilatçılığı ilə Bakı şəhərinin Bayırşəhər tarixi mərkəzində keçirilmiş və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyevin əziz xatirəsinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edən alim və tədqiqatçılar tərəfindən qəbul edilmiş müraciət geniş rezonans doğurub. Təşkilat Komitəsindən “Təzadlar”a daxil olan müraciətdə deyilir:
“Biz, 30-31 iyul 2025-ci il tarixlərində Bakıda keçirilmiş “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumunun iştirakçıları olaraq, Bayırşəhər adlanan tarixi ərazinin gələcək nəsillər üçün qorunması, öyrənilməsi və davamlı inkişafı istiqamətində aşağıdakı müraciətlə çıxış edirik. Bayırşəhər – XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşmış unikal memarlıq silueti, sosial və mədəni yaddaşı ilə seçilən şəhər fraqmentidir. Bu ərazi təkcə Bakı üçün deyil, həm də Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün nadir tarixi-urbanistik dəyərə malikdir.
PREAMBULA
“Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumunun iştirakçıları tərəfindən qəbul edilən bu müraciət, Bayırşəhərin memarlıq, arxeoloji və şəhərsalma baxımından mühüm tarixi və mədəni dəyərlərə malik bir ərazi kimi qiymətləndirilməsinin və qorunmasının zəruriliyinə diqqət çəkir. Bu yanaşma, həm milli qanunvericilik, həm də beynəlxalq hüquqi və etik prinsiplərlə əsaslandırılmışdır.
Müraciətdə ifadə olunan ideyalar və istiqamətlər aşağıdakı beynəlxalq sənədlərin müddəalarına əsaslanır:
Simpozium iştirakçıları bu beynəlxalq norma və prinsiplərə uyğun olaraq Bayırşəhərin mədəni və arxeoloji irsinin elmi əsaslarla, kontekstual yanaşma və ictimai maraqları nəzərə almaqla qorunmasının vacibliyini vurğulayırlar.
Simpoziumda irəli sürülən əsas istiqamətlər və təklif olunan yanaşmalar
Simpozium iştirakçıları Bayırşəhərin qorunması və davamlı inkişafı ilə bağlı aşağıdakı əsas məsələləri önə çəkmişlər:
– Bayırşəhərin bütöv şəkildə qorunmasının zəruriliyi. Bakı şəhərinin 2023-cü ildə təsdiqlənmiş Baş Planına əsasən, Bayırşəhər “Xüsusi Mühafizə Zonası” elan edilmişdir. Bu status burada yerləşən memarlıq obyektlərinin – dövlət qeydiyyatında olan abidələrin və tarixi silueti formalaşdıran yaşayış binalarının vahid sistemdə qorunmasını tələb edir.
– Elmi tədqiqat və sənədləşdirmə fəaliyyətlərinin təşkili. Venesiya Xartiyası və Valletta Konvensiyasının prinsiplərinə uyğun olaraq, Bayırşəhərin hərtərəfli tədqiqi üçün memar, arxeoloq, tarixçi və şəhərsalma mütəxəssislərindən ibarət elmi-tədqiqat qrupunun yaradılması məqsədəuyğun sayılmışdır. Ərazinin inventarizasiyası və mühafizə tədbirləri elmi əsaslarla aparılmalıdır.
– İdarəetmə strukturunun formalaşdırılması. Simpoziumda Bayırşəhərin gələcəkdə müstəqil idarəetmə modeli ilə təmin olunması vacibliyi qeyd olunmuşdur. İçərişəhər Dövlət Qoruğu nümunəsində olduğu kimi, Bayırşəhər üçün ayrıca idarəetmə strukturunun yaradılması, qoruma və yenidənqurma fəaliyyətlərinin bu struktur çərçivəsində əlaqələndirilməsi təklif olunmuşdur.
– Mədəni irs obyektlərinin yenidən qiymətləndirilməsi. 2015-ci ildə Nazirlər Kabinetinin 269 saylı qərarı ilə statusdan çıxarılmış tarixi binaların – mülklərin, evlərin, hamamların, digər abidələrin mədəni irs baxımından yenidən qiymətləndirilməsi və uyğun siyahılara qaytarılması vacib hesab edilmişdir.
– Yeni tikililərlə bağlı memarlıq uyğunluğu. Gələcəkdə Bayırşəhər ərazisində inşa ediləcək binaların və parkların tarixi memarlıq silueti ilə ziddiyyət təşkil etməməsi üçün onların hündürlüyü və dizaynı mövcud mühitlə uyğunlaşdırılmalıdır. Xüsusilə tikililərin hündürlüyünün 12 metrdən çox olmaması və relyefə uyğun planlaşdırılması tövsiyə olunur.
– Arxeoloji irsin qorunması. Zərgərpalan hamamında aparılan tədqiqatlar göstərmişdir ki, Bayırşəhərdə arxeoloji və konservasiya fəaliyyətləri sistemli və elmi nəzarət altında həyata keçirilməlidir. Mövcud və potensial arxeoloji sahələrin qorunması və şəhərsalma planlarında nəzərə alınması vacibdir.
Nəticə və çağırış
Bu müraciət mədəni irsin qorunması üzrə beynəlxalq hüquqi sənədlərin prinsiplərinə əsaslanaraq, dövlət orqanlarını və ictimaiyyəti Bayırşəhərin:
ilə bağlı təxirəsalınmaz tədbirlər görməyə çağırır.
Simpozium iştirakçıları adından: “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumunun Təşkilat Komitəsi
Bakı, 31 iyul 2025-ci il”.