Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bir müddət əvvəl “Təzadlar” AMEA-da ahıl akademik və professorların hesabat yığıncağındakı yuxulamalarından yazı dərc etmişdi… Bu yazıdan sonra qalmaqal böyüdü, tarixçi xanım professorlardan biri bizə “ayıb olsun” yazdı… Amma əməkdaşlarımız da elə bu professor xanımın ahıllığına susub, peşə fəaliyyətlərinə müdaxilə kimi qəbul etsələr də, dinmədilər, üstünə getmədilər… Söhbət isə pensiya yaşı çoxdan keçmiş, necə deyərlər, əmək məhsuldarlığı sıfıra yaxınlaşan bəzi alimlərin nədən yerini gənc alimlərə verməməsindən gedirdi…
Nə isə…

Bu dəfə məsələ, daha dəqiqi, qalmaqallı və düşündürücü problem Bakı Dövlət Universitetində peyda oldu. BDU- nun gənc müəllimi Aynur Qurbanqızı məsələyə, necə deyərlər, mötəbər maddi sübutla şərh və izah verməli oldu. Gənc alimin- müəllimin sosial media hesabındakı ürək ağrıdan statusunu “Təzadlar”a göndəriblər. Düzdür, xanımın həmin platformasındakı statusunu tapa bilmədik, amma “skrin” edilmiş status ortadadır. Sitat: “…Bu məsələ artıq şəxsi narazılıq yox, ciddi sosial problemdir! Buna göz yummalı deyilsiniz. Reaksiya verin, bu problemin ictimailəşməsinə kömək edin. Çünki pensiya yaşını çoxdan keçmiş, hətta 80-90 yaşında olan insanların illərlə eyni vəzifələrdə qalması yüzlərlə gəncin haqqını əlindən alır. Bu insanlar bəzən artıq iş qabiliyyətini itirsə də, sistem onları yerində saxlayır, gənclər isə diplomu ilə, biliyi ilə, ümidi ilə evdə qalır. Necə ki, məktəblərdə və bəzi sahələrdə 65 yaş limiti tətbiq olunur, ali təhsil və digər dövlət müəssisələrində də müəyyən yaş həddi olmalıdır. Məsələn, ən azından heç olmasa 70-75 yaşdan sonra işdə tutduğu yer başqasına verilməlidir…. 97 yaşında işə gəlmək artıq fədakarlıq deyil, sistemin problemidir. Bir tərəfdə yaşlı insanlar yorğun halda işləməyə məcbur olur, digər tərəfdə isə gənclər iş tapa bilmədiyi üçün ümidsizliyə düşür. Gənclər iş yeri açılsın deyə kiminsə ölməsini gözləməməlidir. Dövlət bu problemi görməli və ədalətli qanun qəbul etməlidir!

P.S. BDU əməkdaşı olduğum üçün bu lövhələri tez-tez görürəm(şəkil təqdim edilir). Yəni, universitetdə bu ənənə var ki, rəhmətə gedənlərin şəkli başsağlığı ilə birgə stenddə əks olunur. Hər dəfə yaşları məni heyrətləndirir. Bu dəfə isə ölərək universiteti tərk edən əməkdaşın 97 yaşı olması həqiqətən məni şoka saldı və acı təəssüf hissi keçirtdim. Universitet dövlət qərarı olmadan özü bu addıml ata bilmir? Qocaların pula tamahı və işə bağlılıqları da bu qərarı verməyə mane olur. Buna görə dövlət cavanların işsizliyini nəzərə alıb bu qərarı verməlidir!”.
İnanırıq ki, BDU- nun çox hörmətli rektoru Elçin Babayev bu əməkdaşın sualını cavablandırmaqda çətinlik çəkməyəcək…
SƏBUHİ
P.S.Mövzuya qayıdılacaq… BDU- da daha yaşlı professorlar kimlərdir?