Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

– Həkim, istərdik Şəkinin yetirməsi olan nevropatoloq Qalib Əsədovu «Təzadlar»ın oxucularına daha yaxından tanıdaq. Mümkünsə, özünüz haqqında oxuculara məlumat verərdiniz.
– 1968- ilin yanvarın 20-də Şəki şəhərində dünyaya göz açmışam. 3 saylı orta məktəbi əla qiymətlərlə bitirib sənədlərimi Tibb Universitetinə vermişəm. Universitetə birinci il qəbul olmasamda, ikinci il Tibb Universtetinin tələbə adını qazanmışam. İnistitutu bitirdikdən sonra Univesitetin nevralogiya kafedrasında çalışmışam. Sonralar maddi səbəbdən dolayı Şəkiyə qayıtmalı olmuşam. Şəkiyə qayıtdıqdan sonra isə əvvəlcə reanimasiya, daha sonra əsəb xəstəlikləri şöbəsində işləmişəm və əlillərin bərpa nevrologiya(sinir xəstəlikləri) üzrə fəaliyyət göstərmişəm. Eləcə də Əlillərin Bərpa Mərkəzi yaradılarkən baş həkim vəzifəsində çalışmışam. Yeri gəlmişkən, bu mərkəz Respulikada göstəricilərinə görə birinci yerdə durur. «Məsləhət» kanalında “Sağlam yaşa” televiziya proqramının müəllifi və aparıcısı olmuşam. Şəki İcra Hakimiyyəti tərəfindən səhiyyə sahəsində “İlin qalibi» döş nişanı ilə təltif edilmişəm. Həmçinin «Şəki və onun təbabət tarixi” adlı elmi tədqiqat monoqrafiysının müəllifiyəm. Müəyyən illərdə uğurlarıma görə bir çox təltiflərim də olub. 2009-cu ildə səhiyyə sahəsində “İlin qalibi» diplomu ilə təltif edilmişəm. Hətta 2017-ci ildə “Şəki və onun təbabət tarixi” adlı elmi işimə görə “Qızıl Medal” və «Ən yaxşı vətənpərvər tədqiqatçı alim” döş nişanı ilə təltif edilmişəm. Hal-hazırda Bakıda yaşayıram və “Turan” Klinikasında çalışıram. Ailəliyəm, iki övladım var…
– Qalib müəllim hansı səbəb sizi vadar etdi ki, tibbin məhz nevrologiya sahəsini seçdiniz?
-Mən məktəbdə oxuduğum zamanlardan beyinin funksiyası və strukturu həmişə mənim üçün maraqlı və müəmmalı olub. Daima özümə suallar verirdim ki, niyə insan yatır və yuxu görür? Yaxud, niyə insan sevir və nifrət edir? Niyə insan kədərlənir və gülür? Çoxsaylı belə «niyə»lə var ki, bu gün də mən onların arxasınca gedirəm və axtarışdayam. Bir sözlə “beyin” həmişə mənim üçün qaranlıq və düşündürücü bir sahə olub. Bu səbəbdən də tibbin nevrologiya sahəsini seçmişəm.
-Siz həm həkim, həm də tədqiqatçısınız. Təəccülü də olsa, elmlə məşğul omaqla yanaşı, gündəlik iş fəaliyyətinizi necə qoruya bilirsiniz?
-Yeri gəlmişkən, mən öz anama minnətdaram ki, anam həmişə mənim dərslərimə nəzarət edən zaman soruşurdum: məsələn, Spartaq niyə inqilab etdi? Niyə Fransada ara qarışdı? Şair yazdığı şeirdə nədən bəhs edir? Səbəb nə idi? Mən də bu suallara cavab axtarırdım… Əslində, deməli, uşaqlar kiçik yaşlarından tədqiqatçıdırlar. Bəzən valideynlərinə elə suallar verirlər ki, valideyin təəccüblə öz övladına baxır və deyir: “Bunu bilmək sənlik deyil, sənin yaşın düşmür müəyyən işləri biləsən” və s. Bu və buna bənzər ifadələri işlətməklə övladını sualdan yayındırırlar. Buna baxmayaraq, bu «niyə»lər məni həm də “tədqiqatçı” kimi yetişdirirdi. Uşaqların sualları mütamadi cavabsız qaldığından elə uşaqlar gələcəkdə «niyə» sualına cavab verə bilmir və özgüvənini itirir. Gəlin bu dövrün tədris sisteminə diqqət edək! Həqiqətən müasir tədris sisteminə nəzər salsaq, deyərdim ki, bugünkü sistem əzbərçilik üzərində qurulub. Bir müddət keçəndən sonra uşaqların bildikləri də tamamilə yaddan çıxacaq. Belə uşaqlardan müasir dövrün həkimləri, mühəndisləri, müəllimləri yetişirsə, arxadan gələn nəsil hansı biliyə, bacarığa sahib ola bilər? Kiçiklikdən uşaqların bütün suallarına böyük insanla dialoqun təzahürü kimi yanaşmaq lazımdır. Yəqinki valideyinlərim mənim üzərimdə çalışmasaydılar mən bu gün, dediyiniz kimi, savadlı, inamlı və sevilən həkim olmazdım.
-Nevroloji xəstəliklərin bu gün Azərbaycanda nələrin törətdiyini yəqinki şahidi olursuz. İnsan psixologiyasına bu qədər təsir edən amillər hansılardır? Hansı səbəbdən biz vaxtaşırı sosial şəbəkələrdən və tv-dən qətllər haqqında ağılasığmaz məlumatlar alırıq? Bu barədə fikirlərinizi bilmək yerinə düşərdi.
– Qeyd etmək istərdim ki, nevroloji xəstəliklər tək Azərbaycanda yox, bütün dünyada aktualdır. Əsasən imkanlı şəxslər gözəl həyat tərzi sürsələr də, belə şəhər həyatı istər- istəməz insanların əsəblərinə təsir etməyə bilməz. Amma sadə yaşayan insanlar kənd həyatı yaşasalar da təbiətin qoynunda özlərini çox rahat hiss edirlər. Onlar səsdən- küydən uzaq, sıxlıqdan kənar, həm də ekoloji çirklənmədən əziyyət çəkmirlər. Qeyd edilən belə həyat tərzi varlı və kasıb təbəqə arasında sağlıq baxımından özünü göstərməkdədir. Ümumiyyətlə, cəmiyyəti narahat edən qətllər, intiharlar barədə öz fikrimi insanlara çatdırmışam. Psixologiyada belə anlayış var: “Verter” fenomeni. Hətta Viktor Hüqo “Gənc Verterin əzabları” əsərini yazandan sonra cəmiyyət arasında imtiharların sayı artmağa başladı. Ümumiyyətlə, dünyada insanlar arasında belə hadisəyə “Verter fenomeni” deyirlər. Müsahibələrimdə nevroloq olaraq daima vurğulamışam ki, belə hadisələri tele-məkanda, sosial şəbəkələrdə, mətbuat səhfələrində tirajlamaq olmaz. Lakin bu gün elə dövrdə yaşayırıq ki, sosial şəbəkələr reytinq yığmaq və pul xatirinə belə yalnışlığa yol verirlər. Bu səbəbdən dolayı, qətllərin, intiharların sayı günü-gündən artmaqdadır. Belə hadisələr tək Azərbaycanda deyil, bütün dünyada aktualdır. Həkim olaraq, birmənalı şəkildə deyirəm: insanlar arasında deqradasiya gedir. Yəni, insan psixologiyası çox sürətlə iflasa uğrayır. Məncə, aidiyyatı sahələr gec olmadan hərəkətə keçməlidirlər!!! Bir məsələni də vurğulamaq istərdim. Bu gün ədəbi mühit özü sükut içindədir. Çünki daha əvvəlki dahilər yetişmir. İstər Azərbaycanda, istərsə də xarici dövlətlərdə. Müasir incəsənətdə Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Şəfiqə Axundovanı, Emin Sabitoğlunu əvəz edə biləcək bəstəkarlar varmı?! Olsun ədəbi sahədə hanı Bəxtiyar Vahabzadələr, hanı Xəlil Rza Ulutürklər? Çox sayda tarixdə iz buraxan dahilərimiz var. Bu gün onların timsalında kimin adını çəkib barmaq qatlaya bilərlər? Dünya gündəminə nəzər salsaq, Viktor Hüqo kimi yazarları, Enni Manikoni kimi bəstəkarları yetişdirmək mümkünmü?! Əlbəttə yox!

– Siz yaxın zamanlarda “Beyin” adlı kitabınızın təqdimatını etmisiniz. Təbrik edirəm. Bu kitabı yazmağa vadar edən hansı zərurət oldu?
«Cahil deməzdim, sadəcə, müəyyən kütlə var, anlamalıdırlar ki, yuxuda “at” görmək heç də mürada yetib uğur əldə etmək deyil…»
– “Beyin qırışlarında gizlənən sirr” kitabı mənimlə birgə oğlum, psixoloq Fuad Əsədov və nevroloq Qalib Əsədov, yəni bizim elmi düşüncələrimizdən birgə ərsəyə gələn elmi publisistik kitabdır. Fuad Əsədov hal-hazırda Macarıstanda psixologiya üzrə doktoranturanı oxuyur. Bəzən elə olurdu ki, sadə insanlar bizə suallar verirdilər… Maraqlandıqları üçün biz fikirlərimizi sadə insanlarla bölüşürdük. Onlar bizə sual verəndə bildiklərimizi çalışırdıq ki, açıqlayaq. İnsanlar arasında beyinə qarşı belə maraq bizi bu kitabi nəşr etməyə məcbur etdi. Deyək ki, bu kitab doğurdan da məhz o zərurətdən yarandı. Bu kitab elmi və tibbi terminlərdən uzaq, insanların anlaya biləcəyi formada yazılan elmi-publisistik kitabdır. Müasir dövrümüzdə mistik fikirlər yayıldığı üçün(falçılıq, yuxu yozmalar, ulduz falları, çöpçülük kimi bəzi insanları aldatma metodlarından istifadə edilirdi) sozü gedən kitab cəmiyyətdə öz yerini tapıb məncə. Beyinlə əlaqəli yaranan fikirlər insanda “özünü dərk” kimi təsəvvürlər yaradır. Bizim bütün düşüncələrimiz, davranışlarımız xarakterimiz, yuxularımız hamısı beyin qırışlarında gedən biokimyəvi reaksiyalardan asılıdır. Burda şüur və təfəkkür əsas rol oynayaraq, anadangəlmə proqramların inkişafı nəticəsində meydana çıxır. Sonrakı gündəlik həyatımızda hər gün çoxlu sayda beyinə informasiyalar daxil edilir. Beyin bu məlumatları saf- çürük edir. Bütün bu proseslər ön beyin qırışlarında gedir. Ona görə kitabın adını belə qoyduq: “Beyin qırışlarında gizlənən sirr”. Azərbaycanda sözü gedən kitab psixoloqlar və nevroloqlar üçün nəzərdə tutulmayıb. Tibbi cəhətdən məlumatı olmayan sadə insanlar üçündür. Cahil deməzdim, sadəcə, müəyyən kütlə var, anlamalıdırlar ki, yuxuda “at” görmək heç də mürada yetib uğur əldə etmək deyil.
«Bildiyimiz bütün canlıların şüuru özünə görə inkişaf edib. Sadə bir misal: siz elə bilirsiz ki, dovşan düşünə bilmir? Yəni, dovşan bilmir ki, harda və nə cür gizlənsə canavarın pusqusundan xilas ola bilər?!»
Aramızda yuxulara inananlar və ulduz falına görə öz həyatlarını tənzimləyən insanlar da var. Bütün bunlar əfsanə və suiveriyadır. Beynin əsas vəzifəsi xaricdən gələn qıcıqları-məlumatları qəbul edib cavab impulsu yaratmaqdır. Bildiyimiz bütün canlıların şüuru özünə görə inkişaf edib. Sadə bir misal: siz elə bilirsiz ki, dovşan düşünə bilmir? Yəni, dovşan bilmir ki, harda və nə cür gizlənsə canavarın pusqusundan xilas ola bilər?! Düşüncə bütün beyni olan canlıya xas olan bir amildir. İdrakda, zəkada insan beynində gedən biokimyəvi reyaksiyalardır. Bu gün insanda gedən biokimyəvi reyaksiyaların gedişatını pis vərdişlərlə(yəni narkotiklə və alkoqolla) dəyişməklə insanın beynini sıfırlamaq mümkündür. Belə hallarda biokimyəvi reyaksiyalar tamamilə başqa səmtə yön alır və insanı “şizofren” vəziyyətinə salır. Beləliklə, yaddan çıxarmayaq ki, insanı idarə edən onun beynidir…
-Bəs “Eftanaziya” nədir və onun funksiyası nədən xəbər verir?
– Bir həkim olaraq qeyd edim ki, “Eftanaziya” Azərbaycanda qadağan edilmiş sahədir. Amma və lakin bu əməliyyat Hollandiyada qəbul edilərək, xəstənin öz razılığı ilə həyata keçirilir. Məhs insan onkoloji və digər ağır xəstəlikdən əzab çəkdiyinə görə xəstənin yaxınları onun ölümünə səbəb ola biləcək belə bir əməliyyatı icra etməyə icazə verir. Xaricdə tibbi nöqteyi nəzərindən qəbul edilsə də, Azərbaycanda nədənsə qadağan edilmişdir. Mən özüm də həkim kimi Eftanaziya- nın əlehinəyəm.

«Məktəblərdə təhsil sistemi şagirdlərə savad vermir. Dərsliklərə nəzər salsaq, uşaqların savadlanmasına xidmət etmir…»
– Bugünkü dövr bambaşqadır. Gənclərin davranışı nevroloq olaraq sizi qane edirmi?!
– Bəli, bugün müasirlik gənclərin şüur və təfəkküründə aşınmaya meyillilik yaradıb. Üzaqgörən savadlı insanlar həyəcan təbili çalırlar. Çünki məktəblərdə təhsil sistemi şagirdlərə savad vermir. Dərsliklərə nəzər salsaq, uşaqların savadlanmasına xidmət etmir. Birmənalı olaraq uşaqları robotlaşdıraraq bilik və bacarığını sıfıra endirirlər. Məsələn, iki vur iki- dörd edir. Bəs uşaqlar bilirlərmi ki, iki vur iki niyə dörd etdi? Nədən səkkiz etmədi? Reallıq budur ki, müəllim, ancaq dərs saatını bitirməyə çalışır. Azərbaycanda yetişən alimlər və yaxşı mütəxəsislər Sovet təhsil sistemindən bəhrələnərək irəli gediblər. Əslində, Sovet sistemi deyilən bu tədris Alman təhsil sistemidir. Məktəblərdə tədris sisteminə nəzər salsaq görərik ki, məktəbin özündə belə maddi -texniki baza yoxdur. Tədris edilən texniki fənlərə aid laboratoriyalarda uşaqların yaddaşına həkk olunacaq heç bir təcrübə aparılmır. Təhsil Nazirliyi məktəblərdə tədrisin vəziyyətini görür, ya görmür, bu haqda heç nə deyə bilmirəm. Azərbaycan Avropaya inteqrasiya etdikdən sonra “krikulum” dərs sistemini qəbul ediblər. İndiki gənclər nə Bəxtiyar Vahabzadəni tanıyır, nə Hüseyin Cavidi, nə Mikayıl Müşviqi, hətta dövlətimizin himnini yazan Əhməd Cavadı belə tanımırlar. Küçələrdə gənclərlə aparılan ayaqüstü müsahibələr öz sözünü deyir. Belə səviyyəyə düşməyimizin səbəbi isə tele-məkanların şou əhlinin əlinə keçməsidir. Hansımız deyə bilərik ki, günün hansı vaxtındasa tanınmış alimlərlə televiziya görüşləri keçirilir? Nə qoymuşuq, nə axtarırıq! Bu gənclərin axırı hara gedir?
-Qalib həkim, insan öz beyninin hakimidir, yoxsa “beyin” insanın? İdarə etmədə hansı yanlışlığa yol verilir?
– Birmənalı olaraq beyin insanın hakimidir! Beyin mənə hansı göstərişi versə onu həyata keçirirəm. Biz elə düşünürük ki, azad iradəyə sahibik. Beyin hansı siqnalı versə, onu yerinə yetirməyə hazır olan insanıq. Bütün varlıqlar öz beyninin təcəssümüdür. Digər orqanlar isə beyinə xidmət etmək üçündür. Ürək beyinə qan ötürür, qara ciyər təzə- təzə qan istehsal edərək orqanları zəhərli maddələrdən təmizləyir. Mədə-bağırsaq yediyimiz lazımlı və kefiyyətli maddələri sovurub beyinə göndərir. Bəzən insan yaşa dolduqca beyində müəyyən proseslər başlayır. Cavanlıqda humanist xaraktercə mülayim olan insan aqresiv olaraq, sanki başqa birinə çevrilir. Çünki yaşlanmış insanın beynində atrefiya getdiyindən dəyişərək belə vəziyyətə düşür. Bütün baş verənlər beyində təzahür edir.
– Azərbaycan səhiyyəsinin bu günündən razısızmı? İnsanlar öz sağlamlıqlarını yetərincə təmin edə bilirmi?!
-Söz əgər səhiyyədən gedirsə, əlbəttə, onun inkişafından razıyam. Səhiyyədə bir çox irəliləyişlərə imza atmışıq. Bu gün Azərbaycanda bir çox mürəkkəb əməliyyatlar edilir. Hansıki, insanlar vaxt vardı ən ağır əməliyyatları etdirmək üçün xarici dövlətlərə üz tuturdular. Bu gün isə həmin əməliyyatlar Azərbaycanda həyata keçirilir. 10 il öncəyə qədər bizə yuxu kimi gəlirdi. Sadəcə, insanların maariflənməsi müəyyən qədər problem yaradır. Nədənsə insanlar öz sağlamlıqlarına çox laqeyid və biganədirlər. Sadə bir misal: tutalım evdə təmir işinə başlamaq istəyirik. Düşünürük ki, yaxşı mütəxəsisə ehtiyac var. Və onu tapırıq. Sıra özümüzə gələndə baş qoşmuruq. Sağlamlığımıza etinasız yanaşaraq, sağlamlığımızı qoruya bilmirik. Azərbaycan səhiyyəsi tərəqqiyə doğru inkişaf etsə də, nöqsanlarımız da az deyil. Əsasən xəstələrin narazılığı apteklərdə satılan dərman preparatlarının effekt verməməsindəndir. Ancaq inanıram ki, inkişafa doğru gedirik…
-Praktik təcrübənizdə sizi düşündürən və yadda qalan bir “pasiyent” olubmu?
-Mənim təcrübəmdə bütün xəstələr mənim üçün önəmli və əzizdir. Hətta unutmadığım və fəxr etdiyim xəstələrim də olub. İnanın, elə xəstəm olub ki, əlimi üzmüşəm. Ağır yol qəzalarında yaralanan, komaya düşüb gec ayılan, miningit keçirən böyük fəsadlarla mənə müraciət edən xəstələr olub ki, onları həyata qaytarmaq mümkün olub. Mən isə bu gün onlara baxıb fəxr edirəm və düşünürəm: bütün bunlar mənim həyatda qazandığım ən böyük naliyyətlərimdir!

– Xəstələrlə ünsiyyətdə empatiya və psixoloji yanaşmanın rolu sizcə, nə qədər vacibdir?
-Əlbəttə, “empati”yanın xəstələrə çox təsiri var. Elə olur ki, mənə sual verirlər: niyə “online”xəstələrə müalicə təyin etmirsiz? Bilirsiz, xəstə qapıdan girəndə mən onu görən kimi hiss edirəm və bilirəm ki, belə xəstəliyin mahiyyəti və təsiri nədən ibarətdir. Məncə, online xəstəyə müalicə təyin edən həkim çox böyük məsuliyyət daşıyır. Mənim sahəm elədir ki, mütləq xəstə ilə ünsiyyətdə olmalıyam ki, ona müalicə təyin edə bilim. Bütün həkimlərə də öz təcrübəmi tövsiyə edərdim.
-Robotlaşmış diaqnostika sizcə, gələcəkdə həkimi əvəz edə bilərmi?!
-“Robotlaşmış diaqnostika” dedikdə, yəqinki süni intelekti nəzərdə tutursunuz. Süni intelekt diaqnozu düzgün qoysa da mütləq xəstəyə həkim lazımdır. Belə ki, xəstənin məlumatlarını ötürmək üçün həmin proqramı istiqamətləndirən həkim gərəkdir. Ən azı belə düşünək: əgər müalicə xəstədə əks-göstəriş verərsə və ona nəsə olarsa, mütləqdir ki, kimisə ittiham edəsən. Əslində, bir çox ölkələrdə süni intelekt həkimin dostuna çevrilib. Bəli, yeri gələndə biz özümüz də süni intellektdən istifadə edirik. Gələcəkdə süni intelekt həkimin ən yaxın köməkçisinə çevriləcək.
-Özünüzə qarşı ən böyük tələbiniz nədi: İnsan- Qalib Əsədovu, yoxsa həkim- Qalib Əsədovu necə tamamlayır?
-Bilirsiz, özümə qarşı ən ciddi tələbim məsuliyyət hissidir. Qeyd edim ki, mən maksimalist insanam. Hansısa bir işi görməliyəmsə, onun üçün can qoymalıyam, yox görmək istəmirəmsə, öz fikrimi əvvəldən bildirərəm. Yeri gəlmişkən, axı mən müəllm də işləmişəm və tələbələrim olub. Mən tələbəni qiymətləndirəndə «5»i ürəklə yazardım. Amma üçü və dördü yazmazdım. Çünki tələbədən daha yüksək nəticə gözləyirdim.
-Gənc həkimlərə və tələbələrə nə məsləhət verərdiniz?
-Bu gün həkim adını döğrultmaq üçün güclü mütəxəsis olmaq lazımdır. Mütəxəssis öz sahəsi üzrə güclü inkişaf edərsə, həmişə yaddaşlarda qalacaq. Hətta mənə baş həkim vəzifəsi təklif ediləndə belə düşündüm və beynimə həkk etdim. Baş həkim olmaq gəldi-gedərdi. Lakin savadlı həkim mütəxəsis olmaq “Baş həkim” olmaqdan daha önəmlidir.
-Sonda, insan beynini daha sağlam və balanslı saxlamaq üçün oxucularımıza bir neçə praktik məsləhətiniz varmı?
-İnsanın beyni nə qədər zehni işlərlə məşğul olsa, bir o qədər inkişaf edir. Daima işlək beyin insanı ağıllı, zəkalı, müdrük edər. Beyini isə işlətməyin qaydaları çoxdur. Şahmat oynamaq, krasvord işləmək, kitab oxumaq, görmədiyin yerlərə səyahət etmək, özündə maraq dairəsi yaratmaq və gördüklərinin təfsilatına varmaq. Bütün bunlar insanın beynini məşq etdirir və beyin qabığındakı neyronların qocalmasının(tənbəlləşməsinin) qarşısını alır. Oxucularıma tövsiyə edərdim: daima hər gördüyünə maraqla baxaraq öyrənsinlər! Oxumaq və öyrənmək heç bir zaman gec deyil. “İnsan doğulduğu vaxtdan qəbir evinə qədər öyrənməlidir”. Yaxud, “İnsan bilmədiklərini ayağının altına qoyarsa, başı göylərə dəyər” və s.
-Çox sağ olun, Qalib müəllim. Sizə daha uca zirvələr arzu edirəm. Səsiniz həmişə yüksək tribunalardan gəlsin!
Söhbəti apardı:
Təranə Şəms,
AJB-nin üzvü, şair-publisist