Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2025 / 20:06

Bolqarıstan 2026-cı ildən avroya keçir – Rəsmi qərar təsdiqləndi

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin avroya keçidi uzunmüddətli perspektivdə həmişə müsbət faktdır, lakin keçid dövründə əhalinin sosial müdafiəsi məsələlərini həll etmək yerli hakimiyyət orqanlarının üzərinə düşür və bu, Bolqarıstana da aiddir.

Bunu “Tezadlar.az”ın Avropa bürosuna açıqlamasında Aİ-nin yüksək vəzifəli rəsmisi Bolqarıstanın avroya keçid prosesinin başa çatmasını şərh edərkən deyib.

İyulun 8-də avrozona ölkələri daha bir, sayca 21-ci üzvün – Bolqarıstanın üzvlüyünü təsdiqləyib. Bu, daha əvvəl kifayət qədər uzun çəkən müzakirələr və təsdiqləmə prosedurunun nəticəsi olub və yekunda Bolqarıstanın 2026-cı il yanvarın 1-dən ümumi Avropa valyutasına keçməsi barədə qərar qəbul edilib.

Həmsöhbətin fikrincə, istənilən valyuta denominasiyasının qiymətlərin sıçrayışı ilə müşayiət olunması adi iqtisadi prosesdir.

“İstehlakçı qiymətləri həmişə yüksəlir, lakin müxtəlif amillərdən asılı olaraq onların hamısı eyni vaxtda və eyni formada yüksəlmir. Avroya keçid zamanı qiymətlərin eyni vaxtda artması qaçılmazdır. Lakin müəyyən səviyyəyə qalxdıqdan sonra onlar yenidən stabil mövqe tapacaqlar”, – o qeyd edib.

Məmur hesab edir ki, avro investorlar tərəfindən qəbul edilən sabit valyutadır və uzunmüddətli perspektivdə Bolqarıstanın avrozonaya daxil olması ölkə iqtisadiyyatına və ticarətinə müsbət təsir göstərəcək. “Bu, digər Aİ ölkələrində ümumi valyutaya keçid təcrübəsində müşahidə olunub”, – o bildirib.

Qeyd edək ki, bu gün Aİ-nin İqtisadi və Maliyyə Məsələləri Şurası (ECOFIN) iclasının yekunları üzrə yekun sənədlər, o cümlədən 1 avronu 1,95583 lev nisbətində müəyyən edən məzənnə aktı təsdiq edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!