23 Sentyabr 2025 / 08:45

Britaniya Fələstindən məktəb dərsliklərinin dəyişdirilməsini tələb edir

Britaniya hökuməti Fələstin Milli Administrasiyasından (PNA) tam diplomatik münasibətlər qurmazdan əvvəl terrorçuların ailələrinə ödənişləri dayandırmağı və məktəb dərsliklərini yenidən yazmağı tələb edir.

Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Daily Telegraph” məlumat yayıb.

Qəzetin yazdığına görə, London PNA-nın israilliləri öldürən və ya onlara qarşı hücumlara görə saxlanılan “şəhidlərin” qohumlarına müavinət ödəməyi dayandırmasını israr edir. Qəzet Fələstin prezidenti Mahmud Abbasın fərmanla bu sxemə son qoymaq niyyətində olduğunu vurğulayıb.

Bundan əlavə, Baş nazir Keir Starmerin hökuməti antisemitizm səbəbiylə Fələstin məktəb dərsliklərində dəyişiklik etmək istəyir. Üçüncü tələb siyasi islahatlar və yeni seçkilərin təşkilidir. Qəzet əlavə edib ki, London bu məsələlərdə Parislə sıx əməkdaşlıq edir. Qeyd olunur ki, yalnız bu tələblər yerinə yetirildikdən sonra Böyük Britaniya Şərqi Qüdsdə səfirlik açmağa və ya Fələstinlə beynəlxalq müqavilə imzalamağa hazır olacaq.

Xatırladaq ki, sentyabrın 21-də Starmer Londonun Fələstin dövlətçiliyini tanıdığını elan etdi. O əlavə edib ki, Fələstinin radikal HƏMAS hərəkatı gələcəkdə Fələstinin idarə olunmasında heç bir rol oynamamalıdır və hərəkat üzvlərinə qarşı yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!