Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Noyabr 2025 / 12:07

Bu dünyadan Şahin Babayev keçdi: səssiz-səmirsiz, lakin böyük hörmət, rəhmət qazanaraq

…Onunla cəmi bircə dəfə yaxından ünsiyyətimiz alındı, lakin bu sadə, kübar, təvazökar insanı tanımaq üçün yetərli oldu.

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, Azərbaycan Jurnalistlər Birliyinin 70 illiyi münasibətilə 22 İyul – Milli Mətbuat Günündə Beynəlxalq Qalereyada layihə rəhbəri Aygün Əzizovanın olduğu tədbir keçirildi. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bir qrup jurnalisti bu mötəbər Gün münasibətilə Qalereyaya dəvət etmişdi. Və nə gözəl ki, həmin tədbirə dəyərli jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev də təşrif gətirmişdi.

Şahin bəylə həm mən, həm də AzTV-nin əməkdaşı Sevda Hüseyn xeyli söhbət etdik: problemlərdən, gözləntilərimizdən danışıb-dərdləşdik… Çox məsələlərdən danışdıq, çox “budaqlar silkələdik”… O isə kübarca bizi dinləyirdi. Sevda Hüseyn  jurnalist səfərləri ilə bağlı maraqlı təklif də vermişdi. Şahin bəylə söhbətdən sonra əmin idim ki, jurnalistləri düşündürən bir çox məsələlər öz həllini tapacaq.

***

…İki gün öncə  Şahin Babayevin qəflətən dünyasını dəyişməsi xəbərini eşitdikdə isə inana bilmədim. O çox sağlam görünürdü, lakin görünür ki, bu nəcib insanın qəlbi içində daşıdığı, lakin büruzə vermədiyi yüklərə tab gətirə bilmədi.

Şahin Babayev haqqında hamı yalnız xoş sözlər söyləyir: təmiz insan, əsl ziyalı, nəcib, səmimi, qayğıkeş, ədəbli. Hamı eyni fikirdədir. Birmənalı şəkildə. Lakin məni təəssüfləndirən məsələ odur ki, AJB-nin sədr müavini kimi uzun illərdir fəaliyyət göstərmiş 61 yaşlı jurnalistin dünyadan köçməsi ilə bağlı heç bir jurnalist qurumu, mətbuat təşkilatı… başsağlığı, nekroloq belə dərc etmədi. Sosial şəbəkələrdə yalnız ayrı-ayrı jurnalistlər onun vəfatı ilə bağlı kədərlərini dilə gətirdilər…

Bəli, Şahin Babayev çox kübar, səssizcə öz işləri ilə məşğul olan, özünü gözə soxmayan, qalmaqalsız, hay-küysüz jurnalistlərdən olub. O da öz ömrünü belə yaşadı: necə vardı, eləcə. Lakin o, bu diqqətsizliyə layiq deyildi.

***

Ruhun şad olsun jurnalist Şahin Babayev. Əminəm ki, yerdə görmədiyin dəyəri, göydə Sizə veriblər.

Sonda onu da əlavə edim ki, bəzi mötəbərlər yazıb ki, Şahin Babayevlə birgə şəkli yoxdur deyə, nəsə bir nekroloq paylaşa bilmir… Onunla uzun illər bir yerdə çalışmasaq da, bircə dəfə yaxından söhbət etsək də mənim o böyük ziyalı ilə şəklim var: ona görə də paylaşıram.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!