24 Avqust 2023 / 10:43

BU GÜN İKİ NEFTÇİ DƏNİZƏ DÜŞƏRƏK HƏYATLARINI İTİRİBLƏR

İki neftçi beton plitələrin çökməsi nəticəsində dənizə düşərək həlak olublar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

“24 avqust 2023-cü il tarixində “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər. Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, daha öncə hadisənin baş verməsi barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Aldığım məlumata görə bu gün , 24 avqust 2023-cü il tarixində saat 07:00 – da SOCAR-ın “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı Tikinti Quraşdırma sahəsinin ““Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əsaslı təmiri” obyektində yerinə yetirilən tikinti quraşdırma işləri zamanı dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı Ağammədov Şirvan Ataş oğlu (1960-cı il) və əl ilə qaynaqda elektrik qaynaqçısı Nərimanov Şamo Mətləb oğlu (1984-cü il) açıq dəniz sahəsinə düşərək itkin düşmüşlər”, – deyə o qeyd edib.

Daha sonra NHMB-nin sədri əlavə edib ki, dənizə düşən Ağammədov Şirvan Ataş oğlu (1960-cı il) və Nərimanov Şamo Mətləb oğlu (1984-cü il) cəsədləri dənizdən çıxarılıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!