13 Aprel 2026 / 12:59

Bu məhkəmənin hakimləri “100 adam/saat”ı “100 adam” kimi başa düşür- İNANILMAZ

…Yuxarı instansiya məhkəməsinin “təcrübəli” hakimi və Vəkillər Kollegiyasının “təcrübəli” vəkili tərəfindən “100 adam/saat” əmək sərfi termininin “100 adam” kimi təqdim edilməsi həm məntiqi, həm də peşəkar baxımdan ciddi suallar doğurur. Axı “adam/saat” anlayışı konkret olaraq müəyyən işin görülməsi üçün sərf olunan ümumi vaxtını ifadə edir – bu, 100 nəfərin eyni anda işləməsi demək deyil, bir nəfərin 100 saatlıq işi də, 10 nəfərin 10 saatlıq işi də ola bilər.
Belə bir əsas anlayışın yanlış şərhi isə sadəcə terminoloji səhv deyil, həm də məsələnin mahiyyətinin təhrif olunmasıdır. Xüsusilə hüquq müstəvisində, burada hər bir ifadənin və anlayışın dəqiq mənası olduğu halda, bu cür yanaşma qərarların obyektivliyinə və əsaslılığına kölgə salır.
Bəzən bir məhkəmə qərarı təkcə hüquqi mübahisəni həll etmir, əksinə, peşəkar savadsızlıq kimi daha dərin və narahatedici bir problemi üzə çıxarır. Bakı Apellyasiya Məhkəməsinin son qərarlarından biri bunun bariz nümunəsidir.
Məhkəmə işində müstəqil auditor Yasin Şirinov tərəfindən aparılmış ekspertiza üzrə iş 1 nəfər tərəfindən icra olunub, 14 gün davam edib və ümumilikdə 100 adam/saat əmək sərf olunub. Bu isə o deməkdir ki, iş 1 nəfər auditor tərəfindən yerinə yetirilmiş, 14 gün ərzində gündə orta hesabla təxminən 7,14 saat işlənilmişdir. Riyazi olaraq: 100 adam/saat ÷ 14 gün ≈ 7,14 saat/gün. Bu, tamamilə normal peşəkar göstəricidir.
Amma məhkəmə prosesində nə baş verdi? Cavabdeh tərəfin nümayəndəsi, Vəkillər Kollegiyasının “təcrübəli” vəkili “adam-saat” anlayışını belə başa düşdü: “100 adam işləyib”. Vəkil bundan belə bir “hesablama” çıxardı ki, guya bu iş üçün 100 nəfər cəlb olunub və bu səbəbdən xidmət haqqı “absurddur”.
Ən təəccüblüsü isə bu deyil. Ən təəccüblüsü odur ki, məhkəmə bu açıq səhvi düzəltmədi, uzun illər yuxarı instansiya məhkəmələrində çalışmış təcrübəli hakim bu termin səhvini izah etmədi və nəticədə ekspertin haqqını 3000 manatdan 300 manata endirdi.
Sadə dillə desək, bir sözün yanlış başa düşülməsi ekspertin əmək haqqında 2700 manatlıq fərq yaratdı.
Bu artıq hüquqi məsələ deyil, peşəkarlıq məsələsidir.
“Adam-saat” bütün dünyada istifadə olunan iqtisadi anlayışdır. Bu, işçi sayı deyil, sərf olunan əməyin ölçü vahididir. Amma bu anlayışın yanlış izahı ekspert əməyinin dəyərsizləşdirilməsinə, məhkəmə qərarının keyfiyyətinin aşağı düşməsinə və ən təhlükəlisi isə ədalətin texniki səhvlərlə təhrif edilməsinin səbəb oldu.
Əgər bu yanaşma davam edərsə, sabah hər hansı mütəxəssis məhkəməyə ekspert kimi getməkdən imtina edəcək. Çünki risk aydındır: siz işləyirsiniz, nəticə təqdim edirsiniz, məhkəmə ondan istifadə edir, amma haqqınız termin səhvinə görə kəsilir.
Bu, hüquqi dövlət üçün təhlükəli siqnaldır. Ədalət yalnız qərarla yox, düzgün anlayış və düzgün qiymətləndirmə ilə təmin olunur.
Qətnamədə cavabdeh tərəfindən “100 adam-saat” “100 nəfər” kimi təhrif edilib. Bu isə elementar iqtisadi anlayışın yanlış izahıdır. Məhkəmə qətnaməsində vəkil bildirir: 
“1. Hörmətli kollegiya, dövlət xəzinədarlığının auditi ilə bağlı heç 100 adam cəlb olunmur. Necə oldu ki, 2 icra sənədinin hesablaşması üzrə qalıq borca illik 5 faiz məbləğin müəyyən edilməsi tapşırığına 100 adam cəlb edildi və hətta 100 adamla birlikdə bu tapşırıq 14 günə icra olundu?!
2. Bundan əlavə, sərəncamla ekspertiza qərardadının icrası yalnız bir şəxsə tapşırılmışdır. Belə olan halda, 100 adamın tapşırığın icrasına cəlb edilməsi zərurəti nədən qaynaqlanır?!
3. Ekspertiza tapşırığının icra edən MMC-nin ştatında heç 100 nəfər işçi yoxdur. Tapşırığın icrasına 100 nəfər işçi haradan cəlb edildi? (MMC-nin cəmi 3 işçisi var).”
Məhkəmə bu savadsız izahı təkzib etmədi, onu dolayısı ilə qəbul etdi. Bu isə artıq sadə səhv deyil, sübutun mahiyyətinin dəyişdirilməsidir.
Akif NƏSİRLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!