4 Mart 2026 / 10:35

Bu ürəkdağlayıcı mənzərəyə görə bütün dünya utanmalıdır!-DƏHŞƏT!

Elə zəmanəyə gəlib çıxdıq ki, itin-pişiyin balasına yazığı gələn insanın insana yazığı gəlmir.
Dünya qan çanağına dönüb. Bu vur-vurum, bu qan -qada bitsin! Dirilər ölülərin dərdini çəkə -çəkə diri-diri gömüldülər…
Milliyyət, din, irq fərqi qoymadan, indiki zəmanədə insanam, insana yazığım gəlir…
Bu acıları izlədiyimçün ən çox da özümə yazığım gəlir… Dünyanın dərdini çəkib gecələr yata bilmirəm, gözlərimə yuxu getmir… Siz də eyni…
Deyirlər ki, İrandakı qızlar məktəbində baş verən faciəni əks etdirən bu foto süni intellektlə düzəldilib və inanmağımızı istəmirlər. Bu şəkil olmasaydı, onsuz da fikrimi izah etmək üçün başqa bir görüntü paylaşacaqdım, ya da süni intellektlə çəkəcəydim.
Tonlarla kimyəvi silah göydən un kimi ələnir insanların başlarına və təbii ki, ölənlər hər yaşda olan dinc sakinlərdir. Ümumiyyətlə, uşaqların məhv edilməsinə göz yuma bilmərəm! Haradasa bir körpənin canına qıyırlarsa, lap yəhudi balası olsun, lap erməni olsun, fərq etməz, acıyıram, çünki insanam, hisslrim var, o da insandır, onun da hissləri var. Cəmiyyətdə nə baş verdiyini dərk etməyən, anlaqsız körpələrin – o günahsız qurbanların taleyinə çox yanıram.
Biz də uşaq olmuşuq, özü də müharibə uşaqları. Həmişə mərmi səslərini uzaqdan eşitsəm də, qorxumdan gecələ yata bilmirdim. Hər gecə Xocalıdakı uşaqları düşünürdüm ki, birdən düşmən bizə sarı gəlsə, mən necə özümü müdafiə edəcəyəm, bəs bacı-qardaşlarımı necə qoruyacağam? O qədər fantastik xilas planları qururdum. Hələ anamı da gözdən buraxmırdım, çünki sonbeşik qardaşım dünyaya gələcəkdi, təşviş keçirirdim onlara görə…
Sapand düzəldərdim, halbuki bir quşu vurmağa əlim gəlməzdi, amma fikirləşirdim ki, silahımdır, əgər mühasirəyə düşsəm, ailəni təhlükələrdən xilas edə bilərəm onunla. Bağın ayağında, ağacların sıxlığında sığınacaq da düzəltmişdim, hava hücümundan müdafiə üçün. Nəysə, yəni uşaq aləmi… Hətta yadıma bəzi şeylər düşəndə öz avamlığıma gülürəm.
O ərəfələrdə qohum-əqraba da müharibənin qaynar nöqtələrindən qaçıb bizə pənah gətirmişdi. Yəni gördüyüm mühit o idi, düşüncələrim də o sayaq. Müharibələr insan taleyini dəyişdirir, büsbütün alt-üst edir, uşaqlıq illərin əllərindən alır.
Biz 80-90-cı illərin uşaqları daha nələr görmədik ki?
Ovaxtlar dünyagörüşüm nənələrimiz kimi idi, inanc və sınamalara çox alüdə idim, indi heç nəyə inanmasam da… Yanımızda təzə açılmış klub vardı, klubun da kitabxanası. Qadınlar bir-birinin bəhsinə ora daraşıb kitab oxuyurdular, heç kitabdan başı çıxmayan da. Həmin vaxtlarda oxuduğum bir kitabda yazılmışdı ki, əgər arzuna çatmaq istəyirsənsə, gecələr yatmazdan öncə çoxlu ulduz say. Hər gecə o ulduzların, hətta buludlu səmada da, işartılarını gözləyərdim, onları sayıb yatardım ki, arzuma çatım, sabah uzaqdan da olsa, mərmi səsləri eşitməyim… Həmişə içimdə səksəkə vardı, elə indi də o hisslərin keçmədiyini görürəm. Adicı mətbəxtdə qazanın qapağı yerə düşəndə dik atılıram, qəfil telefon zənglərindən səksənirəm və s.
Müharibə travmadır. Hazırda dünya əhalisi bunu yaşamaqdadır. O hesabdan, bəşəriyyətin dəlisi-dülüsü, şizofreni də artacaq. Əzəldən belədir. Qan-qada. Amma masada insan haqlarından danışanların sonradan bir-birlərinə qənim kəsilməkləri də yolverilməzdir, vicdansızlıqdır.
Bu, getdikcə bağrı bizimtək yarılan, görünüşü əhvalımız kimi qaralan, saralıb-solan yaşıl planetin adına utancdır. Elə bilirsiniz ki, ana təbiət bizi bağışlayacaq? Xeyr, əsla! Getdikcə onun da taleyi biz- insanların sayəsində qaralmaqdadır. Vaxt gələcək, onun qisası təkcə bir neçə millət olmayacaq, hamımız nişangahda olacağıq.
Qlobal istiləşməni konfranslarda, dəyirmi masalarda müzakirə edərək meşələrin getdikcə məhvindən, atmosferin müxtəlif zərərli qazlarla çirkləndirilməsindən danışanlar haradadır? Atılan raketlərin, partlayan neft çənlərinin, hərbi sürsat anbarlarının qara dumanları var ha, hərlənib -fırlanıb bizim ağciyərlərimizdən çıxacaq. Bunu demək üçün ekstrasens olmağa ehtiyac yoxdur.
Pafoslu sözlər deyil yazdıqlarım, reallığın özüdür…
Fəridə Aslanova Rüstəmova
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!