Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Taksilərdə yeni qaydalar: AYNA sıxır, sürücülər əzilir, sərnişinlər isə…

Son iki ildə taksi fəaliyyəti, sanki “islahat” adı ilə boğulur. Qayda üstə qayda, rüsum üstə rüsum, bir tərəfdən sistem yaratmaqdan danışılır, digər tərəfdən minlərlə sürücünün çiyninə yeni yük qoyulur.
Bir neçə il əvvəl taksi sürmək üçün “buraxılış vəsiqəsi” (125 manat) və “buraxılış kartı” (25 manat) almaq tələbi qoyuldu. Üstəlik, sürücülər ödənişli təlimlərə (təxminən 76 manat) cəlb olunur. Bütün bunlar, əslində, taksi fəaliyyəti üçün əlavə xərclər demək idi. Avtomobillərin yaşı da sərt tənzimlənib: buraxılışı 8 ildən köhnə maşınla taksi sürmək olmaz. Bu qaydalara görə, 15 ili keçmiş avtomobil isə ümumiyyətlə, istismardan çıxarılmalıdır. Qaydalara tabe olmayanlar üçün isə ağır cərimələr nəzərdə tutulub. İcazəsiz fəaliyyətə görə hüquqi şəxslərə 10 min manatdan 40 min manata qədər, buraxılış kartı olmadan işləməyə görə 50 manat cərimə tətbiq edilir. Üstəlik, rəng, nişan və texniki göstəricilərlə bağlı da vahid tələblər qoyulub. Bütün bunlar isə, sadə bir nəticə doğurur: sistem nizama salınır, amma bu nizama sürücülərin hesabına nail olunur.
Lakin görünür, “islahatlar” bununla bitmir. Bütün bu qaydaların ardınca indi də yeni məhdudiyyət gündəmdədir. Axı, bu yazıq taksilərdən nə istəyirlər? Sanki hər yeni qərar bu sahəyə yönəlir. İndi də paytaxtda fəaliyyət göstərən taksilərə 25 min limit qoyulur. Amma bu qərarın məntiqi və nəticələri barədə suallar səngimir.
Xəbər verilir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Bakı şəhərində taksi fəaliyyəti üçün verilən icazələrin sayı 25 min sayı ilə məhdudlaşdırılır. Yeni qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.
Tıxacların səbəbi taksilərdə deyil…

Rəsmilər iddia edirlər ki, guya taksi sayını azaltmaqla paytaxtı tıxacdan xilas edəcəklər. Amma bu, tamamilə reallıqdan uzaq yanaşmadır. Taksilər tıxacların əsas səbəbi deyil. Problem dərin və sistemlidir, infrastrukturun zəifliyi, yol tənzimlənməsinin qüsurları, parklanma, lüzumsuz velosiped zolaqlarının yaranması, onsuz da dar olan yolların bir az da daraldılıb avtobus zolaqlarına çevrilməsi və ictimai nəqliyyatın nizamsızlığı tıxac probleminin yaranmasında başlıca rol oynayır. Hə, az qala unutmuşdum, bir də şəhər mərkəzində göydələnlər tikib əhalini süni surətdə mərkəzə köçürmək!
Bundan əlavə, paytaxtda yolların süni şəkildə daraldılması, yük avtomobillərinin pik saatlarda hərəkəti, taksilər üçün dayanacaq yerlərinin azlığı, avtobusların interval probleminin həlli olunmadan tıxacların aradan qalxması mümkün deyil. Taksilərin sayını azaltmaq bu problemləri ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Süni tıxaclar yaradıb, sonra isə məsuliyyəti taksi sektorunun üzərinə yıxmaq ədalətsiz yanaşmadır.
Gənclər işsiz qalacaq…

Bu qərar təkcə nəqliyyat məsələsi deyil, həm də sosial məsələdir. Çünki bu gün gənclərin böyük bir hissəsi ailəsini taksi fəaliyyəti ilə dolandırır. Hətta rəsmi mənbələrə görə, son islahatdan sonra Bakı şəhərində təxminən 50 min taksi fəaliyyət göstərir və əgər icazə sayı birdən-birə 25 minlə məhdudlaşdırılarsa, minlərlə sürücü işsiz qalacaq. Nəzərə alsaq ki, hər bir sürücü ən azından 4 nəfərlik ailənin yeganə qazanc mənbəyidir, onda 100 min insanın çörəksiz qalması sosial problemlərə səbəb olacaq. Bəs bu insanlara hansı alternativ təklif olunur? Yeni iş yerləri varmı?
Əgər məqsəd nizam yaratmaqdırsa, birinci addım kimi alternativ məşğulluq imkanlarını yaratmaq olmalıdır və yeni iş yerlərinin açılması barədə düşünmək lazımdır. Yalnız bundan sonra hansısa məhdudiyyətlər tətbiq edilə bilər. Əks halda, bu, sosial ədalətsizlikdir.
Qərar tıxacı aradan qaldırmayacaq, əksinə, problemi daha da dərinləşdirəcək…

Əgər taksi sayı azaldılarsa, nəqliyyatda yaranan boşluğu kim dolduracaq? İctimai nəqliyyatın keyfiyyəti hələ də çox geridədir. İnsanlar səhər-səhər avtobus dalınca qaçır, metroda tıxac yaşanır. Belə vəziyyətdə taksilərin sayını azaltmaq, əksinə, şəhər nəqliyyatında xaosu artıracaq.
Bu qərar, əslində, problemi həll etmir, sadəcə “rəqəm” üzərində görüntü yaradır. Tıxacın, narazılığın, sosial gərginliyin azalması üçün real islahatlara ehtiyac var. Yeni marşrut şəbəkəsi, parklanma sistemi, yol hərəkəti intizamının gücləndirilməsi və ictimai nəqliyyatın modernləşdirilməsi lazımdır.
Artıq yol taksisi tapmaq mümkün deyil…

Onsuz da bu gün Bakıda taksi çatışmazlığı var. Sözün əsl mənasında, yol taksisi tapmaq müşkülə çevrilib. Əvvəllər bircə əl hərəkəti ilə, “qulağının dibini qaşıyan kimi”, maşını yanında saxladırdın. İndi isə bu mənzərə tamamilə itib. Yol taksiləri artıq yoxdur, onların yerini şirkət taksiləri tutub. Amma bu taksilər də çatdıra bilmir.
Şirkət taksilərində sifariş intervalları 30–40 dəqiqəyə qədər uzanır. Sadə dillə desək, yolda taksi saxlamaq mümkün deyil, tətbiqlə çağıranda da çox vaxt tapmaq olmur. Məsələn, dünən “Maksim” taksi xidmətinə, 2111-ə zəng vurdum. Düz 30 dəqiqə keçdi, hələ də “maşın axtarılır” cavabını verirdilər. Axırda sifarişi ləğv etməli oldum, şəhərdə taksi yox idi.
İndi təsəvvür edin, bu vəziyyətə üstəlik, bir də 25 min limit əlavə olunacaq. Onsuz da bu gün şirkətlərin özündə taksi çatışmazlığı var. Bəs limit qüvvəyə minəndə nə baş verəcək?
Rəsmi statistikaya görə, guya Bakıda 2 milyon 500 min əhali var. Amma hamı bilir ki, faktiki olaraq, Azərbaycanın yarısı Bakıda yaşayır. Əgər icazə sayı 25 minə endirilərsə, o qədər insana bu qədər taksi necə bəs edəcək?

Məqsəd aydındır: qiyməti qaldırmaq. Taksilərin sayını azaldıb süni çatışmazlıq yaratmaq, nəticədə qiymətlər öz-özünə qalxacaq. Düzdür, hazırda taksilərin qiyməti aşağıdır, müəyyən artım da ola bilərdi. Amma bu cür yox! Bu, islahat deyil, bazarın boğulmasıdır.
Nəticə: qərar yox, plan lazımdır…
Taksi limitindən əvvəl aidiyyəti qurumlar peşə hazırlığı, iş yerlərinin təşkili və infrastrukturun yenilənməsi kimi məsələləri həll etməlidir. Yoxsa “taksiləri azaltdıq” deməklə nə tıxac aradan qalxacaq, nə də insanların güzəranı yaxşılaşacaq.
Əksinə, bu qərar minlərlə ailənin dolanışığını risk altına atacaq və paytaxtda sosial gərginliyi artıracaq. Belə çıxır ki, aidiyyatı qurumlar tıxacla yox, bir tikə çörək üşün səhərdən axşama kimi sükan arxasında oturub hər cürə söz götürən taksi sürücüləri ilə mübarizə aparır… Hansı ki, sürücülərlə yox, problemlərlə mübarizə aparılmalıdır
Elşad FƏRMANOĞLU