10 Sentyabr 2025 / 14:59

“Bütün şəxsi heyət kütləvi şou və konsertlərə cəlb olunur, küçələrdə patrulluq edən yoxdur” – deputatdan irad

Qazaxıstan Milli Məclisinin deputatı Oljas Kuspekov kommersiya tədbirlərində asayişin qorunmasına hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb edilməsini yolverilməz hesab edir.

TEZADLAR.AZ    Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, o, müvafiq deputat sorğusunu Milli Məclisin plenar iclasında səsləndirib.

Onun sözlərinə görə, son aylar Qazaxıstanda fəal şəkildə böyük konsertlər və idman oyunları keçirilir ki, bu da Daxili İşlər Nazirliyinin əməkdaşlarının kütləvi şəkildə yayındırılması ilə müşayiət olunur.

“Məsələn, təkcə Astanada Cennifer Lopezin konserti üçün 1300-ə yaxın polis, Almatıda isə 2240-a yaxın polis, hərbçi və könüllü səfərbər edilib. Nəticədə paradoksal vəziyyət yaranır: bütün şəxsi heyət kütləvi şou və konsertlərə cəlb olunur, küçələrdə patrulluq edən yoxdur”, – deputat deyib.

O vurğulayıb ki, bu gün ölkədə 4 minə yaxın özəl mühafizə təşkilatı fəaliyyət göstərir və burada bu funksiyanı öhdəsinə götürməyə hazır olan 100 mindən çox peşəkar işçi çalışır.

Bununla bağlı o, kommersiya tədbirlərində təhlükəsizliyin mərhələli şəkildə özəl mühafizə strukturlarına verilməsini, polis qüvvələrinin müstəsna olaraq dövlət və ictimai-siyasi əhəmiyyətli tədbirlərdə istifadə edilməsini təklif edib.

“Məsələnin aktuallığını 2025-ci il sentyabrın 30-da Almatıda keçiriləcək “Kayrat” – “Real Madrid” matçı vurğulayır.Asayişin qorunmasına 2500-dən çox polis əməkdaşının və 300 Milli Qvardiya hərbçisinin cəlb edilməsi planlaşdırılır”,– deyə diqqətə çatdırıb.

Deputat  sistemə yenidən baxılmalı olduğunu və polisin vəzifəsinin dövlətin və vətəndaşların təhlükəsizliyini qorumalı olduğunu, konsertlərin və özəl tədbirlərin mühafizəsi ilə məşğul olmamalı olduğunu da qeyd edib.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!