Çinə məxsus beynəlxalq ticarət platforması “Temu”da Azərbaycan bayrağının və manat əskinazlarının təsvir olunduğu dəsmalların satışa çıxarılması cəmiyyətdə narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, üzərində 1, 5 və 10 manatlıq əskinazların şəkilləri olan, eləcə də bayrağımızın təsviri əks olunan dəsmallar platformada açıq şəkildə təqdim edilir.
Maraqlıdır, dövlət atributları sayılan Azərbaycan bayrağı və manatın bu formada istifadəsi hüquqi və etik baxımdan nə dərəcədə əsaslandırıla bilər?
Məsələ ilə bağlı açıqlama verən 30 nömrəli Vəkillər Bürosunun sədri, vəkil Ramil Vəliyev bildirib ki, Azərbaycan bayrağına və manatına bu şəkildə yanaşmaq dövlət rəmzinə birbaşa hörmətsizlikdir:
“Dövlət atributları və ya simvolları ölkənin müstəqilliyi, suverenliyi və dövlətçilik ənənələrinin əsas elementləridən biridir. Bunlar arasında bayraq, gerb və himn yer alır, o cümlədən vətəndaşların dövlətlə olan bağlılığını və həmrəyliyini də ifadə edir. Bu atributlara hörmətsizlik isə milli dəyərlərə və dövlətçiliyə qarşı hörmətsizliyin göstəricisi olaraq qiymətləndirilir”.
R.Vəliyevin sözlərinə görə, Azərbaycan qanunvericiliyi dövlət atributlarına qarşı hörmətsiz davranışları hüquqi məsuliyyətə səbəb olan hallar kimi qiymətləndirir və bu əməllər müvafiq qaydada cəzalandırılır:
“Dövlət atributlarına hörmətsizlik, müxtəlif formalarda özünü göstərə bilər. Məsələn, bayrağı tərsinə asmaq, dini və ya siyasi məqsədlərlə təhqir etmək, dövlət himnini hörmətsiz şəkildə ifa etmək və ya əksinə, atributlara qarşı digər uyğun olmayan hərəkətlər. Belə davranışlar vətənpərvərlik və milli qürurun zərbə vurması ilə yanaşı, milli birlik və sabitliyə də mənfi təsir edir. Hüquqi baxımdan, dövlət atributlarına hörmətsizlik ciddi məsuliyyətə səbəb ola bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.