Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Monopolistlərin ət bazarında xaos və gizli maraqları…

Son günlər bir sıra bölgələrin ət bazarlarında vəziyyət gərginləşib. Dabaq xəstəliyi ilə bağlı olaraq dövlət qurumları bir çox iri ət bazarlarının fəaliyyətini dayandırıb. Bu qərardan sonra həm ət qıtlığı yaranıb, həm də qiymətlər süni şəkildə bahalaşıb. Hazırda mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti 21 manata qədər yüksəlib. Əvvəllər 14-15 manata satılan sümüklü ət indi eyni çəkidə daha baha qiymətə təklif olunur. Satıcılar bahalaşmanı danaların azlığı ilə izah etsələr də, prosesin arxasında daha ciddi səbəblərin dayandığı istisna edilmir. Bu vəziyyətdə mütəxəssislər və ictimai sağlamlıq qurumları insanlara mal əti qəbulunda ehtiyatlı olmağı, xüsusilə ictimai iaşə obyektlərində, kafelər və restoranlarda satılan dönər və digər ət məhsullarını alarkən diqqətli davranmağı tövsiyə edirlər. Bir sözlə, ətin qiyməti qalxdı, “GÖZÜMÜZ AYDIN.”

Ən çox səs-küyə səbəb olan hadisələrdən biri isə Ağdaşda dana bazarının bağlanmasıdır. Bura regionun ən iri ət ticarəti mərkəzlərindən biri hesab olunur. İndi isə, oradakı satıcılar və alıcılar narazıdır. Bəs vəziyyətin rəsmi tərəfi necədir? Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb: ölkədə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti olaraq bağlanıb. Bildirilir ki, hazırda ölkə ərazisində heyvanlar arasında bəzi xəstəliklərin yayılması müşahidə olunur və bu, real epidemioloji risk yaradır.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Coşqun Məhəmmədəliyev mətbuata verdiyi açıqlamada belə deyib: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının apardığı qiymətləndirmə nəticələrinə əsasən, regionu əhatə edən bir sıra ölkələrdə təhlükəli heyvan xəstəliklərinə qarşı risk qrupu müəyyən edilib. Məhz bu səbəbdən, Respublikanın baş dövlət baytarlıq müfəttişi tərəfindən müvafiq qərar qəbul olunub. Qərara əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən iribuynuzlu heyvanların satışı həyata keçirilən bazarların fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub”.

C.Məhəmmədəliyev əlavə edib ki, regionu dörd böyük diri heyvan satış bazarı əhatə edir və hər birində məhdudiyyət tədbiq olunub: “Bu bazarların hər birində sağlamlaşdırma və baytarlıq-sanitariya tədbirləri tam yerinə yetirildikdən sonra onların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq”.
Hazırda əsas sual budur ki, dezinfeksiya və yoxlama tədbirləri nə vaxt yekunlaşacaq? Görünən odur ki, bazarlar yalnız vəziyyət tam “TƏMİZ” elan edildikdən sonra açılacaq. Amma o vaxta qədər ət bazarında yaranmış qıtlığın və qiymət artımının öz-özünə həll olunacağına inanmaq çətindir.
Bu gərginliyin fonunda satıcılar da narazılıqlarını gizlətmirlər. Onların sözlərinə görə, yoxlamalar artıq həddini aşıb, bəhanələr isə eynidir: “DABAQ XƏSTƏLİYİ” və “SAĞLAMLIĞIN QORUNMASI.” Onların sözlərinə görə, məqsəd əslində xalqın sağlamlığı deyil, pul toplamaqdır. Satıcıların sözlərinə görə, son günlər bazarlarda aparılan yoxlamalar əsasən “PEÇAT” ovuna çevrilib.

“İndi də düşüblər ətin üstünə. Deyirlər, dabaq xəstəliyi yayılıb və guya camaatın sağlamlığını qoruyurlar. Amma məqsəd tamam başqadır. Yoxlamağa gələnlər ancaq ətin üstündə “PEÇAT” axtarışındadır. Kimin satdığı ətin üstündə “PEÇAT” tapılmadı, dərhal 800 manat cərimə yazırlar. Kim 20-50 manat “tas” verir, hörmət eləyirsə, ona toxunmurlar. Hörmət eləməyənə isə, elə həmin andaca yoxlama göndərirlər, başlayırlar ətin sənədini axtarmağa,” – deyə bazar satıcıları bildirirlər.
Bəli, elədir ki, var. Bütün bu proseslərə baxanda aydın olur ki, məqsəd camaatın sağlamlığını qorumaqdan çox, süni şəkildə qiymət artımı yaratmaqdır. Aparılan yoxlamalar bir tərəfdən bazarın fəaliyyətini iflic edir, digər tərəfdən bazara ət gətirənlərin sayını azaldır. Nəticədə bazarda ət qıtlığı yaranır və qiymətlər süni şəkildə bahalaşır. Hazırda mal ətinin qiyməti 21 manata qədər yüksəlib, bu isə artıq qoyun ətindən də baha deməkdir.

Məsələ bununla da bitmir. Görünən odur ki, vəziyyət sadəcə yerli bazarların bağlanması ilə məhdudlaşmır — bu proses həm də yerli ət istehsalçılarının sıradan çıxarılması, xaricdən gətirilən donmuş ətlərin satışına şərait yaradılması məqsədi daşıyır.
Ölkədə yerli istehsalçının yetişdirdiyi təzə ətlər məqsədli şəkildə bazardan sıxışdırılır, onların yerinə isə Hindistandan, Macarıstandan, Özbəkistandan, Pakistandan və s. gətirilən buzlanmış ətlər bazara buraxılır. Həmin donmuş ətlər sonradan xalqın süfrəsinə gəlib çıxır. İnsanlar bu vəziyyətə haqlı olaraq narazılıq edirlər və düşünürlər ki, belə addımlar yerli istehsalçıya zərbədir, xalqın sağlamlığına təhlükədir. Onların fikrincə, bu işi təşkil edənlər xalqın düşmənidirlər. Çünki xalqın istehsal etdiyini sıradan çıxarıb, xaricdən gələn keyfiyyətsiz, ölmüş heyvanın ətini millətə yedizdirirlər. Gözümüzün qabağında kəsilən heyvanın ətini isə müxtəlif bəhanələrlə qadağan edirlər.

NİYƏ? Çünki o dondurulmuş ətlərdən kimlərinsə cibinə babat “XEYİR” gəlir. Halbuki bizim guya xəstə adlandırılan yerli heyvanların əti, o buzlu ətlərdən qat-qat keyfiyyətlidir. Bəli göründüyü kimi, bu, sadəcə bir xəstəlik bəhanəsi deyil, yerli istehsalın sıradan çıxarılması və xarici ətlərin bazara yolunun açılmasıdır. Ən çox zərər çəkən isə, həmişəki kimi, bazarda ədalət axtaran sadə insanlardır.
Elşad FƏRMANOĞLU