Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaz fəslinin başlanğıcında müşahidə olunan qeyri-sabit hava şəraiti hava-damcı yolu ilə yayılan kəskin respirator virus infeksiyalarında müəyyən artıma səbəb olub.
Tezadlar.az xəbər verir ki, bu barədə trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, qrip infeksiyasının pik dövrü artıq geridə qalıb.
“Yazın əvvəlində qeyri-sabit hava şəraiti respirator virus infeksiyalarında nisbi artıma səbəb olsa da, bu hal müvəqqəti xarakter daşıyır. Hava temperaturunun yüksəlməsi ilə xəstələnmə hallarının azalacağı gözlənilir. Mövcud artım ciddi hesab olunmur və bu tip infeksiyalar sağlam, immunkompetent şəxslərdə qısa müddətdə sağalma ilə nəticələnir.
Bununla belə, kiçik yaşlı uşaqlarda, immunçatışmazlığı olan şəxslərdə, ağır xroniki xəstələrdə və yaşlılarda bu infeksiyalar bəzi hallarda ağırlaşmalarla müşayiət oluna bilər.
Leysan yağışları və evlərin su basması halları ilə əlaqədar yarana biləcək infeksiyalar əsasən A hepatiti, həmçinin bakterial və viral bağırsaq infeksiyalarıdır. Bu xəstəliklər adətən hərarətin yüksəlməsi və diareya ilə müşahidə olunur. Hazırda bağırsaq infeksiyalarında artım qeydə alınmayıb”, – deyə o qeyd edib.
O bildirib ki, hazırda ölkədə qriplə bağlı epidemioloji vəziyyət sabit olaraq qiymətləndirilir. Qış ayları ilə müqayisədə yoluxma hallarının azalması müşahidə olunur.