Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(Esse)
Göyün və Yerin arası ilə yol gedirəm. İlk dəfə sənin duanı almadan, səsini, sözünü eşitmədən yola çıxdım. Adamlar yan–yörəmdə qarışqa kimi dolaşırlar, milçək kimi vızıldaşırlar. Maşınlar sadəcə, səs-küy salırlar, toz qoparırlar…
Hava bombozdur, ay heç doğmamışdı bu gecə, ulduzlar parlamamışdı. Gündüz də günəş doğmadı, şəfəq saçmadı. Quşları – sərçələri külək aparırdı, özləri uçmurdular. Hamı qəmə batmışdı, üzü gülən yox idi. Hər kəs beli bükülü haldaydı, içinə qapanıb öz dərdini çəkirdi, dərdini çölə vermək istəmirdi. Guya çölə versəydi, nə olacaqdı ki?.. Nə dəyişəcəkdi?
Hamı hər şeyi bilir, deyəsən. Bilir ki, dərdi çölə çıxsa, içi boş qalacaq. İçini dolduran elə o dərdidir ki, içini sürüyə-sürüyə, dərdini də içində sürüyə-sürüyə yol gedir. Heç kəs dayanmır, hamı çöldə-bayırda, yoldadır.
Səndən başqa… Hardan baxırsan mənə? Görürsənmi məni? Demək istəyirsənmi “çölə çıxanda əynini qalın geyin, üşütmə, canım?” Ya eləcə baxa-baxa qalmısan, dinə bilmirsən? Görürsənmi məni? “Səhər yeməyini yeməmiş çıxma, ömrüm” –demək istəyirsənmi? Bəlkə, dedin, mən eşitmədim?.. Mən evə qayıdanda “çayı qoy, isti çay iç, həyatım”, ardınca da “yeməyini yedinmi, canım?” soruşmaq istəyirsənmi? Bəlkə, soruşdun, mən eşitmədim?
Gecədən xeyli keçənəcən üzümə baxıb-baxıb gülümsəyəndən sonra: “Dur get yat, yatağına get, sevdiyim, sobanı yandır, ora soyuqdur”, – dedinmi? Bəlkə, dedin, mən eşitmədim?..
Daha sonra… daha sonra nə?.. Dedinmi ki, gecən xeyrə qalsın, şirin, dadlı yuxular görəsən, Allah rahatlıq versin?.. Bəlkə, dedin, mən eşitmədim?..
Ah!.. Hardan baxırsan mənə?
Hansı planetdəsən, doğmadamı, yaddamı? Düş gəl yanıma, görüm…
Canım ağrıyanda “ağrın mənə gəlsin, ömrüm”, demək istədinmi? Bəlkə, bunu da dedin, mən eşitmədim? Və ən axırda, ən sonda “məni sənsiz buraxma!” nidasını da eşitmədim, bəlkə?
Eh!.. Nə vəfasızam mən! Necə qorxağam! Uçub yanına gələ bilmirəm! Yox, qorxaq deyiləm, qorxaq deyiləm! Sadəcə, qanadlarım yoxdur, qanadlarım… yox, yox, qırılmayıb, amma yoxdur! Bilmirəm niyə yoxdur, bəlkə də, hələ çıxmayıb.
Amma sən gələ bilərsən, hə, gələ bilərsən. Sənin qanadların var axı, özü də güclü qanadlardır. Nə küləkdən qorxur, nə yağışdan, nə tufandan. Bərkiyib çünki, yağışı da görüb, yağmuru da.
Həm də sən yuxarıdasan axı, YU-XA-RI-DA! Ordan bura uçmağa nə var. Yerə yaxınlaşanda özüm tutaram səni, qoymaram yerə dəyəsən, elə qucaqlayaram ki, səni. Elə sarılaram ki, sənə!
İstəyirəm, Yerdə durasan. Yerdə yeriyəsən mənimlə. Onda ay da doğacaq, günəş də parlayacaq. İnsanlar da içlərindəki dərdi atacaqlar, amma içləri boş qalmayacaq, içlərinə bir dünya sevinc dolacaq! Qarışqa kimi gəzişməyəcəklər daha, milçək kimi vızıldaşmayacaqlar!.. Hər şey, hər şey mənalı olacaq onda mənimçün. Qulaqlarımdakı xəyali səsin gerçəkləşəcək, əllərinin təması doğrulacaq. Gülümsəyəndə üzümüzün cizgiləri yumşalacaq, həlim olacaq, gərginlik bizi sərbəst buraxacaq. Narın-narın yağış çisələyəcək, islanacağıq… Bomboz havanın üzü açılacaq, quşları külək aparmayacaq daha, özləri uçacaqlar.
İndi, elə bu anda – Yerin və göyün arasında yeriyə-yeriyə, bomboz havanın üzündən süzülən yağış damlalarının altında islana-islana sənin səsini tutmağa çalışıram.
“Hara belə, könlümün sultanı? Geri qayıt, uç gəl yanıma. Sənə açılan qollarımı, sənə uzanan əllərimi görmürsənmi?.. Mən doğma planetdəyəm, canım, yad planetdə deyiləm axı. Məni sənsiz buraxma, qorxuram, üşənirəm sənsizlikdən, nur üzlü mələyim!”
Dodaqlarım titrəyə-titrəyə pıçıldadım: “Sən də məni mənsiz qoyma, yaxşımı?..”
Zeynəb Əliqızı