3 Mart 2026 / 15:59

Ecazkar səsli, qəribə taleli “Bağrıyanıq” müğənni…

…Ötən illərin bir türk mahnısını dinləyirdim. Müğənninin sanki yana-yana oxuduğu bu mahnı qəlbimə toxundu. Dönə-dönə dinlədim. İnsanın içindəki iztirabı, az qala, hər cür sıxıntını ifadə edən bu mahnı onun səsində elə səsinə uyğun olaraq axırdı…

Dünyanın musiqi aləmində qeyri-adi səslər xeylidir, amma türk musiqisi bir ayrıcadır. Bu, bəlkə də, eyni kökdən olan xalqların keçirdiyi hisslərinin bir-birinə daha yaxın olmasından irəli gəlir. Haqqında söhbət açdığım bu mahnı Müslüm Gursəsin “Bağrıyanıq” mahnısıdır və sanki ifaçısının sıxıntılı taleyi ilə həmahəngdi. Məlumat üçün şəxsin bioqrafiyasını nəzərdən keçirmək bir ənənədir. Belə ki, müğənninin əsl adı Müslüm Akbaşdır və 1953-cü ildə Şanlıurfanın Halfeti ərazisinin Fıstıqözü kəndində dünyaya göz açıb. Uşaqlığının ilk illəri Şanlıurfada keçən müğənni üç yaşında ikən ailəsi ilə Adanaya köçür. Buna səbəb üzləşdikləri iqtisadi çətinliklər olur. Onun Əhməd adlı qardaşı və Zeyno adlı bacısı da vardı.

İbtidai məktəbdən sonra təhsilini davam etdirə bilməyən Müslüm Gursəs bir müddət ayaqqabı ustası və dərzi kimi çalışır. Bir televiziya proqramının qonağı olan ustad sənətkar sonralar o günləri xatırlayaraq deyirdi: “Adanaya gəldik. Kiçik bir evdə yaşayırdıq. O zaman Adana təbii ki, çox isti idi. Hamı damda yatırdı. İstidən biz də damda yatırdıq. Özümüz üçün mahnı oxuyurduq. Qonşular deyirdilər ki, “Səsin gözəldir. Yenə oxu, birini də oxu”. O vaxtlar Mustafa adlı bir dostumuz vardı, ayaqqabı ustası idi. O, xalq təhsil mərkəzinə gedirdi və bağlama (saz tipli türk simli aləti) çalırdı. Xalq təhsil mərkəzinin gözəl olduğunu danışdı. “Mən də gedə bilərəmmi?” – deyə soruşdum. “Gedə bilərsən”, – dedi. Getdim, orada musiqi təhsili çox gözəl idi. Mən 4-cü və ya 5-ci sinifdə oxuyurdum. Bir müddət getdik. Orada yetkinləşdik. Nəyin nə olduğunu gördük. Dəyərli müəllimlərimiz vardı”.

Müslüm, atasının etirazlarına baxmayaraq və anasının dəstəyi ilə 1967-ci ildə – 14 yaşında ikən Adanada bir çay bağçasında keçirilən mahnı müsabiqəsində iştirak edir və birinci yeri tutur. Elə həmin müsabiqədən sonra “Gursəs” soyadını götürür, eyni zamanda xalq təhsil mərkəzində musiqi dərslərini davam etdirir. Adanadakı bir kazinoda baş solist olan Sadıq Altınmeşə xəstələndikdə onu əvəz edən sənətçi alqışlarla qarşılanır və bundan sonra bir daha mikrofonu əlindən yerə qoymur. Sənətkar 1967-ci ildən etibarən hər şənbə günü TRT – Çukurova Radiosunda canlı olaraq xalq mahnıları da oxumağa başlayır. Eyni zamanda 1968-ci ildə “Əmioğlu/Ovada daşa basma” adlı ilk 45 dəqiqəlik albomunu buraxaraq karyerasında sürətlə yüksəlir.

Lakin sənətkarın ailə həyatında baş verən faciə onu sarsıtdı – 1969-cu ilin 29 may günü atası anasını qətlə yetirdi. Bir iddiaya görə, elə həmin gün qızını – Müslümün bacısını da qətlə yetirən atası həbs edildi. Və Gursəs bu hadisədən sonra İstanbula köçdü. O bu hadisə haqda heç nə danışmaq istəmirdi. İstanbulda yaşamağa başlayan müğənni burada 2 albom yazdırdı.

Sənətkarın taleyinə yazılmış uğursuzluqlar sanki onu izləməkdə idi.  Başıbəlalı müğənni 1978-ci ildə Anadolu konsert proqramı ilə bağlı Tarsusdan Adanaya qayıdarkən yol qəzası keçirir. Qəza anında onun öldüyü hesab edilərək morqa qoyulur. Lakin son anda sağ olduğu məlum olur və əməliyyata götürülür. Qəzada alnından ağır xəsarət alan müğənninin başına – beynini qorumaq məqsədilə lövhə taxılmışdı. Qəza nəticəsində sənətkar qoxu duyma hissini itirmişdi, bununla yanaşı, eşitmə duyğusu da ciddi zədələnmişdi və o, astadan danışmağa başlamışdı.

Bu qəza Müslüm Gursəsin həm şəxsi, həm də incəsənət həyatında dönüş nöqtəsi oldu – səsinin dərinliyi və ifa tərzi qəza sonrası daha da fərqli səviyyəyə keçdi. Dinləyicilərin dediyinə görə, bu səsə daha emosional və ağrılı bir ahəng də əlavə edildi. Bu travma, eyni zamanda onun musiqi üslubunun və dinləyici ilə təmasının güclənməsinə səbəb olan psixoloji təcrübəni formalaşdırdı. Ağır qəzadan sonra müğənni sanki həyata ikinci dəfə gəlir və Tanrı onu sanki fanatlarından ayırmağa qıymır. O, morqdan səhnəyə qayıdır. Həyatı param-parça olan sənətkar sənətinə davam edə bilir və 44 illik karyerası boyunca 78 alboma imza atır. Müğənni “Xəstə oldum, Allahım”, “Ulu Tanrım, bu nə dərddir?”, “Bu qədər işgəncə günahdır”, “Yetər, Tanrım, yetər” mahnılarını sanki taleyinə, bəxtinə üsyan edərək oxuyurdu.

Müğənnilikdən əlavə, Müslüm Gursəs bir çox filmlərdə də rol alıb. İlk dəfə 1979-cu ildə lentə alınan “Üsyankar” adlı filmdə çəkilib. Bütün çətinliklərə rəğmən, onu hər zaman yenidən həyata bağlayan yalnız həyat yoldaşı Möhtərəm Nur idi. Onlar 1982-ci ildə Adana turunda tanış olmuşdular. Bu tanışlıqdan sonra isə heç vaxt ayrılmadılar. Kino aktrisası olan Möhtərəm Nur həyat yoldaşının istəyi ilə sənətdən uzaqlaşdı. Müslüm Gursəs isə həyatı boyunca ümumilikdə 38 filmdə rol aldı. Onun çəkildiyi sonuncu film 2011-ci il istehsalı olan “Şou-biznes” filmidir. (2018-ci ildə – artıq həyatda olmadığı zaman – sənətkarın öz həyatından bəhs edən “Müslüm” filmi isə çox böyük uğur qazanmışdı.)

Bir sənətkar ölümsüzlüyü qazanan Müslüm Gursəs 15 Noyabr 2012-ci ildə İstanbul Memorial xəstəxanasında “by-pass” əməliyyatına alınır, lakin əməliyyatdan sonra ağciyər və ürək çatışmazlığı səbəbindən reanimasiyaya göndərilir. Ona süni nəfəs cihazı qoşulur. Bütün cəhdlərə baxmayaraq Gursəs 3 mart 2013-cü ildə müalicə aldığı İstanbul Memorial xəstəxanasında dünyasını dəyişir…

***

…İnsanlar ona “Müslüm baba” deyirdilər. Çünki o, sadəcə, müğənni deyildi, sanki insanların dərdini səsində daşıyırdı və beləliklə, fanatları ona ata kimi bağlanırdılar. Yəni “Müslüm baba” ləqəbi təsadüfi deyildi. O, bir növ, kasıb və kənarda qalan insanların səsi idi. Onun dinləyicilərinin çoxu fəhlələr, kənddən şəhərə köçənlər, ağır həyat tərzi yaşayan insanlar, məhəllə gəncləri idi. Onlar öz dərdlərini onun səsində tapırdılar. Müğənni sanki onların dilə gətirə bilmədikləri dərdlərini danışırdı. Onun səsi “ağrı səsi” idi. Müslüm Gursəs oxuyanda səsi titrəyirdi. Bu səs içdən gəlirdi. İnsanlar deyirdi ki, “o oxumur, yanır”. Bu yanğı hissi onu adi müğənnidən fərqləndirirdi. Onun konsertlərində insanlar ağlayırdılar, qollarını kəsən fanatlar olurdu (təəssüf ki, belə hallar yaşanıb), səhnəyə çıxıb ayaqlarına sarılanlar olurdu. Bu artıq musiqidən çox, emosional bağ idi. O, fanatları üçün güclü idi, dözümlü idi, taleyə qarşı dik duran adam idi. İnsanlar özlərini onun “övladı” kimi hiss edirdilər. İnsanların ağrısını daşıması, onlara təsəlli olması – ətrafında emosional bir ailə yaranması demək idi. O, sadəcə, sənətçi yox, bir emosional sığınacaq idi.

Onun kədərli və dərdli mövzular daşıyan mahnıları “arabesk” janrındadır və çox güclü emosional ifa üslubu var. Arabesk – Şərq (ərəb) melodiyaları ilə türk musiqisinin qarışığıdır və dərin emosiyalı, kədər və taleyə üsyan üslublu türk musiqi janrıdır. Bu janr Türkiyədə formalaşıb, ərəb melodiyalarından və türk sənət musiqisindən təsirlənərək şəhər mühitində, xüsusilə köç edən və kasıb təbəqə arasında yayılıb. Daha çox mahnı formatında olub, sosial ağrıları ifadə edir. Daha sadə quruluşlu və populyar janrdır.

Arabesk musiqi uzun müddət elit dairələr tərəfindən aşağı baxılan janr idi. Amma Müslüm Gursəs bu janrı hörmətli, güclü, dərin bir səviyyəyə qaldırdı. Bir vaxtlar arabesk “çox kədərli”, “insanları bədbin edən” janr olduğundan tənqid də edilirdi. Amma bununla belə, milyonlarla insan bu musiqi janrında öz iç dünyasını tapırdı.

Bu yazıda əfsanəvi müğənni Müslüm Gursəsin həyat hekayəsindən bəzi fraqmentləri seçdik. Onun oxuduğu yalnız bir mahnıdan gələn bu təəssüratlar sənətkarın qəribə taleli həyatıyla yanaşı, yaradıcılığına da olduqca qısa bir ekskurs etməyə imkan verdi. Göz yaşlarımı saxlaya bilmədən oxucularımla paylaşdığım bu duyğularımı mümkün qədər qısaltmağa çalışdım. Dinlədiyim həmin mahnının sözləri isə sanki sənətkarın həyatını öz səsiylə ehtiva etmişdir və mahnıdan bir neçə bəndi (orijinalı saxlayaraq) burada qeyd etməyə bilmədim:

Bu genç yaşımda beni dertlere attın felek,

Acımadan sen benim bağrımı yaktın felek.

Hainsin, zalimsin sen felek, felek,

Birgün daha geçti ömrümden

Böyle garip kaldım bağrıyanık.

Keder eksik olmaz gönlümden,

Gören bana diyor bağrıyanık.

Bütün ümitlerim bitmiş,

Bütün sevdiklerim gitmiş.

Yaşamak hevesim bitmiş,

Olmuşum bir bağrıyanık of, of…

Bağrıyanık…

Zeynəb Əliqzı (Əli Yaşa)

zeyneb

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!