Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vurub. Tezadlar.az DİN-ə istinadla bildirir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Yol hərəkətinin təhlükəsizliyi üzrə tanınmış ekspert Ərşad Hüseynov bu hadisəyə belə şərh verib: “Təəssüf ki, belə acı xəbərlər gəlməkdədir. Nə qədər ki, real bir iş görülməyəcək, belə xəbərlər də gəlməkdə davam edəcək… Lənkəran rayonunun Şovu kəndində, Lənkəran-Lerik yolunda məktəbə gedən 8 və 9 yaşlı bacı-qardaş “Mercedes” markalı avtomobillə vurulub və hər ikisi dünyasını dəyişib. Çox ağır faciədir. Onların valideynlrinə və yaxınlarına təsəlli verəcək söz tapmaq çox çətindir. Allah rəhmət eləsin. Hadisəyə hüquqi qiymət vermək fikrində deyiləm, bunun üçün təfərrüatları da bilmirəm. Lakin bircə şeyi dəqiq bilirəm. Bu faciədə həmin uşaqların heç bir günahı yoxdur. Günah yalnız böyüklərdədir: təhlükəsiz yol tikə bilməyən, yol hərəkətini təhlükəsiz təşkil edə bilməyən, təhlükəsiz avtomobil idarə edə bilməyən, təhlükəsiz sürücü hazırlaya bilməyən, uşaqlara yollarda təhlükəsiz davranışı öyrədə bilməyən böyüklərdə…”.
Əlavə şərhə yer varmı?
Ramiz Əhmədoğlu