6 Yanvar 2026 / 13:28

“Ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir” – Prezident İlham Əliyev

Bizim İraqda, buna qədər isə həm Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik.

Tezadlar.az  xəbər verir ki,  bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı  deyib.

“Qəzza sektorunda vəziyyətə gəldikdə, zənnimizcə, kimin mandat verəcəyi və onun necə olacağı indiyədək aydın deyil. Bu, sülhməramlı əməliyyatlar, yaxud sülhün bərqərar olması – ingiliscə deyildiyi kimi, “peacekeeping” və ya “peace enforcement” olacaq. Bunlar iki ayrı-ayrı məfhumlardır. Təbii ki, biz ikinciyə hazır deyilik və hətta heç vaxt öz iştirakımızı nəzərdə tutmamışıq. Əfqanıstanda bizim sülhməramlı missiyamıza gəldikdə, xoşbəxtlikdən və o cümlədən mövqeyimiz sayəsində bizim heç bir zərərçəkənimiz olmadı. Yəni bütün bu illər ərzində qurban vermədik, məhz ona görə ki, öz funksiyamızı strateji obyektlərin qorunmasında görürdük. Biz heç vaxt döyüş əməliyyatlarında iştirak etmədik və Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur.

Amerikalı tərəfdaşlarımızın diqqətinə çatdırdığımız ikinci amil ondan ibarət idi ki, mənim ölkəm təcavüzdən zərər görüb, Birinci Qarabağ müharibəsində böyük qurbanlar verib. Bununla belə, az olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də qurbanlar olub. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz. Ərəb Liqası var, Ərəb Liqasının mövqeyi mövcuddur, o, yetərincə aydındır və biz buna uyğun hərəkət edirik. İslam Əməkdaşlıq Təşkilatının qərarları var və biz də, o cümlədən bu qərarları qəbul etmişik və buna əməl edirik. Ona görə də lazımsız fəallıq göstərmək və yenə də parovozun önündə qaçmaq o qədər də yaxşı məşğuliyyət deyil”, – deyə Prezident İlham Əliyev bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!