2 May 2024 / 19:04

ERMƏNİSTAN MN-NİN 2 ƏMƏKDAŞI HƏBS EDİLİB

 Ermənistanda Müdafiə Nazirliyinin iki əməkdaşı həbs edilib.

TEZADLAR.AZ erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, onlar aprelin 12-də 4 hərbçinin ölümü ilə nəticələnən hərbi yük maşınının qəzaya uğraması işi çərçivəsində həbs edilib.

Onlar Ermənistan Cinayət Məcəlləsinin 538-ci maddəsinin 4-cü hissəsi (nəqliyyat vasitələrini idarə etmə və ya istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə ittiham olunublar. Bu maddə üzrə maksimum cəza 8 il müddətinə azadlıqdan məhrumetmədir.

Qeyd edək ki, aprelin 12-də Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb. Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə alınıb. “Ural” markalı yük avtomobili naməlum şəraitdə yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.

 

 

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!