…Dağdağan kəndi deyəndə ilk öncə Mir Möhsün Nəvvabın yazdığı o qüssəli cümlələr yada düşür. Avan koxa burada əsir tutduqları müsəlman uşaqlarının diri-diri dərisini soydurardı. Dünən dumanlı havada Dağdağan məzarlığını gəzirdim ki, gorbagor Avan koxanın qəbrini tapım. Ancaq köhnə məzarlıqda maraqlı sinə daşlarına rast gəldim. Həmin sinə daşları xristianlıqdan çox öncəki mədəniyyətin qalıqlarıdır. Məzar daşlarının çoxunun üstündə xaç yoxdur. At üstündə qoluna şonqar qonan oğlan təsvirləri var. Atların bəzilərinin quyruğu düyünlənib, bəzilərinin quyruğu kəsilib.
Bu qədim Türk adətləridir. Oğlanlar döyüşə gedəndə atların quyruğunu döyürdülər. Hansı igid döyüşdə ölürdüsə, atının quyruğunu kəsirdilər. Quyruğu kəsilmiş atları kəmənd atıb boğur, onun əti ilə ölənə ehsan verirdilər. Bu qəbir daşları əyani şəkildə sübut edir ki, Ağbağ və Qarabağ mahallarında xristianlıqdan qabaq bizim Türk alplarımız yaşamışdır. Bizim Dağlıq Qarabağ kimi tanıdığımız mahalın adı Ağbağ idi. Ağbağ nəslindən xristianlıq dövründə görkəmli elm və din xadimləri çıxmışdır. Ermənilər o şəxslərin soyadını Axbaxetsi, “Axbaxetsi kimi yazmaqla uzun illər bizim alimlərin diqqətini azdırdılar. 1923-cü ildə mahalı Dağlıq Qarabağ adlandırmaqla dedilər ki, Ağbağ xristian mədəniyyətinə varislik iddiaları qaldırmayaq. İnanmaq istərdim ki, tezliklə Xankəndində Elmlər Akademiyasının Elmi Mərkəzi açılacaq.
Biz orada mağaraları, sığnaqları gəzərək Ağbağın unudulmuş keçmişini ağ günə çıxaracağıq…
İlhami CƏFƏRSOY,
Araşdırmaçı