19 İyul 2025 / 09:55

Ermənistanda müxalifətçi Ruben Akopyan həbs edilib

Ermənistan parlamentinin keçmiş deputatı, siyasi xadim Ruben Akopyan Ermənistanda ölkədə “hakimiyyətin devrilməsinə ictimai çağırışlar” ittihamı ilə həbs edilib. Müvafiq qərarı iyulun 19-da Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi qəbul edib.

Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Akopyanın həbs olunduğunu açıqlamışdı. O, hökumətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, istintaqın fikrincə, siyasətçiyə qarşı belə ittihamların irəli sürülməsinə əsas iyulun 1-də dərc olunmuş müsahibə olub.

Beş hüquq müdafiəçisi daha əvvəl bəyanat vermişdi və vurğulanmışdı ki, müxalif siyasətçi Ruben Akopyanın cinayət təqibi söz azadlığının boğulmasının növbəti təzahürüdür.

“Akopyana bir neçə həftə əvvəl verilən və gələcəyə deyil, keçmişə aid siyasi qiymətlərə görə ittiham irəli sürülüb. Bu şəraitdə istər dil, istərsə də hüquqi nöqteyi-nəzərdən sağlam məntiq çərçivəsində “çağırış” fenomenindən danışmaq mümkün deyil”, – məlumatda deyilir.

Hüquq müdafiəçiləri əmindirlər ki, hər bir konkret halda tənqidi bəyanatlara qoyulan qadağaları daim genişləndirməklə hakimiyyət “birtərəfli oyuna” nail olmağa çalışır, burada hakimiyyətə nə isə imkan verilir, istənilən müxalifətçi isə uydurma ittihamlarla istənilən vaxt həbs oluna bilər.

Xatırladaq ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Karapetyan iki ay müddətinə həbs edilib. Daha sonra terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinən arxiyepiskop Baqrat və arxiyepiskop Mikael Ajapaxyan, həmçinin “Müqəddəs mübarizə” müxalifət hərəkatının tərəfdarları da eyni ittihamla həbs ediliblər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!