16 Sentyabr 2025 / 13:42

Ermənistanın sərhəd möhüründən Ağrı Dağın təsviri çıxarılacaq

Bu ilin 1 noyabrından etibarən Ermənistan Respublikasının dövlət sərhədindən keçən zaman pasportlara vurulan giriş-çıxış möhürlərində Ağrı Dağın təsviri olmayacaq. Tezadlar.az  NewsArmenia-ya istinadla xəbər verir ki, Ermənistan hökuməti 11 sentyabr 2025-ci il tarixli qərarı ilə 2011-ci il 12 mayda qəbul olunmuş “Dövlət sərhədi rejiminin müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib. Yeni qaydalara əsasən, dövlət sərhədinin keçid möhürlərində yalnız “Ermənistan” (“ՀԱՅԱՍՏԱՆ”, “ARMENIA”) yazısı, sərhəd-keçid məntəqəsinin adı, tarix (gün, ay, il) və hava, dəmir yolu və avtomobil keçid məntəqələrini göstərən simvollar əks olunacaq. Qeyd edək ki, Ağrı Dağı hazırda Türkiyə ərazisində yerləşsə də, Ermənistan üçün tarixi və simvolik əhəmiyyət daşıyır.
 Dağın təsviri uzun illərdir Ermənistanın müxtəlif rəsmi sənədlərində, rəmzlərində və hətta dövlət möhürlərində yer alırdı. Ekspertlər bu dəyişikliyi Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirirlər.
Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 30 ildən artıqdır ki, kəsilib və quru sərhədlər bağlıdır. Tərəflər 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin bərpası ilə bağlı danışıqlara başlayıblar. Bu kontekstdə diqqətçəkən hadisələrdən biri də Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsinin sentyabrın əvvəlində 30 ildən sonra ilk dəfə Azərbaycanın hava məkanından istifadə etməsi olub.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!