Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“…Axı, necə ola bilər ki, ölkə mətbuatı, elektron media, sosial media Ramiz Mehdievdən və onun sadiq komandasından yazır, amma Fatma Abdullazadəni yada salan yoxdur…”.
“Təzadlar”a daxil olan oxucu mesajını burda dayandıraq. Amma vaxtilə Prezident Administrasiyasında hər işdə baş olan Fatma Abdullazadənin indi adı çəkilməsə, bizcə, xətrinə dəyər. Axı, PA-nın Humanitar şöbəsinin müdiri olmu. Fatma xanım Ramiz Mehdiyevin adından nə istəsə edə bilirdi. Hətta mətbuatın işinə qarışırdı, Xalq şairlərini daxili “istintaqı”na çəkib az qala infarkt edirdi. Sübut? Bu da sübut: Xalq şairi, ustad Məmməd Arazın həyat yoldaşı (Allah hər ikisinə rəhmət eləsin!) Gülxanım Fətəliqızı Məmməd Arazın xatirələrindən ibarət “Ömürdən yarpaqlar” kitabını ərsəyə gətirmişdir. Kitabda Məmməd Arazla bağlı 1999-cu il xatirələrinin biri də “Təzadlar” qəzeti ilə bağlıdır.
Arayış üçün: həmin gün “Təzadlar”da belə bir siyasi replika dərc olunmuşdu: “ELAN: Etibarsız sayılr! Vaxtında dədə-baba torpağına qayıtmadığı üçün Qarabağ camaatı etibarsız sayılır!”. Növbəti siyasi replika: “Bu Qarabağ köçkünlərini heç başa düşə bilmirik. AzTV-də çıxış edib deyirlər ki, “Möhtərəm Prezident nə vaxt əmr eləsə, əlimizə silah alıb gedib torpaqlarımızı azad edəcəyik!” Yaxşı, tutalım Prezidentin başı qarışdı, heç sizə o əmri vermədi, gedib torpağınızı azad etməyəcəksiniz??? Qalxın ayağa, səfərbər olub gedin dədə-babanızın yurdunu azad edin də!”.
Xalq şairi Bəxtiyar Vahabzadə danışır: “Ay oğul, o “Azərbaycan” qəzetində Bəxtiyar kimdi, zəng edib Fatmaya deyib, Fatma da Ramiz Mehdiyevə bildirib ki, bəs, Asif Mərzili xalqı üsyana çağırır, yazıb ki, ayağa qalxın… Bu nə məsələdir???”.
Mən də Horadizdəyəm, hərbi hissəyə yardım aparmışıq, dərhal izah verirəm ki, orda elə şey yoxdur…
Deməli, Fatma xanım Ramiz Mehdiyevə tərsinə məruzə edir. O da Prezident Heydər Əliyevə fərqli izahlayır…
Beləliklə, üstündən uzun illər keçir, Gülxanım Fətəliqızının Məmməd Arazın xatirələrindən ibarət “Ömürdən yarpaqlar” kitabında oxuyuruq ki: “…Bəxtiyar müəllim əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim. Bu məqamda telefona zəng gəldi, Prezident Aparatından Fatma Abdullazadə Məmmədlə danışmaq istədiyini bildirdi. Dedim ki, Bəxtiyar Vahabzadə ilə danışır…
Dedi:
– Buyursunlar, gözləyirəm… Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu. Onun redaktoru yaman cığallıq edir. Bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var. Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq… (Qəzet 1993-cü ildə təsis edilib, Xudu müəllim isə 1988-ci ildə vəfat edib. RED.:”Təzadlar”). Mənim sözlərimi Məmməd müəllimə çatdırın, qoy fikirləşsin, sonra siz mənə çatdırarsınız.
– Vallah, bizə lazım olanda sizi bizimlə calaşdırmırlar. Ona görə də özünüz zəng edərsiniz.
Onun sözlərini olduğu kimi Məmmədə çatdırdım.
Bəxtiyar müəllim təzədən zəng edib telefonla danışdı:
– Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə danışdılarmı? Onlara dedim ki, demokratiyadır, danışırlar. Qəzetdə nə yazılıb ki, elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt oturmalıdır? Niyə? Dedim ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür. Mənə həmişə hücumlar olanda “Təzadlar” qəzeti məni müdafiə edib… İndi Fatma deyir ki, qəzetin Redaksiya Heyətindən çıxıb bəyanat verməlisiniz…
– Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökümət…
– Elədir, qəzetdə mənim və Məmmədin adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar. Fatma mənə deyir ki, sən bir Asif Mərzili ilə danış, gör nə edirsən… Hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin üstünə isə hücum çəkiblər.
– Yaxşı, Bəxtiyar müəllim, danışaram.
– Hə bala, Məmmədlə danış görək neyləyirik…”.
Bu da bir tarixdir, yaşamışıq…
Sonda: Məmməd Araza təkrar zəng edəndə, Fatma Abdullazadənin təklifini rədd edir… Və Bəxtiyar Vahabzadə isə prezident Heydər Əliyevlə danışır, vəziyyəti söyləyir, Fatma xanımın məsələni şişirtdiyini bildirir, qəzetdə xalqı üsyana deyil, torpaqların azadlığına çağırış olduğunu söyləyir… Bəxtiyar müəllim deyirdi ki, Rəhmətlik Heydər Əliyev PA-nın şöbə müdiri Fatma Abdullazadəni bu yanlış izahlarına görə o ki var danlayıb…
İndi oxucular sual verirlər ki, Fatma Abdullazadə hardadır, Ramiz Mehdiyevə yenə də diqqətlidirmi?!
Bilmirik… İstintaq bilər…
Asif MƏRZİLİ