9 Aprel 2026 / 12:33

GƏNCLƏRİ ÖZÜNÜ DƏRKƏ ÇAĞIRIŞ: İTİRİLƏN ZAMANI DAYANDIRMAQ VƏ SƏHV YOLDAN DÖNÜŞ ETMƏK!

( Həyatda öz yerini səhv salan bəzi gənclərimizə…)

 İnsan həyatının ən həssas və eyni zamanda ən məsuliyyətli mərhələlərindən biri gənclik dövrüdür. Bu dövr seçimlərin, səhvlərin, axtarışların və özünü dərk prosesinin kəsişdiyi bir mərhələdir…

Hər bir insan dünyaya gəldiyi andan etibarən ailəsinin ümidlərini, cəmiyyətin gözləntilərini və gələcək potensialını özündə daşıyır. Lakin bu potensialın necə reallaşacağı birbaşa insanın öz seçimlərindən və həyat tərzindən asılıdır.

Validiynlər övladlarını böyük ümidlərlə böyüdürlər. Onlar övladlarının uğurlu, ləyaqətli və faydalı bir insan olmasını arzulayırlar. Bu yolda bəzən həddindən artıq qayğı və diqqət göstərilir ki, bu da bəzi hallarda fərdin öz məsuliyyət hissini zəiflədir. İnsan öz dəyərini düzgün qiymətləndirmədikdə, həyatın təqdim etdiyi imkanları da doğru istifadə edə bilmir. Nəticədə, təhsil, peşə və sosial münasibətlər sahəsində ardıcıl uğursuzluqlar baş verir. Təhsil həyatında zəif nəticələr və ya peşə seçiminin düzgün aparılmaması insanın özünə inamını sarsıda bilər. Lakin bu mərhələdə əsas problem uğursuzluğun özü deyil, ona verilən reaksiyadır. Bəzi insanlar bu vəziyyətdən nəticə çıxarmaq əvəzinə, daha asan, lakin etik olmayan yollar seçirlər.

Rahat həyat, zahiri görünüş, əyləncə və məsuliyyətsiz qazanc axtarışı qısa müddətli məmnunluq versə də, uzunmüddətli perspektivdə ciddi problemlərə yol açır. Ən təhlükəli məqamlardan biri isə insanın bu rahatlığı başqalarının hesabına qurmağa çalışmasıdır. Valideynlərin zəhməti, dostların etibarı və yaxınların inamı istismar edildikdə, bu artıq yalnız şəxsi problem deyil, həm də mənəvi aşınmanın göstəricisinə çevrilir. Yalan, aldatma, borc götürüb qaytarmamaq kimi davranışlar insanın sosial kapitalını məhv edir və onu getdikcə daha dərin çıxılmaz vəziyyətə sürükləyir. Gənc, sağlam və potensiallı bir insanın bu cür həyat tərzini seçməsi əslində onun ətrafındakı insanlara qarşı sayğısızlığının, yaxınlarına bəslədiyi laqeydsizliyinin, öz imkanlarının düzgün dəyərləndirilməməsinin nəticəsidir. Halbuki belə bir insanın çox vaxt cəmiyyət üçün faydalı olması, stabil və hörmətli bir həyat qurması üçün bütün resursları mövcuddur. Yəni ki, problem resurs çatışmazlığında deyil, düzgün istiqamət seçimindədir.

 Müasir dövrdə gənclərdə tez-tez rast gəlinən bəhanələrdən biri də “uşaqlıq travmaları”, “anlaşılmamaq” və ya “şəraitin çətinliyi” kimi yersiz arqumentlərdir. Bu amillər müəyyən təsirə malik olsa da, onları davamlı olaraq əsaslandırma kimi istifadə etmək inkişafın qarşısını alır. İnsan öz məsuliyyətini üzərinə götürmədikcə, həyatında real dəyişiklik baş vermir. Çıxış yolu isə həmişə mövcuddur və heç vaxt gec deyil. İlk addım dayanmaq və mövcud vəziyyəti obyektiv qiymətləndirməkdir. Daha sonra səhvlərdən nəticə çıxarmaq, yaxınların tövsiyələrini dinləmək və kiçik, lakin davamlı addımlarla yenidən başlamaq lazımdır.

 Stabil iş, dürüst qazanc, sağlam sosial münasibətlər və şəxsi inkişaf istiqamətində atılan addımlar zamanla insanın həyatını köklü şəkildə dəyişə bilər. Əks halda, məsuliyyətsiz və qeyri-etik həyat tərzi insanı qaçılmaz mənfi nəticələrə aparır: hüquqi problemlər, həbsxana divarları, depressiya, sosial təcrid, tüfeyli həyat və ya bəlkə də özünü intihar həddinə çatdırma… Bu isə artıq yalnız fərdi deyil, həm də ailə və cəmiyyət üçün ciddi sosial- psixolji nəticələr doğurur. Əminliklə demək olar ki, hər bir insanın həyatında qəti dönüş nöqtəsi mümkündür. Bunun üçün əsas şərt özünə qarşı dürüst olmaq, məsuliyyəti qəbul etmək və dəyişmək iradəsi göstərməkdir. Həyatın səhv istiqamətini dəyişmək üçün bəzən bir qəti qərar kifayətdir. İnsanın özünü dərki, özünə qayıtması — ən çətin, amma ən doğru yoldur.

Səhv yolda olan insanların özünə qayıdışı, onların boş görkçülükdən məna dolu həyata dönməsi yaxınlarının da sevinc mənbəyidir.  İnsan bəzən həyatın ən təhlükəli tələsinə də fərqinə varmadan düşür: zahiri parıltının, asan qazancın və məsuliyyətsiz rahatlığın cazibəsi onu əsir edir. Bu cazibə ilk baxışda uğur kimi görünür, lakin əslində daxili boşluğun və istiqamətsizliyin maskası olur. Tarix və müasir dövr isə bunun əksini sübut edən nümunələrlə doludur. Məsələn, Stiv Cobs gənclik illərində universiteti yarımçıq qoysa da, bu qərarı məsuliyyətsizliklə deyil, axtarış və özünü dərklə tamamladı. Onun maraqları ilk vaxtlar zahirən faydasız görünsə də, bu seçim sonradan kompüter dünyasında inqilabi dəyişikliklərə səbəb oldu. Onun məşhur fikri bu kontekstdə xüsusilə əhəmiyyətlidir: “Nöqtələri yalnız geriyə baxanda birləşdirə bilərsiniz.” Bu, səthi həyatın deyil, düşünülmüş risklərin və daxili inkişafın nəticəsidir. Bu onun zahiri uğurdan daha üstün olan daxili möhkəmliyinin nümunəsidir.

 Boş görkçülük insanı tədricən zəiflədir. Oscar Wilde bir vaxt demişdi: “Hər şeyin qiymətini bilən, amma heç nəyin dəyərini bilməyən insanlara çevrilmək təhlükəsi var.” Bu fikir müasir dövrdə daha aktualdır. Sosial şəbəkələrdə nümayiş etdirilən “ideal həyat” görüntüləri çox zaman real zəhmətin deyil, imitasiya və manipulyasiyanın məhsuludur. Psixoloji baxımdan, bu tip həyat tərzinin əsas mexanizmi “ani mükafat sindromu”dur. İnsan beyni sürətli həzzə alışdıqca uzunmüddətli məqsədlərə fokuslanmaq qabiliyyətini itirir. Nəticədə, səbr, intizam və məsuliyyət kimi fundamental keyfiyyətlər zəifləyir. Bu isə fərdi inkişafı faktiki olaraq bloklayır. İlon Mask bu məsələyə fərqli yanaşma təqdim edir. Onun iş rejimi və riskli qərarları tez-tez tənqid olunur. Lakin o, öz prinsipinə sadiq qalır: “Əgər bir şey kifayət qədər vacibdirsə, uğursuzluq ehtimalı olsa belə, onu etməlisən.” Bu yanaşma rahatlıq zonasında qalmaqdan imtinanı tələb edir. Bu aspektdə

nəsihət və tövsiyə səviyyəsində isə bir neçə prinsip xüsusi olaraq vurğulanmalıdır:

  • Zahiri deyil, funksional cəhətdən düşün. Görünmək yox, olmaq prioritet olmalıdır. Özünə sual ver: “Bu etdiyim məni inkişaf etdirirmi, yoxsa sadəcə başqalarına göstərmək üçündür?”
  • Kiçik intizamlar qur, hərəkətlər et. Hər gün təkrar olunan sadə vərdişlər (oxumaq, işləmək, planlama) uzunmüddətli nəticələrin əsasını təşkil edir.
  • Sosial müqayisədən uzaqlaş. Başqalarının həyatının görüntüsüylə öz həyatının reallığını müqayisə etmə.
  • Məsuliyyəti qəbul et. Həyatınızın məsuliyyətini üzərinizə götürün. Bu, dəyişimin başlanğıc nöqtəsidir.

Psixoloji jestlər isə bu dəyişimi praktik müstəviyə keçirir:

  • “Dayan və bax” texnikası: Gündəlik davranışlarını müşahidə et, avtomatik reaksiyaları şüurlu qərarlarla əvəz et.
  • “Gecikdirilmiş həzz” məşqi: İstədiyin bir şeyi dərhal etmək əvəzinə, onu müəyyən müddət təxirə sal. Bu, iradəni gücləndirir.
  • “Daxili dialoq” düzəlişi: Özünlə danışarkən istifadə etdiyin dili dəyiş — bəhanə yox, məsuliyyət yönümlü ifadələr seç.

 Tarixdə bir çox böyük şəxslər dəfələrlə uğursuzluq yaşasalar da, hər dəfə yenidən ayağa qalxaraq özlərini formalaşdırıblar. Onların həyatı göstərir ki, davamlılıq zahiri istedaddan daha güclü faktordur.

Beləliklə, nəticə çıxarmaq lazımdır ki, boş görkçülük sürətli, lakin dayanıqsız və mənasız bir yoldur. Məna dolu həyat isə daha çətin, lakin davamlı və dəyərlidir. Seçim isə heç vaxt gec deyildir və hər zaman edilə bilər. Yetər ki, özünüzə qayıdın, özünüzü kəşf edin, özünüzü real olaraq dəyərləndirin!

Əlövsət Qaraca Əliyev

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!