1 Oktyabr 2025 / 09:04

Gürcüstan üçün həyəcanlı xəbər: ölkə getdikcə qocalır

Gürcüstanda demoqrafik qocalma və əhali azalması prosesi davam edir. Tezadlar.az xəbər verir ki, bu barədə demoqraf Giorgi Meladze ölkənin demoqrafik vəziyyəti ilə bağlı “BusinessPressNews” portalına açıqlama verib. Milli Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə ölkədə 39 483 uşaq dünyaya gəlib. Bu göstərici son 30 ilin ən aşağı doğum səviyyəsi hesab olunur. Ən yüksək göstərici 2014-cü ildə, 60 635 uşaq qeydə alınmışdı. Meladzenin sözlərinə görə, ölkədə doğum səviyyəsi ölüm səviyyəsindən aşağı düşüb. 2024-cü ildə Gürcüstanda 43 971 nəfər vəfat edib. Bu göstəricilər əhalinin azalmasını – depopulyasiya prosesini göstərir. Demoqraf vurğulayıb ki, doğum səviyyəsinin azalmasının əsas səbəblərindən biri fertil yaşda olan qadınların sayının azalmasıdır. 1995-ci ildə bu yaş qrupuna daxil olan qadınların sayı 1 milyon 223 min idisə, 2025-ci ilin əvvəlinə bu rəqəm 400 mindən çox azalıb. 2025-ci ilin ilk altı ayının statistikasına görə, ötən ilin eyni dövrü ilə müqayisədə 1 159 uşaq daha az doğulub. Meladze bildirir ki, yaxın gələcəkdə doğumun artacağı gözlənilmir. Ölüm hallarının sayı da artmaqda davam edir. Demoqrafik qocalma prosesi fonunda ölüm səviyyəsinin azalma ehtimalı da azdır. Meladze qeyd edir ki, nəsil yenilənməsi səviyyəsi artıq uzun müddətdir ki, təmin olunmur və bu vəziyyət davam edərsə, gələcəkdə hər nəsil yalnız 80% nisbətində bərpa olunacaq. Son illərdə miqrasiya saldosu mənfi olsa da, 2024-cü ildə müsbət saldo qeydə alınıb. Lakin ekspertin sözlərinə görə, bu müsbət dəyişiklik uzunmüddətli təsir göstərmir. Çünki ölkəni tərk edənlərin 53,2%-i Gürcüstan vətəndaşlarıdır. Ölkəyə gələnlərin yarısı isə xarici vətəndaşlardır. Meladze hökumətə çağırış edərək bildirib ki, demoqrafik böhranın həlli üçün dövlət səviyyəsində alimlərdən ibarət daimi işçi qrup yaradılmalıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!