7 Oktyabr 2025 / 10:33

Gürcüstanda davamlı keçirilən mitinqlərin bir qismi məhdudlaşdırılacaq və…

Gürcüstanda davamlı olaraq keçirilən mitinqlərin bir qismi məhdudlaşdırıla bilər. Tezadlar.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze mediaya açıqlama verib. Onun sözlərinə görə, əgər aksiya iştirakçılarının sayı kifayət qədər deyilsə, onların küçəni bağlamaq hüququ yoxdur və bu zaman digər vətəndaşların hərəkət azadlığına hörmət olunmalıdır: “Bu, insan hüquqları standartlarına əsaslanan elementar hörmət məsələsidir. 100 nəfərlik qrupun milyonlarla insana zor tətbiq etməsinə imkan verilməyəcək. Bizim metodik yanaşmamızla bu insanlar bir il ərzində dörd milyon vətəndaşa qarşı həyata keçirdikləri zorakılığa görə cavab verəcəklər”, – deyə Kobaxidze qeyd edib. Baş nazir, həmçinin bəzi aksiyalarda iştirak edən şəxslərlə bağlı ittihamlar da səsləndirib. Onun sözlərinə görə, aksiyalardan birinin iştirakçısı İaşvili klinikasında uşaqlar üçün nəzərdə tutulan ağrıkəsici morfi oğurlayıb: “Bu adamı İaşvili klinikasından məhz bu səbəbdən qovublar. İndi isə çıxıb bizə Avropanı öyrətməyə çalışır. Belə şəxslər qanun çərçivəsində, lakin sərt şəkildə cəzalandırılacaqlar”, – deyə Kobaxidze əlavə edib. Baş nazir onu da bildirib ki, Gürcüstanın milli maraqlarına, dövlətçiliyinə və iqtisadiyyatına qarşı çıxan “xarici agentlərə” də müvafiq cavab veriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!