Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Aprel 2026 / 17:47

Gürcüstanda yeni tətbiq olunan viza bu şəxslərə şamil ediləcək

Gürcüstanda yeni C5 kateqoriyalı adi vizanın tətbiqi planlaşdırılır. Bununla bağlı “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişikliklər edilir. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, qanun layihəsi artıq parlamentdə sürətləndirilmiş qaydada müzakirəyə çıxarılıb. Layihəyə əsasən, sözügedən kateqoriya üzrə çoxgirişli qısamüddətli viza 5 il müddətinə veriləcək və sahibinə Gürcüstanda 1 il qalmaq hüququ tanıyacaq. Məlumata görə, C5 kateqoriyalı viza ölkəyə qısamüddətli məqsədlərlə, xüsusilə turistik məqsədlə daxil olan şəxslərə veriləcək. Bu şəxslər yalnız qeyri-rezident şəxsin maraqları naminə, Gürcüstan hüdudlarından kənarda həyata keçirilən fəaliyyətlə bağlı iş görə biləcəklər. Viza həmçinin müraciət edən şəxsin həyat yoldaşı və azyaşlı övladlarına da şamil olunacaq. Gürcüstan vizası üçün müraciətin işlənməsi üçün rüsum ən azı 20 ABŞ dolları və ən çoxu 500 ABŞ dolları məbləğində müəyyən edilib. Qanun layihəsi hakim “Gürcü Arzusu” partiyasının deputatları tərəfindən hazırlanaraq parlamentə təqdim edilib.

Layihənin müəllifləri bildirirlər ki, yeni viza kateqoriyasının tətbiqi nisbətən təhlükəsiz ölkələrdən yüksək ödəmə qabiliyyətinə malik turist və ziyarətçilərin cəlb olunması məqsədi daşıyır. Qeyd edilir ki, yeni mexanizm sayəsində həmin şəxslər uzun müddət ərzində Gürcüstana dəfələrlə səfər edə biləcəklər və bunun müqabilində yüksək viza rüsumu ödəyəcəklər. İzahat sənədində vurğulanır ki, imkanlı turistlərin ölkəyə gəlişi turizm gəlirlərinin artmasına, xidmət sektorunun güclənməsinə və xarici valyuta axınının sabitləşməsinə müsbət təsir göstərəcək. Bundan əlavə, belə ziyarətçilərin biznes qurmağa maraq göstərməsinin investisiyaların artımına səbəb ola biləcəyi qeyd olunur.

Layihədə həmçinin bildirilir ki, C5 vizası üzrə daxilolmalar dövlət büdcəsinin gəlirlərinin artmasına, iqtisadiyyatın şaxələndirilməsinə və turizm sektorunda mövsümdənkənar dövrlərdə də aktivliyin qorunmasına töhfə verəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!