Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Komissiyası Gürcüstan hökumətinin Avropa İttifaqının (Aİ) demokratik dəyərlərə qayıdışla bağlı tövsiyələrinə cavabını qiymətləndirir. Tezadkar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi “Evropeyskaya Pravda” nəşrinə açıqlamasında bildirib. Bildirilib ki, əgər Gürcüstan bu tövsiyələri yerinə yetirməsə, Aİ vizasız rejimin dayandırılması mexanizmini işə sala bilər. Qeyd olunub ki, Gürcüstan hakimiyyəti avqustun 31-də Komissiyanın 14 iyul tarixində Brüsseldəki Gürcüstan səfirinə göndərdiyi məktuba cavab verib. Hazırda həmin cavab Avropa Komissiyası tərəfindən qiymətləndirilir. “Komissiya Gürcüstanın atdığı addımları və onların Aİ-nin tövsiyələrinə uyğunluğunu vizasız rejimin dayandırılması ilə bağlı növbəti hesabat çərçivəsində dəyərləndirəcək,” – deyə Aİ rəsmisi qeyd edib.
Onun sözlərinə görə, Brüssel Gürcüstan hökumətindən konkret və effektiv tədbirlər gözləyir: “Əgər Gürcüstan tərəfindən tövsiyələrin yerinə yetirilməsi uzanarsa və qiymətləndirmə nəticəsində uyğunsuzluq aşkar edilərsə, Avropa Komissiyası vizasız rejimin dayandırılması qərarını verə bilər.” Komissiya nümayəndəsi əlavə edib ki, Gürcüstan hökumətinin son addımları – xüsusilə də müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarının dondurulması – ölkədə demokratik proseslərə qarşı atılmış növbəti addım kimi qiymətləndirilir: “Bu, fundamental insan hüquqlarına qarşı hücumdur və məhkəmə sisteminin siyasi təzyiq aləti kimi istifadəsidir. Aİ Gürcüstan hakimiyyətini bu qərarı dərhal ləğv etməyə çağırır,” – deyə Komissiya nümayəndəsi vurğulayıb. Hazırda Aİ Gürcüstanın cavab məktubunu və hökumətin fəaliyyətini yaxından izləyir. Növbəti mərhələdə vizasız rejimin davam edib-etməyəcəyi bu qiymətləndirmənin nəticəsindən asılı olacaq.