Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün”.
Tezadlar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
“Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil. Artıq hamı yaxşı bilir ki, bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı idi ki, bu itkilər olmasın və müharibənin 10 noyabrda dayandırılması da bununla bağlı idi. Müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirdilər ki, heç kim imkan verməz. Bəziləri deyirdilər ki, bu qədər iş görmüsünüz də, bəsdir. Bəziləri deyirdilər ki, Sizin adınız tarixə yazılıb da, heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni pis niyyətlə yox. Sadəcə olaraq, bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub etmişik, orada 2000 rus zabiti, əsgəri yerləşib, qalsın sonraya, bəziləri qalsın sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”, – deyə Prezident İlham Əliyev bildirib.