Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ayşəgül Kösa Sərt (Türkiyə)
Bayramdır
Hilalın sükutu ilə Odun “hərəkəti” arası – Ramazan və Novruzun birləşdiyi məqam
Təqvimdə 2026-cı ilin mart ayı adi bir zaman deyil, həm də iki ayrı ruhu, iki ayrı bayramı özündə birləşdirən aydır. Göy qübbəsi altında insanın daxili aləmi ilə təbiətin qəlbi eyni anda döyünür. Bir yandan səbrin, mənəvi təmizlənmənin, Tanrıya qul olma şüurunun və paylaşmanın zirvəsi olan müqəddəs Ramazan bayramını – müsəlmanların bayram deyə ifadə etdikləri bu günü – cümə günü qeyd edirik. Digər tərəfdən, təbiətin oyanmasının, torpağın canlanmasının bayramını yaşayırıq. Türk ənənəsinin qədim xatirəsini əsrlər boyu yaşadan Novruzu qeyd edirik.
Ramazan bayramı – insanın öz daxili qaranlığından işığa doğru yol almasıdır. Aclıq və susuzluq intizamı ilə mərhəməti öyrənən qəlblər bayramla bir-birinə daha yaxın, daha yumşaq və daha səmimi olurlar. Bir tikənin qiymətini bilənlər, yeməklərini bölə bilənlər, bir təbəssümün belə, sədəqə olduğunu anlamaq düşüncəsi və insan olmağın dərindən dərk edilməsidir Ramazan.
Novruz isə əsrlər boyu yayılmış qədim ənənəmizin sevinci, keçmişdən bu günə qədər zamanın ən qədim nəğməsidir. Torpağın bağrından yüksələn bir dirilmə, dağları dəlib keçən azadlığın əks-sədasıdır. Əfsanələrlə yoğrulmuş bu böyük yürüşdə dəmirin odla sınağı var; bir millətin külündən yenidən doğuluşu var. Türkün yenilməz gücü var. Körüklərlə alışan bir od dağı əridər, ümidsizliyi, əsarəti və qaranlığı da parçalayar.
“Körüklə od yandıraraq,
Mis kimi dağı yıxaraq,
Ergənəkondan çıxaraq,
Novruz Türkün bayramıdır”.
Novruz – yazın gəlişi, insanın özünə qayıdışıdır, hər şeyin yenidən doğulmasıdır. Təbiət qışdan sonra necə yenidən doğulursa, insan da eynən o cür öz içindən yenidən cücərir, ümidini və yaşamaq sevincini artırır. Hər yaşıllaşan budaq, hər açan çiçək “yenidən mümkündür” inamını pıçıldayır qəlblərimizə. Xüsusilə də bu son günlərdə, yaxın ərazilərdə yaşanan fəlakətlər, məzlumların fəryadları nə qədər yandırıcı bir kədər olsa da, Novruz bu mənada bir ümid, bir işıqdır. Elə buna görə də bu bayram adi bir zaman deyil. Bir yanda Ramazan ilə ruhun təmizlənməsi, digər tərəfdə təbiətin hər cür müharibələrdən sonra yenidən doğulması var. Bir yanda mərhəmət, digər tərəfdə oyanma… Bu ikisi bir araya gəldikdə, insan həm qəlbiylə, həm tarixiylə və həm də təbiətin o sarsılmaz müqaviməti ilə birləşir. Bu münasibətlə bütün Azərbaycan xalqının, əziz qardaşlarımızın və bütün türk dünyasının Novruz və Ramazan bayramlarını ürəkdən təbrik edirəm. Bu bayram – süfrələrin bərəkətində, odlarımızın qığılcımlarında, torpağın qoxusunda və ürəklərimizdəki ümidin, mübarizənin, paylaşmanın, qardaşlıq şüurunun yüksəlişini hiss edərək daha da güclü olmalıyıq.
Eyni zamanda dünyanın qanlı müharibələri ucbatından yaxın və uzaq coğrafiyalarda acı çəkən məzlumlara da sülh, əmin-amanlıq və qardaşlıq duyğularımı çatdırıram.
Tərcümə və təqdim edən: Zeynəb Əliqızı
