Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Həyat – bir sualmı? Həyat nədir sizcə?
Hər kəsin özünə görə bir həyat anlamı olur. Məncə, bu məna – həyatın ən gözəl dərki – Aşıq Veysəlin misralarındadır: “İki qapılı karvansara”.
Həyat – insanın bəzən öz içinə doğru, bəzən də zahirdə yeridiyi yoldur. Sübhün ala-toranında göz qapaqlarından qəlbinə dolan ümid, gecənin zülmətində içinə çökən sükutdur. Bir yandan varlığın sevinci, digər tərəfdən – faniliyin kölgəsi… Eyni zamanda həm çiçək açan bir badam budağı, həm də saralmış yarpaqlarını tökən bir salxım söyüd…
Həyat – bir mətndir əslində, oxuya bilənə. “Taleyin axarına buraxıldım!” – demək əvəzinə, öz bəxtini yaza bilirsənsə, səndən yaxşısı yoxdur. Unutma ki, duayla, xoş dilək və niyyətlə, müsbət davranışlarla yazılır tale kitabının sətirləri. Hətta taleyin qələmindən “çıxmayan”, onun unudub yazmadığı bəzi cümlələri belə, sən özün dəyişə və seçib səhifənə yerləşdirə bilərsən.
Əfsus! Bəzən bir qatar stansiyasıdır həyat – vidaların əks-səda verdiyi, qovuşmaların sevinc göz yaşlarından islandığı yerdir. Bəzən bir dərzi evidir – səbirlə ilmə-ilmə toxunan xəyalların məkanı. Bəzən bir kürsüdür – öz səsini eşitdiyin və səsin olduğun kürsü. Bəzən isə dərin bir güzgüdür – özünlə üz-üzə gəlməkdən qaça bilmədiyin və buna görə qorxduğun güzgüdür.
Həyat insana bəxş edilən nemətdir; şükürlə getsən izzət, küfrlə yerisən – zillətdir. Həyat iki hecalı mübarizədir – gecəli, gündüzlü. Həyat – həlli tapılacaq bir tapmacadır. Həm də böyük bir müəmma. Cavabı hazır deyildir amma… Hər kəs özünə uyğun bir cavab tapır – kimisi yıxıla-dura, kimisi qaça-qaça, bəzən hədsiz sevərək, bəzən əl çəkərək xəyallar qurur. İnsanın bir yandan, uşaqcasına maraqla, bir yandan da yetkinliklə qəbul etdiyi bir səhnə oyunudur həyat.
Həyat – özünü axtarmaq cəsarəti, özünü tapmaq uğrunda mübarizəndir. Və tapdığın “özün”lə olduğun “özün” arasında mənliyini daim yenidən qurmaq sənətidir həyat. Həyat, bəlkə də, ən sadə halıyla – ötüb-getməzdən əvvəl içindən keçənləri mənalandırmaq səyidir.
İnsanın bu məna axtarışında duyğuların bir-birini əvəz etməsi doğru haldır. Dünya deyilən yer bir imtahan meydanı deyilmi? Elə olan halda, bu uzun yolçuluqda hər halın, hər duyğunun bir qarşılığı var. Bu tamaşanın içində yoxluq da var, varlıq da. Toxluq da düşür payımıza, aclıq da, qazanmaq da yazılır tale səhifəmizə, itirmək də. Qəzəb qapımızı döyür, sevinc xoş qarşılanır, kədər isə çox zaman lap yaxın qonaq kimi qəlb evimizin baş guşəsində – ən dəyərli yerində “oturur”. İnsan necə yaşayırsa yaşasın, hansı iqlimdən keçirsə keçsin, hansı fırtına ilə üzləşib, hansı limana çıxırsa çıxsın, gördüm ki, düşdüyümüz halların ən uyğunu susmaqmış. Çünki susmaq – içindəki fırtınanı yatırmaq, sözlərə çevrilməzdən əvvəl qəlbi tərbiyə edə bilməkdir.
Bu həyat yolunda uğur qazandığın zaman susursansa, bu, təvazö və güvən deməkdir. Uduzanda sussan, nə gözəlsən! Çünki bu təvəkküldür, qəbul etməkdir. Qəzəbliykən susmaq iç dünyana hökm etməyindir və bu – gücün, iradəndir. Çox böyük bir sevinc içində coşmur, yenə susursansa, bu özünüdərkindir. Sənə pislik edildiyi zaman susmağın – çox çətin olsa da – müdrikliyindir. Qıcıqlandırıldığın zaman susmağın qələbə, sənə istehza edilib lağa qoyulanda isə düşünülənin əksinə – ucalığındır. Ehtiyac içindəsənsə və bunu dilə gətirmirsənsə, bu – özünə hörmətin, izzəti-nəfsini qorumağındır. Kədərli olanda susmağın səbrin, insanlar sənə nəsihət verəndə, ağıl öyrədəndə isə zərifliyin, nəzakətindir.
Danışmağın sənə susmağından daha çox xeyir və gözəllik gətirməyəcəksə, danışma! Çünki qazanc – əvvəl-axır hadisələri axarına buraxıb susanın olacaqdır. Mövlana deyir: “Sıxıntıdan qurtuluşa gedən yol o sıxıntının öz içindədir”.
İnsanın bütün peşmanlıqları dediyi sözlərdən gəlir. Demədiyi sözlər nə özünü yorur, nə başqasını. Çünki insan (bunu dərk edərsə) demədiyi sözlərin ağası, dediklərinin isə köləsi olur. Söz elə bir silahdır ki, iradən olsa, susmağa gücün çatar. Amma bir dəfə ağzından çıxdısa, onu geri qaytarmağa, “vurub dağıtdığını” bərpa etməyə gücün çatmayacaq. Beləliklə, sətirlərimi Yunus Əmrənin büllur kimi saf sözləri ilə bitirirəm.
Kişi bilə söz dəmini,
Deməyə sözün kəmini.
Bu cahan cəhənnəmini
Səkkiz cənnət edər bir söz.
Ayşəgül Kösa Sərt (Türkiyə)
Tərcümə və təqdim edəni: Zeynəb Əliqızı
